03 Mart 2024 08:55
1311
İQTİSADİYYAT
A- A+

Ələtdən dünyaya

 

İki il əvvələ qədər istifadə edilməyən bu ərazidə indi müasir sənaye müəssisələri yaradılır…
İki il əvvələ qədər sadəcə istismar müddəti başa çatmış boruların keçdiyi, istifadəsiz tikililərin olduğu bu Xəzəryanı ərazi tezliklə Azərbaycandan dünyaya açılan böyük iqtisadi pəncərə olacaq…
Burada yaradılan azad iqtisadi zona Azərbaycan iqtisadiyyatının inkişafına və rəqabətqabiliyyətliliyinin artırılmasına yol açacaq…
Bu azad zonada inşasına başlanan zavodlar cəmi bir neçə ildən sonra Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun daha da artmasını təmin edəcəklər…
Bu azad zona Azərbaycanın logistika mərkəzi və qlobal nəqliyyat qovşağı kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək…
Burada yaxın gələcəkdə on minlərlə Azərbaycan vətəndaşı çalışacaq, yerli mütəxəssislər, bilikli kadrlar yetişəcək…
Ələt Azad İqtisadi Zonasından bəhs edirik…
Cəmi 3 il əvvəl yaradılmasına başlayan bu azad zonada Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq yeni iqtisadi bünövrənin etibarlı təməlləri qoyulur…

 

İşgüzar mühit, mehriban ünsiyyət

 

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin yaxınlığında, Xəzərin sahilində yaradılan Ələt Azad İqtisadi Zonasına (AFEZ) səfərimiz yağışla müşayiət olunan küləkli havaya təsadüf etsə də, müasir üslubda tikilmiş inzibati binanı, ərazidəki səliqə-sahmanı, yaşıllığı seyr etməmək mümkün deyildi. Bayırdakı kəskin havaya baxmayaraq, inzibati binanın daxilində tamamilə fərqli mühit vardı. Başqa cür desək, elə binanın qapısından içəri girər-girməz hər yerdə rastlaşmayacağımız işgüzar ab-hava, mehriban ünsiyyətlə qarşılaşdıq. 
Azad zonanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillər sırasında sərbəst biznes mühitin yaradılması ilə yanaşı, azad iqtisadi zonalarda ölkənin əsas iqtisadiyyatından ayrı olan hüquqi rejimin yaradılması,  azad zona ərazisində fəaliyyət göstərən müəssisələrin vergi və gömrük rüsumlarından azad edilməsi, o cümlədən azad zonanı idarə edən qurumun müstəqilliyi durur. Beynəlxalq təcrübə göstərir ki, məhz bu şərtlər əsasında fəaliyyət göstərən azad zonalar uğur qazanıblar. 
AFEZ-lə tanışlıq zamanı Azad Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla söhbətimiz də elə beynəlxalq təcrübədən başladı. Dünyada azad iqtisadi zonaların yaranması tarixi ötən əsrin 40-cı illərindən başlayır. Birinci azad zona 1947-ci ildə ABŞ tərəfindən Puerto-Rikoda yaradılıb, amma uğurlu olmayıb. 1958-ci ildə isə İrlandiyada Şennon hava limanının yaxınlığında indiki müasir azad zonaların istinad yeri sayılan azad iqtisadi zonanın yaradılması haqqında qərar verilib. 1959-cu ilin yanvar ayından həmin azad zona fəaliyyətə başladı.
Bu təcrübə o qədər uğurlu olub ki, onu başqa ölkələrdə tətbiq etmək üçün BMT-nin Sənaye İnkişafı Təşkilatı tərəfindən xüsusi bir ofis yaradılıb. Bu təcrübəni ilk dəfə Sinqapur dövləti tətbiq edib. Sinqapurun ozamankı baş naziri Li Kuan Yu İrlandiyanın təcrübəsini olduğu kimi ölkəsində tətbiq edib. Sinqapur 7 milyona yaxın əhalisi olan kiçik ölkədir, ərazisi cəmi 770 kvadratkilometrdir. Heç bir təbii sərvəti, əkinəyararlı torpağı yoxdur. Amma adambaşına düşən ÜDM həcminə görə hazırda dünyanın 10 lider ölkəsindən biridir. Hazırda Sinqapurun məhsul ixracı 350-360 milyard ABŞ dolları civarındadır. Buradakı neftayırma zavodları gündə 1 milyon barel neft emal edirlər. Çünki elə şərait təmin olunub ki, xarici investorlar öz müəssisələrini gəlib burada yaradırlar.
Bundan sonra başqa ölkələrdə də azad zonaların yaradılmasına başlanılıb. Ancaq Sinqapurdan fərqli olaraq Şennon təcrübəsi tətbiq edilməyən azad zonalar o qədər də uğurlu olmayıb.

