2001-ci ildən başlayaraq hər il 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə ölkəmizdə geniş tədbirlər keçirilir. Həmin tədbirlərdə Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə mütəxəssislərin, dövlət orqanlarının (qurumlarının), ali təhsil və elmi-tədqiqat müəssisələrinin, biznes strukturlarının, habelə vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə əqli mülkiyyət mövzusunda maraqlı müzakirələr aparılır. Uğurlar təhlil olunur, problemlərin səbəbləri araşdırılır və onların aradan qaldırılması ilə bağlı "yol xəritəsi"nin konturları hazırlanır. Mübaliğəsiz demək olar ki, Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən hər bir tədbir Azərbaycanda əqli mülkiyyət (ƏM) sisteminin daha da inkişaf etdirilməsi, gücləndirilməsi və yaradıcı şəxslərin hüquqlarının təminatının yaxşılaşdırılması işinə böyük töhfələr verir.
Xatırladaq ki, 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilib. Bu tarixin seçilməsi "Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis olunması haqqında Konvensiya"nın 1970-ci il 26 aprel tarixində qüvvəyə minməsi ilə əlaqədardır.
Beynəlxalq Əqli Mülkiyyət Günü hər il bir deviz altında keçirilir. 2025-ci ilin devizi belədir: "Əqli mülkiyyət və musiqi: əqli mülkiyyətin ritmini hiss edin".
ÜƏMT tərəfindən bu devizin seçilməsi təsadüfi deyil: ÜƏMT bununla əqli mülkiyyət hüquqları ilə dəstəklənən kreativliyin və innovasiyanın musiqi sənayesinin inkişafına müsbət təsir göstərdiyini vurğulayır. Bu çağırış həm də yaradıcıları, yenilikçiləri və sahibkarları musiqi sənayesinə təzə ideyalar gətirməyə, hər kəsi müəlliflərin, o cümlədən bəstəkarların, ifaçıların, ümumilikdə musiqini formalaşdıranların əməyini dəyərləndirməyə, bu işdə istedadlı yaradıcıları, ixtiraçıları və sahibkarları şərəfləndirmək üçün onlara dəstək göstərməyə dəvət edir.
Aprelin 25-də ölkə Prezidentinin 2025-ci il 11 fevral tarixli sərəncamına əsasən, "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı tədbirlər çərçivəsində Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə Əqli Mülkiyyət Agentliyində universitetlərin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə "Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur" mövzusunda "Dəyirmi masa" keçirilmiş, Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun geniş məruzəsi dinlənilmişdir.
Musiqinin hansı elementi müəlliflik hüququ ilə qorunur?
Əqli Mülkiyyət Agentliyinin rəhbərinin vurğuladığı kimi, Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə ÜƏMT-nin elan etdiyi "Əqli mülkiyyət və musiqi: əqli mülkiyyətin ritmini hiss edin" devizi rəmzi məna daşıyır. Lakin bu deviz yeni texnologiyalar əsrində müəlliflərə və ixtiraçılara, bütövlükdə əqli mülkiyyətin yaradıcılarına, o cümlədən musiqi yaradıcılarına ehtiramın ifadəsidir. Bu mənada "Musiqinin hansı elementi müəlliflik hüququ ilə qorunur?" sualı ilk baxışdan ritorik səslənsə də, aktualdır. K.İmanovun məruzəsində əqli mülkiyyət üzrə tanınmış tədqiqatçı alimlərin gəldiyi nəticələr müqayisəli şəkildə təhlil edilərək bu suala müəllif-hüquq baxımından aydınlıq gətirilib. Qeyd edilib ki, hazırda müəlliflik hüququ üzrə peşəkar mütəxəssislər melodiyanın müəlliflik hüquqları çərçivəsində qorunmalı olduğunu qəbul edirlər. Bunun səbəbi melodiyanın musiqili əsərin digər elementləri (harmoniya və ritm) olmadan da müstəqil şəkildə ifa edilə bilməsinə dair eyni dərəcədə yekdil fikrin olmasıdır.
