Revanşistlər mübarizələrini davam etdirmək üçün haranı seçəcəklər - parlamenti, yoxsa küçəni?
Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərinin yekun nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 1 milyon 476 min 769 nəfər iştirak edib. Bu isə 58,9 faiz seçici fəallığı deməkdir.
Nəticələrə əsasən, hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,7 faizini toplayaraq birinci olub. Bununla "Vətəndaş Müqaviləsi" Ermənistanın yeni hökumətini təkbaşına formalaşdırmaq imkanı əldə edib. Samvel Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" bloku seçicilərin 23,2 faizinin dəstəyini qazanıb. Sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku isə 9,9 faiz səs toplayıb.
Yekun nəticə Nikol Paşinyanın daxili siyasətdəki mövqeyinin möhkəm olduğunu göstərir. Səslərin demək olar ki, yarısını toplamaq hakim komanda üçün böyük üstünlükdür. Bu mənzərə Paşinyana koalisiya tərəfdaşı axtarmadan, daxili islahatları və xarici siyasət qərarlarını təkbaşına qəbul etmək mandatı verir.
Seçki nəticələrinin yaratdığı şok dərhal özünü büruzə verməyə başlayıb. Bir neçə gün əvvəl "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Sarukyan Ermənistandan qaçmağa cəhd edib. Lakin hüquq-mühafizə orqanları onun ölkəni tərk etməsinə mane olub. Baş Prokurorluğun məlumatına görə, artıq Sarukyanın barəsində cinayət işi başlanılıb və ölkədən çıxmasına rəsmi qadağa qoyulub. Qeyd edək ki, Sarukyanın partiyası parlament seçkisində tamamilə uğursuzluğa düçar olaraq mandat qazana bilməyib.
Sarukyanın ardınca Ermənistanın sabiq prezidenti Robert Koçaryan da ölkəni tərk etmək istəyib. Hüquq-mühafizə orqanları ona da qaçmaq şansı verməyib.
Qaçış cəhdləri seçkilərin nəticələrindən sonra müxalifət düşərgəsində panikin olduğunu göstərir. Xüsusən oliqarx-siyasətçi Sarukyanın seçkidə uduzması onun toxunulmazlığını və siyasi qalxanını itirməsi anlamına gəlir. Hüquq-mühafizə orqanlarının sərt addımları isə Paşinyanın dövlət aparatına və güc strukturlarına tam nəzarət etdiyini nümayiş etdirir. Faktiki olaraq, hakimiyyət bu həbs və maneələrlə müxalifətə "sizi ölkədən buraxmayacaq və hər birinizi törətdiyiniz əməllərə görə hesaba çəkəcəyik" mesajını verir.
Baş nazir Nikol Paşinyan qaçmaq üçün fürsət axtaran revanşist liderlərə heç bir halda güzəşt edilməyəcəyini kəskin şəkildə bəyan edib. Bildirib ki, erməni xalqı açıq şəkildə "üçbaşlı mafiya"nın diz çökdürülməsini və məhv edilməsini tələb edir və bu proses qaçılmaz olaraq baş verməlidir: "Yeri gəlmişkən, kaluqalının əsas kuklası olan Serj Sarkisyanı unutmamışıq və unutmayacağıq. Ona görə də panikaya düşüb çantalarınızı yığmağa tələsməyin. Hətta seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq".
Paşinyanın aqressiv ritorikası seçki qələbəsindən sonra özünəinamın artması ilə bağlıdır. Baş nazir rəqiblərini legitim siyasi müxalifət kimi yox, birbaşa "mafiya" və "xalq düşməni" kimi qələmə verməklə ölkədə başlayacaq daxili təmizləmə hərəkatına hüquqi və mənəvi zəmin hazırlayır. Baş nazir revanşistlərin kökünü kəsmək istəyini artıq gizlətmir və cəmiyyətin keçmiş korrupsioner elitalara olan köhnə nifrətindən böyük ustalıqla yararlanır.
Bunların fonunda keçərli mandat sayını toplayan müxalifət küçələri boş qoymaq niyyətində deyil. Samvel Karapetyan Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə deputat mandatlarını qəbul edərək parlamentə daxil olacaqlarını bildirib. O iddia edib ki, seçkilər tamamilə uğursuz oldu, saxtalaşdırıldı, terror və həbslər şəraitində keçirildi: "Əgər hesab etsək ki, Nikol Paşinyanı parlament vasitəsilə daha tez hakimiyyətdən uzaqlaşdıra bilərik, o zaman parlamentə gedəcəyik. Əgər hesab etsək ki, bunu küçə mübarizəsi yolu ilə edə bilərik, onda küçə mübarizəsi yolu ilə edəcəyik".
Karapetyanın açıqlaması müxalifətin məğlubiyyəti heç bir vəchlə qəbul etmədiyini və Paşinyan hökumətini bundan sonra da legitim saymayacağını göstərir. Müxalifət daxili həbslərdən qorunmaq, toxunulmazlıq statusu almaq və dövlət tribunasından istifadə etmək üçün parlamentə daxil olmağı strateji hədəf seçib. Paralel olaraq, "küçə mübarizəsi" variantının da gündəmdə saxlanılması Ermənistanda yaxın gələcəkdə siyasi sabitliyin bərqərar olmayacağının siqnalıdır. Görünən odur ki, müxalifət parlamentdən küçədəki gərginliyi alovlandırmaq üçün istifadə etmək niyyətindədir.
Sabiq prezident Robert Koçaryan da küçə mübarizəsinin daha effektli olacağını düşünür: "Müxalifət səsləri kəskin şəkildə artıb. Əslində, hətta ləğv edilmiş səsləri də nəzərə alsaq, onların böyük hissəsi müxalifət səsləridir. Bu rəqəm 600 mindən çoxdur. Əgər onların 10 faizi küçələrə çıxsa, bu hakimiyyətin taleyini bir il ərzində həll etmək üçün kifayət edər".
Ermənistanda yaşananlar birmənalı şəkildə sübut edir ki, parlament seçkiləri ölkədəki böhranı bitirməyib, sadəcə, fərqli mərhələyə daşıyıb. Hakimiyyət və müxalifətin qarşılıqlı aqressiyası fonunda yaxın dövrdə Ermənistanda siyasi həbslərin yeni dalğasının başlaması və daxili qarşıdurmaların kəskinləşməsi də ehtimal olunur.
İsmayıl QOCAYEV,
"Azərbaycan"