 

Şennon təcrübəsi nədir?

 

Bəs Şennon təcrübəsi nədən ibarətdir? Bu, ilk növbədə azad iqtisadi zonanın fəaliyyətini təmin edən xüsusi qanunvericiliyin yaradılmasından, azad zonanın idarə edilməsi üçün onun ərazisində xüsusi hüquqi rejimin tətbiqindən ibarətdir. Yəni bu, azad zonanın eksterritoriallığını təsbit edir.
İkinci şərt azad iqtisadi zonanı idarə edən qurumun müstəqilliyidir. Yəni azad iqtisadi zonaya gələn investor öz fəaliyyəti üçün müxtəlif dövlət orqanlarından icazələr almır. O, bütün hüquqi məsələlərini azad iqtisadi zonanın səlahiyyətli qurumunda həll edir.
Beləliklə, azad iqtisadi zonanın uğurlu fəaliyyəti üçün onun eksterritoriallığı, xüsusi hüquqi rejimdə çalışması, azad iqtisadi zonanı idarə edən qurumun müstəqil qərar vermək və onları icra etmək hüququ təmin edilməlidir. 
Bütün bunlarla yanaşı, azad zonada investorun fəaliyyətini təmin edəcək təkmil, xüsusilə yol, su, enerji, rabitə və digər kommunikasiyalara çıxışları olan ərazinin olması əsas şərtlərdəndir. "Bəzən düşünürlər ki, azad iqtisadi zona varsa və orda müəssisələr vergidən, gömrükdən azaddırlarsa, deməli, mütləq ora investor gələcək. Bu, səhv yanaşmadır, investor heç vaxt infrastrukturlara çıxışı olmayan boş torpaqlara gəlmir. Yəni ərazi investorları qəbul etməyə hazır olmalıdır. Şennon azad iqtisadi zonasında yol, su, enerji, rabitə və digər kommunikasiyaların yaradılması ilə yanaşı, investorlar üçün hazır ofislər və standart sənaye binaları da yaradılmışdı. İrlandiya həmin dövrdə Avropanın ən kasıb dövlətlərindən biri idi. Buna baxmayaraq, dövlət bu işləri görmək üçün pul əsirgəmədi", - deyə Valeh Ələsgərov bildirdi. 
Ona görə İrlandiyadakı Şennon azad iqtisadi zonası layihəsi böyük uğur qazanıb. Müəyyən müddətdən sonra Şennonda vergi və gömrük rüsumlarının yığımına başlanılsa da, onun idarəedilməsi prinsipləri o qədər cəlbedici olub ki, bütün İrlandiya ərazisinə tətbiq ediblər. 
Sinqapurla yanaşı, Şennon  prinsiplərindən Çində də istifadə edilib. 1980-ci ildə burada ilk xüsusi iqtisadi zona yaradılarkən Şennon prinsipləri tətbiq edilib. Çin dövlətinin müasir sürətli inkişafı öz başlanğıcını məhz xüsusi iqtisadi zonaların yaradılmasından götürür. 

 

AFEZ-də təcrübədə uğur qazanmış prinsiplər  tətbiq olunur

 