Əsərin qorunan və qorunmayan elementləri haqqında danışan K.İmanov əqli mülkiyyət sahəsində beynəlxalq tədqiqatçı alimlərin və mütəxəssislərin yanaşmalarını təhlil, habelə ABŞ, İngiltərə və Fransanın müəllif-hüquq qanunvericiliyinə istinad edərək, musiqili əsərin obyektiv formasının müəyyən edilmiş elementləri ilə bağlı iki əsas nəticəni qeyd edib:
1. Doktrina və məhkəmə təcrübəsində qəbul edilən daxili formanın üç elementi - melodiya, harmoniya və ritm arasından yalnız melodiya müstəqil qorunma qabiliyyətinə malik ola bilər.
2. Harmoniya və ritm melodiya ilə müqayisədə subsidiar, yəni köməkçi (ehtiyat) xarakter daşıyır. Zərurət yarandıqda, müəllif-hüquq qanunvericiliyinin melodiya ilə bağlı tətbiq olunan normaları harmoniya və ritmə də tətbiq oluna bilər (adətən, plagiatın müəyyən edilməsi zamanı). Yəni əsərin işlənmə səviyyəsi ilə bağlı oxşarlıqların və nəticələrin müqayisəli təhlilində, plagiat və ya yol verilən səviyyədə götürülməsi zamanı obyektin müstəqilliyinin qorunması.
Məruzədə "müəlliflik və patent hüququnda yaradıcılığın ümumi və fərqli cəhətləri nədən ibarətdir?" sualına da aydınlıq gətirilib. Qeyd edilib ki, müəlliflik hüququnda (formanın qorunması) "yenilik" meyarı tamamilə "yaradıcılıq" meyarı ilə əhatə olunur və müstəqil qoruma meyarı kimi artıq hesab edilir. Patent hüququnda (məzmunun qorunması) isə "yenilik" meyarı zəruridir. Çünki müxtəlif şəxslərin tədqiqat nəticələrinin obyektiv şəkildə üst-üstə düşməsi mümkündür.
Bu zaman "yenilik" və "orijinallıq" sinonim kimi başa düşülmür. Orijinallıq yenilikdən asılı olmur, çünki orijinal heç də həmişə yeni sayılmır.
Yaradıcılıq və süni intellekt
Əqli Mülkiyyət Agentliyinin rəhbəri qeyd edib ki, hazırda hüquqi baxımdan iki tip əsər və onların yaradıcıları mövcuddur:
Birincisi, süni intellektin köməyi, yəni insanın iştirakı ilə yaradılan əsərlər - qeyri-avtonom süni intellekt (müəlliflik hüququna malik olan şəxs); ikincisi, süni intellekt tərəfindən, yəni insanın faktiki iştirakı olmadan yaradılan əsərlər -avtonom süni intellekt (burada hüquqi baxımdan müəllif mövcuddur, lakin faktiki olaraq yoxdur, hətta əqli fəaliyyət nəticəsinin hüquq obyektliyi qəbul edilsə belə, hüquq subyektliyi mövcud deyildir).
Bəs əsas problem nədən ibarətdir?
Bir sıra yurisdiksiyalarda, o cümlədən MDB ölkələrində müəlliflik hüququnun subyekti insan hesab olunur. Buna görə də, süni intellekt tərəfindən yaradılmış əqli fəaliyyətin nəticələri müəllif-insan tərəfindən yaradılmadığı üçün müəlliflik hüququnun obyekti sayıla bilməz. Çünki burada şəxsin əsərin müəllifi kimi tanınması üçün əsas meyar insanın yaradıcı əməyinin olması qəbul edilir. "Yaradıcılıq" anlayışı süni intellekt tərəfindən yaradılan əsərə" aid edilə bilərmi? Bu, ciddi sualdır.
Bununla belə dünyada mövcud tendensiya ondan ibarətdir ki, süni intellekt tərəfindən yaradılmış əsərlər yalnız kifayət qədər insan töhfəsi olduqda qorunur. Avtonom süni intellekt nəticəsində isə hüquqlar ya yaranmır, ya da prosesin təşkili ilə məşğul olan şəxsə aid edilir (Böyük Britaniya). Başqa sözlə, süni intellektin əqli fəaliyyət nəticəsi yaradıcılıq kimi, süni intellektin özü isə yaradıcı kimi qəbul edilmir.
