Müxalifətin vahid strategiyasının olmaması hakim partiyanın seçkilərdə qələbə şansını artırır
Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi vəziyyət getdikcə daha mürəkkəb və ziddiyyətli xarakter alır. Formal olaraq müxalif qüvvələr hakimiyyət başında olan baş nazir Nikol Paşinyanın ünvanına yönəlmiş tənqidlərdə ortaq mövqe nümayiş etdirirlər. Lakin bu zahiri birlik arxasında parçalanma da müşahidə olunur.
Müxalif düşərgə daxilində vahid strategiya olmadığını deyən Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Samvel Karapetyan ilə Robert Koçaryan kimi əsas fiqurlar arasında rəqabət bu parçalanmanı daha da dərinləşdirir. Müxalifət etiraz ritorikasını ölkənin inkişafına dair aydın və sistemli alternativ proqrama çevirə bilmir. "Bu isə o deməkdir ki, seçicilərə müxtəlif strategiyalar arasında seçim deyil, daha çox bir-biri ilə rəqabət aparan, lakin ümumi məqsəddən məhrum tənqidi yanaşmalar təqdim olunur. Siyasi sistemin böyük ölçüdə fərdiləşdiyi şəraitdə vahid liderin və qərarvermə mərkəzinin olmaması müxalifətin seçki şanslarını obyektiv şəkildə azaldır. Vəziyyəti ağırlaşdıran digər amil ideoloji qeyri-müəyyənlikdir. Ermənistan cəmiyyəti dəyişmiş regional reallıqlar fonunda yeni inkişaf modelinin axtarışındadır. Lakin müxalif qüvvələrin əhəmiyyətli hissəsi hələ də keçmişə yönəlmiş ritorikaya söykənir ki, bu da onların praktik və real həllər təklif etmək imkanlarını məhdudlaşdırır. Nəticədə cəmiyyətin sabitlik və proqnozlaşdırıla bilənlik tələbi ilə müxalifətin təqdim etdiyi siyasi məzmun arasında uyğunsuzluq yaranır", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Ermənistanın daxili siyasi dinamikası birbaşa xarici amillərlə, ilk növbədə Azərbaycan ilə münasibətlərlə bağlıdır. Regionda formalaşmış yeni reallıqlar fonunda sülh gündəliyi, sərhədlərin hüquqi əsasda müəyyənləşdirilməsi və nəqliyyat əlaqələrinin açılması uzunmüddətli sabitliyin əsas elementlərinə çevrilib. Bakının yanaşması, Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə irəli sürülən mövqe, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və ərazi iddialarından imtina prinsiplərinə əsaslanır.
Sevinc Fətəliyevanın sözlərinə görə, Azərbaycan üçün prinsipial məqam Ermənistandakı siyasi proseslərin formalaşmış reallıqların yenidən nəzərdən keçirilməsinə gətirib çıxarmasından ibarətdir. Bu baxımdan qarşıdan gələn seçkilər yalnız daxili siyasi mərhələ deyil, həm də regional inkişafın gələcək trayektoriyasına təsir edə biləcək amil kimi qiymətləndirilir. Revanşist ritorikaya meyilli qüvvələrin güclənməsi Azərbaycanla Ermənistan arasında normallaşma prosesini ləngidə bilər, praqmatik yanaşma isə davamlı sülh və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu kontekstdə kommunikasiya xətlərinin açılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur istiqaməti də daxil olmaqla, nəqliyyat marşrutlarının inkişafı Cənubi Qafqazı qlobal logistika zəncirlərinə inteqrasiya edə biləcək daha geniş regional arxitekturanın tərkib hissəsi kimi qiymətləndirilir. Lakin bu layihələrin reallaşması birbaşa İrəvanın siyasi iradəsindən asılıdır və bu iradə daxili siyasi rəqabətin təsiri altında formalaşır.
Deputat vurğulayıb ki, Ermənistanda qarşıdan gələn seçkilər, sadəcə, hakimiyyət uğrunda mübarizə deyil, strateji istiqamət seçimi kimi çıxış edir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"