Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. Aprelin 13-dən seçkilərə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Bu ayın 23-dək marafona qatılacaq partiya və bloklar sənədlərini Ermənistanın Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. İyunun 7-də keçiriləcək seçkilərdə iştirak edəcəyini rəsmən açıqlayan tərəflər arasında Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Mülki Müqavilə" partiyası, sabiq prezident Robert Koçaryanın "Ermənistan", oliqarx Samvel Karapetyanın "Güclü Ermənistan" bloku yer alır.
Keçmiş ombudsman Arman Tatoyanın "Birlik qanadları" təşəbbüsü və ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi də mübarizəyə qoşulacağını bəyan edib. Milli Konqresin namizədi kimi Levon Zurabyan irəli sürülüb. Başqa bir müxalif partiya İrəvanın keçmiş merı Hayk Marutyanı namizəd kimi dəstəklədiyini bildirib. Tanınmış iş adamı Qaqik Tsarukyanın da seçkilərə qatılacağı gözlənilir.
R.Koçaryanın "Hayastan" bloku seçki siyahısı üzrə ilk 30 namizədini açıqlayıb. S.Karapetyanın "Güclü Ermənistan" alyansı da ilk 36 namizədin adlarını təqdim edib. Partiya baş nazirliyə namizəd kimi S.Karapetyanı nəzərdən keçirsə də, onun ikili vətəndaşlığının olması qanuni əngəl yaradır. Ona görə də qardaşı oğlu Narek Karapetyanın namizəd olacağı ehtimal edilir.
Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Robert Koçaryan, Serj Sarkisyan, Qaqik Sarukyan, Samvel Karapetyan və keçmiş hakimiyyətlərə bağlı digər qüvvələrin səhifəsi birdəfəlik bağlanmalıdır. Simonyan bir sıra blokların seçki siyahılarını açıqlamasını belə şərh edib: "Üç müxalifət siyahısı dərc edilib - "Roboserj" siyahısı. Sadəcə, öz işçilərini qarışıq şəkildə, kim kimi xatırlayıbsa, yazıblar. Qısa desək, eyni insanlar müxtəlif "qablaşdırma"dadırlar. Rədd edilmiş keçmişin "qəhrəmanlarının" səhifəsi birdəfəlik bağlanmalıdır. Ermənistan sülhsevər, müstəqil və suveren qalacaq".
Ermənistanın Baş naziri Nikol Paşinyan seçki taktikasını sülh siyasətinə calaşdırıb. Taşir şəhərində sakinlərlə görüşü zamanı Baş nazir deyib ki, dayanıqlı sülh və müharibəsiz həyat parlament seçkilərində öz iradəsini göstərməli olan erməni xalqından asılıdır. Baş nazir bildirib ki, hakim "Vətəndaş Müqaviləsi" partiyası seçkilərdə "Tanrım, sülhün müdafiəsinə qalx" şüarı ilə iştirak edir: "Xalq bu seçkilərdə öz sülhsevər iradəsini göstərməlidir".
Hökumət başçısı çıxışlarında revanşist qüvvələrin hakimiyyətə gəlməsinin münaqişə və müharibə demək olduğunu söyləyir. Baş nazir təbliğatını xalqın həssas nöqtəsi sayılan təhlükəsizlik hissləri üzərindən həyata keçirir. Seçki prosesini hökumət dəyişikliyi yox, ölüm-qalım savaşı kimi təqdim edir. "Tanrım, sülhün müdafiəsinə qalx" şüarındakı dini çalar da maraqlı manevrdir. N.Paşinyan kilsənin ona qarşı müxalif mövqedə olduğu bir vaxtda dindar kütlənin etibarını qazanmağa çalışır.
Seçkilər yaxınlaşdıqca N.Paşinyanla "Güclü Ermənistan" blokunun lideri S.Karapetyan arasında qiyabi polemika sərtləşir. Belə ki, aprelin 11-də "Güclü Ermənistan" partiyasının mitinqi keçirilib. Hazırda ev dustaqlığında olan partiya lideri S.Karapetyan videomüraciətlə çıxışında açıq şəkildə bildirib ki, Ermənistan Moskva ilə pozulmuş münasibətləri bərpa edəcək və Rusiya istiqamətində daha aktiv siyasət yürüdəcək. Karapetyan həmçinin ordunun gücləndirilməsini əsas prioritetlərdən biri kimi təqdim edib. Çıxışda diqqətçəkən məqamlardan biri simvolik və ideoloji vurğular olub. S.Karapetyan Ermənistan üçün "Ağrı dağı"nı xüsusi önəmli dəyər kimi təqdim edib. Məlumdur ki, bu yanaşma regionda uzun illərdir davam edən ərazi iddiaları kontekstində qiymətləndirilir. O, eyni zamanda erməni kilsəsinin rolunu ön plana çəkərək, bu qurumu "erməni kimliyinin və dövlətçiliyinin əsas dayaqlarından biri" kimi dəyərləndirib.
Ermənistanın daxili siyasi mənzərəsinə nəzər saldıqda qütbləşmənin dərinləşdiyi aydın görünür. Bir tərəfdə hazırkı hakimiyyət, digər tərəfdə isə köhnə hərbi xunta və oliqarxlar dayanır. Fərqli simaların prosesə qoşulması göstərir ki, bəzi dairələrin məqsədi seçkinin "Paşinyan-Koçaryan" duelinə çevrilməməsi, alternativ axtarışında olan elektorat üçün müxtəlif seçimlərin yaradılmasıdır. Lakin əsas mübarizənin yenə də köhnə və yeni sistem arasında gedəcəyi qaçılmazdır.
N.Paşinyan parlament seçkilərini "referendum"a çevirməyə çalışır. Bildirir ki, xalqın qarşısında iki yol var, ya sülhü, ya da müharibəni seçməlidir. Hakimiyyət xalqın keçmişə olan nifrətindən seçki təbliğatı kimi istifadə edir.
Paşinyanın sülh kartına qarşı müxalifət revanşizm, şovinizm və hərbi güclənmə vədləri ilə xalqa xitab edir. S.Karapetyanın Moskva ilə münasibətləri bərpa etmək vədi bu siyasi qüvvənin Kremlin maraqlarını təmsil etdiyini açıq büruzə verir. Onun "Ağrı dağı" və kilsə vurğusu sırf revanşist düşüncəyə meyilli elektoratı cəlb etmək üçün istifadə olunan klassik kartlardır. Erməni kilsəsinin dövlət işlərinə və siyasətə bu dərəcədə alət edilməsi ölkədə dünyəvi siyasətin zəifləməsindən və kütlələri dini-ideoloji hisslərlə idarə etmək cəhdindən xəbər verir. S.Karapetyanın çıxışı Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxan qüvvələrin manifesti də hesab oluna bilər.
Beləliklə, iyunun 7-də baş tutacaq səsvermə Ermənistanın hansı yolu izləyəcəyini və gələcək taleyini müəyyən edəcək. Erməni cəmiyyətinin verəcəyi qərar bölgədə formalaşan yeni reallıqlara ya uyğunlaşma, ya da yeni gərginlik ocaqlarına qapı açmaq mənasına gələcək. Lakin indidən görünən odur ki, siyasi marafonda kimin qalib gəlməsindən asılı olmayaraq, ölkədəki dərin qütbləşmə seçkidən sonra da daxili sabitlik üçün ciddi sınaq olaraq qalacaq.
İsmayıl QOCAYEV,
"Azərbaycan"