K.İmanovun fikrincə, süni intellektin hüquq subyektliyi ilə bağlı məsələ daha mürəkkəbdir. Əksər ölkələrin məhkəmə təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, süni intellekt müstəqil şəkildə müəllif və ya ixtiraçı statusuna malik ola bilməz. Bu o halda keçərlidir ki, ümumi hüquq sisteminə malik ölkələrdə məhkəmə təcrübəsi (presedentlər), iqtisadi baxımdan daha sürətli və səmərəli olmaqla, sonradan kontinental hüquq sisteminə malik ölkələrin qanunvericiliyinə çevik həllər təqdim edilir. Məhkəmələrin mövqeyinə görə yanaşmanın dəyişməsi yalnız qanunvericiliyin dəyişdirilməsi yolu ilə mümkündür.
Nəticə belədir ki, 2025-ci ilin əvvəlinə olan vəziyyətə əsasən, heç bir yurisdiksiyada süni intellekt əqli mülkiyyət sahəsində müstəqil hüquq sahibi (yəni müstəqil müəllif və ya ixtiraçı) olaraq tanınmayıb.
ÜƏMT-də bu məsələ üzrə 2019-cu ildən başlayaraq "Conversation on IP and AI" adlı genişmiqyaslı beynəlxalq müzakirələr aparılır, müxtəlif təkliflər səsləndirilir. Lakin bu təkliflər hələlik konsepsiya səviyyəsindədir. Bir sözlə, süni intellektə "müəllif" statusunun verilməsi hələlik tezdir. Belə ki, qlobal şəkildə razılaşdırılmış yanaşmaya ehtiyac vardır. Çünki bir ölkədə süni intellektin əqli mülkiyyət subyekti kimi tanınması, transsərhəd qorunmasına təsir göstərir (əgər hər hansı bir yurisdiksiya bu addımı atarsa, ittifaqın digər yurisdiksiyalarında qeyri-müəyyənlik yaranacaq).
Bu sahədə Avropa İttifaqında bir irəliləyiş olsa da, hələlik heç bir ölkənin qanunvericiliyində süni intellektin müəllif və ya ixtiraçı hüquqlarına malik subyekt kimi tanınmasını nəzərdə tutan dəyişiklik aparılmamışdır. Sistem de-fakto antroposentrik yanaşmanı qoruyub saxlayır - yaradıcı və ya ixtiraçı kimi yalnız insan tanınır.
Məsələnin həllinin mürəkkəbliyi ondadır ki, bu, təkcə hüquqi deyil, eyni zamanda fəlsəfi, etik-iqtisadi bir problemdir. K.İmanovun fikrincə, "Kim və ya nə hüquq daşıyıcısı statusuna layiq ola bilər? Hüquqi və mənəvi mənada "şəxsiyyəti" hansı meyarlarla müəyyən edirik? Hüquq fəlsəfəsi mövqeyindən, süni intellektin təbiəti onu hüquq subyekti kimi hesab etməyə imkan verirmi? Etika mövqeyindən düşünən maşınların mənəvi statusu nədən ibarətdir? Ontologiya mövqeyindən süni intellektin varlığı necədir, subyekt kateqoriyasına daxil edilməsi üçün avtonomluq və "şüurluluq" səviyyəsi yetərlidirmi?" kimi suallara cavab tapılmalıdır.
K.İmanov onu da diqqətə çatdırır ki, hazırda "süni intellektin yaradıcı mümkünlüyünə dair vahid yanaşmanın olmamasına baxmayaraq, zaman keçdikcə elə bir mərhələ yarana bilər ki, yaradıcılar, hüquq sahibləri və istifadəçilər arasında hüquqların bölüşdürülməsi ilə süni intellekt müəllifliyi üzrə verilmiş iddia sənədləri də qəbul olunsun, növbəti mərhələdə isə süni intellektin özünün hüquq subyektliyi də mümkün ola bilər". Bu baxımdan, o, həmçinin qeyd edib ki, "qeyri-yaradıcı verilənlər bazasının qorunması və hüquqların "elektron şəxsə" verilməsi, eləcə də əlaqəli hüquq mexanizminin istifadəsi ilə analoji olan, sui-generis qorunma mexanizmi çox əlverişlidir və süni intellektin hüquqi tanınması prinsip etibarilə qeyri-mümkün deyil. Əminik ki, hüquq sistemi təkamül edərək yeni, qeyri-ənənəvi subyektləri də əhatə edəcəkdir.
Ümumilikdə, biz süni intellektin yalnız insan tərəfindən daxil edilmiş məlumatları və obrazları təkrarladığı və buna görə də təxəyyül qabiliyyətindən məhrum olduğu fikri ilə tam şəkildə razı deyilik. Çünki insan-müəllif də öz əsərlərini mövcud olan obrazların təsiri altında yaradır. "Yaradıcılıq" anlayışının dəqiq tərifi olmadığından, kompromis kimi "əqli əmək" (fəaliyyət) terminindən istifadəni təklif etmək olar. Məsələn, ABŞ-də müəllif dedikdə, hər hansı bir obyektə öz əqli əməyi vasitəsilə dəyişiklik edən, ilk dəfə aranjeman və ya kompilyasiya yaradan şəxs başa düşülür.
Bizim mövqeyimiz ondan ibarətdir ki, süni intellektin əsər yaradılmasında olan yaradıcı töhfəsini qəbul etmək daha məntiqli və praqmatikdir. Çünki bu halda biz qanunvericiliyə cüzi dəyişikliklər etməklə bu cür əsərləri mülki dövriyyəyə daxil edə bilərik".
Azərbaycan əqli mülkiyyət sisteminin uğurları
Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq ixtira və patent fəallığının artırılması, texnologiyaların kommersiyalaşdırılması və transferi, ixtira və faydalı modellərin beynəlxalq qeydiyyatının stimullaşdırılması, çevik patent qeydiyyatı prosedurlarının yaradılması, patentlərə dair beynəlxalq göstəricilər əsasında ölkənin texnoloji profilinin (patent landşaftının) və tədqiqat sahələrinin müəyyən edilməsi Əqli Mülkiyyət Agentliyinin diqqət yetirdiyi prioritet istiqamətlərdən biridir.
Milli əqli mülkiyyət institutunun fəaliyyət istiqamətləri yeni çağırışlara uyğun dəyişərək, daha mükəmməl və daha çevik idarəçilik funksiyaları ilə tamamlanmışdır. Əqli mülkiyyət qarşısında duran vəzifələr dövlətimizin başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü uğurlu iqtisadi islahatlar siyasəti ilə formalaşdırılıb. Bununla da əqli mülkiyyət bu siyasətin təsirinə və innovativ inkişafına adekvat xidmət etməli, investisiyaların cəlb edilməsində və innovasiyalara dəstək verilməsində bundan sonra da real aktora çevrilməli, sosial-iqtisadi uğurların aparıcı amilləri sırasında layiqli yerini tutmalıdır.
"Yaşıl" texnologiyaların ixtira və faydalı model kimi patentləşdirilməsi, onların qeydiyyata alınması prosedurları sürətləndirilmiş, daha asan icra mexanizminin yaradılmasına başlanılmışdır.
İnfrastrukturun formalaşdırılması və institusional dəyişikliklər çərçivəsində 24/7 rejimində fəaliyyət göstərən "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi daha da təkmilləşdirilmişdir. Şəffaflığın və məlumatlara əlçatanlığın təmin olunması sahəsində növbəti addım olaraq ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair "Açıq reyestrlər" yaradılmışdır. Hər kəs "açıq reyestrlər"ə maneəsiz və ödəniş etmədən daxil ola, o cümlədən patent almaq və ya əmtəə nişanını qeydiyyatdan keçirmək istəyən şəxs patentlər və əmtəə nişanları barədə məlumatları əldə edə bilər.
İxtira, faydalı model və sənaye nümunələrinin ekspertizası prosedurlarının sadələşdirilməsi, o cümlədən ekspertiza müddətinin azaldılması və patentlərə əlçatanlığın asanlaşdırılması məqsədilə "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış, agentlik tərəfindən 60-a yaxın qanunvericilik aktının layihələrinə dair rəy və təkliflər verilmişdir.
Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının nəzdində yaradılmış agentliyin rəhbərlik etdiyi "Əqli mülkiyyət məsələləri üzrə Xüsusi İşçi Qrupu" beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına və əqli mülkiyyətlə əlaqəli sahələr barədə məlumatlılığın artırılmasına dəstək göstərmiş, digər işçi qrupları arasında bu sahədə koordinasiyanı təşkil etmişdir. Bu iş indi də davam etdirilir.
133 ölkənin iqtisadiyyatını əhatə edən və təxminən 80 indikator əsasında tərtib olunmuş "Qlobal İnnovasiya İndeksi - 2024"də bilik və texnologiyaların yayılması blokunda Azərbaycan üzrə yüksək yerləri əqli mülkiyyətə aid göstəricilər tutmuşdur. Ölkəmiz Qİİ-nin "Bilik və texnoloji nəticələr" indikatorunun patent alt indikatorunda 50-ci yerdə qərarlaşıb. Bu da 2023-cü illə müqayisədə 13 pillə irəliləyiş deməkdir və Cənubi Qafqaz regionunda ən yüksək göstəricidir. Ölkəmiz "Yaradıcı fəaliyyətin nəticələri" indikatorunun əmtəə nişanı alt indikatorunda da 17 pillə irəliləyərək 49-cu yeri tutub. Bu göstərici üzrə regionun bir çox ölkələrindən irəlidəyik.
Patentlərin alınması ilə bağlı agentliyə daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2023-cü illə müqayisədə 2024-cü ildə 4 faizə yaxın artmışdır. Ölkəmiz patent sifarişləri üzrə, yəni ixtira fəallığına görə Cənubi Qafqazda liderdir. Patent fəallığı isə 2023-cü illə müqayisədə 22 faiz artmışdır.
Sənaye mülkiyyəti obyektlərinə (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) dair iddia sənədlərinin ekspertizasının müddəti orta hesabla 30-50 faiz azaldılmışdır.
2024-cü ildə müvafiq dövlət reyestrində 2844 əmtəə nişanı qeydiyyata alınmışdır.
Müəllif hüquqları sahəsində dövlət xidmətlərinin illik yekunlarına dair 2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilmişdir.
Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək agentlikdə 16228 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən 2125 əsər elektron qaydada qeydiyyatdan keçirilmişdir.
2003-cü ildən başlayaraq, agentlik (o vaxt Müəllif Hüquqları Agentliyi) tərəfindən Azərbaycanın Ümumi Daxili Məhsulunda (ÜDM-də) müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ industriyanın) payı araşdırılır, nəticələr təhlil olunur və müvafiq hökumət strukturlarına çatdırılır. Agentlikdə aparılan təhlil və hesablamalara əsasən, Azərbaycanda ÜDM-də kreativ industriyanın payı getdikcə artmaqdadır. ÜDM-də kreativ industriyanın payı 2010-cu ildəki 3,5 faizdən 2023-cü ilin yekunlarına görə 5,2 faizə çatmışdır.
Əqli mülkiyyət hüquqlarının təminatı məsələsinə gəldikdə isə pozulmuş əqli mülkiyyət hüquqlarının bərpası ilə bağlı agentliyə 100-dən çox yazılı müraciət, o cümlədən pozulmuş müəlliflik hüquqlarının bərpasına kömək göstərilməsi barədə 19, əmtəə nişanlarından qanunsuz istifadəyə dair 95 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri agentliyin səlahiyyətləri çərçivəsində araşdırılmış və nəticələrə uyğun müvafiq tədbirlər görülmüşdür.
Piratçılığa qarşı mübarizə və hüquqların təminatı üzrə tədbirlər çərçivəsində müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nəzarət markası ilə yayımının təmin edilməsi məqsədilə il ərzində 43325 nəzarət markası çap edilərək hüquq sahiblərinə təhvil verilmişdir.
Əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində 2024-cü ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və əqli mülkiyyət üzrə regional qurum olan Avrasiya Patent Təşkilatı (APT) ilə əməkdaşlıq daha da genişləndirilmişdir.
Azərbaycanın milli əqli mülkiyyət sisteminin uğurlarını əks etdirən bu statistik göstəricilər ilk baxışdan quru rəqəmlər təsiri bağışlaya bilər. Lakin bunlar əldə olunan uğurların hamısı deyil. Statistik rəqəmlər də adi rəqəmlər deyil. Bunlar Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin milli əqli mülkiyyətin inkişafına göstərdiyi böyük diqqətin və qayğının göstəriciləridir.
İradə ƏLİYEVA,
"Azərbaycan"