2017-ci ildə Ələtdə azad iqtisadi zonanın yaradılması ilə bağlı Valeh Ələsgərovun rəhbərliyi ilə xüsusi işçi qrupu yaradılıb. İşçi qrup, əsasən, Şennon və Sinqapur təcrübələrini araşdırıb və konkret bir ərazidə - Ələtdə fəaliyyət göstərəcək "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsini hazırlayaraq Milli Məclisə təqdim edib. 
Aidiyyəti dövlət qurumlarının mütəxəssis və ekspertlərinin iştirakı ilə işçi qrup tərəfindən qanun layihəsi ətraflı müzakirələrdən keçirilmişdi. Qanun layihəsi Milli Məclis tərəfindən 2018-ci ilin may ayında qəbul edilmişdi. Həmin ilin sentyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə o zaman ərazinin müəyyən edilməsi, baş inşaat planının hazırlanması, layihələndirilməsi ilə bağlı işçi qrupu yaradılmışdı. Artıq 2019-cu ilin noyabr ayında baş plan, 2020-ci ilin aprel ayında 60 hektar ərazinin detal layihələndirilməsi tam hazırlanmışdı. 2020-ci ilin may ayında isə Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının, onun səlahiyyətli qurumunun  yaradılması və fəaliyyətinin təşkili haqqında fərman və Valeh Ələsgərovun Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalamışdı.
Layihələndirmə prosesində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onun müvafiq institutu, eyni zamanda bu sahədə beynəlxalq səviyyədə tanınmış xarici şirkət iştirak ediblər. Onlar birlikdə əməkdaşlıq edərək AFEZ üçün ayrılmış 850 hektar ərazinin baş planını və onun da əsasında birinci inkişaf mərhələsi olan 60 hektar ərazinin detal layihələndirilməsini hazırlayıblar. 2021-ci il iyul ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi keçirilib. Həmin gün Prezident İlham Əliyev azad zonanın yaradılması ilə bağlı deyib: "Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək".
Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, təməlqoymadan sonra işlər qrafikə uyğun davam edib və 2 il müddətinə 60 hektar ərazidə bütün işlər başa çatdırılıb. 2023-cü il iyun ayının 9-da Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı olub. 
Birinci mərhələdə ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. İstifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar, elektrik yarımstansiyası inşa olunub. Bununla da birinci mərhələdə investorun gəlib işləyəcəyi ərazinin sərhədlərinə qədər artıq bütün kommunikasiyalar çəkilib. Bu ərazidə investorlar tərəfindən istehsal müəssisələrinin yaradılmasına başlanılıb.
 Birinci zonanın növbəti inkişaf mərhələsi olan 138 hektar ərazidə də inşaat işlərinə başlanılıb ki, onun da 41 hektarının artıq sahibi var. İnzibati bina funksional olaraq 3 hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi və investorlara  bir pəncərə prinsipi ilə xidmət göstərən ofis, investorların idarəetmə qurumları üçün ofislər, təhkim olunmuş gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərir. Səlahiyyətli qurumun ofisi, gömrük ofisi, müştərək iş otaqları, ümumi iclas otaqları mebellərlə və lazımi avadanlıqlarla tam təchiz olunub. Binada çalışan işçi heyətinə və qonaqlara xidmət üçün yeməkxana fəaliyyət göstərir. 
Onu da qeyd edək ki, sahə olaraq Ələt müəyyən edilərkən nəqliyyat yollarının bu ərazidə kəsişməsi əsas götürülüb. Aydın məsələdir ki, nəqliyyat-logistik infrastrukturlara yetərincə çıxış olmasa, azad iqtisadi zonanın uğurlu fəaliyyətini təmin etmək mümkün deyil. Ələt isə "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin kəsişdiyi yerdir. Ələt Azad İqtisadi Zonasının hazırda yerləşdiyi ərazi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığındadır. Yaxın perspektivdə isə Ələt qəsəbəsinin cənubunda ən ağır tonnajlı təyyarələri qəbul edə bilən yük hava limanı fəaliyyət göstərəcək. İllik yükaşırma gücü ilkin mərhələdə 500,000 ton, daha sonra isə 1,5 mln. tona qədər artacağı planlaşdırılan hava limanının inşasından sonra Ələt hava, dəniz, avtomobil və dəmir yollarının kəsişdiyi unikal bir məkana çevriləcək.
Ələt Azad İqtisadi Zonasının yaradılması prosesində xarici məsləhətçilər də iştirak edirlər. Amma AFEZ-in səlahiyyətli qurumu bu prosesə hansısa məsləhətçi şirkətləri deyil, məhz azad zonanın yaradılmasında və fəaliyyətinin təmin edilməsində təcrübəsi olan mütəxəssisləri dəvət edib. Bu mənada hazırda AFEZ-də çalışan məsləhətçilərin Şennonda 30-35 ildən çox iş təcrübəsi olan şəxslər olması qarşıdakı uğurlardan xəbər verir. 
Xarici məsləhətçiləri çıxmaq şərti ilə AFEZ-i idarə edən səlahiyyətli qurumun kadr heyəti tamamilə yerli vətəndaşlardan ibarətdir. 

 

İqtisadi mübahisələr ədalətlə yoluna qoyulacaq

 

Valeh Ələsgərov AFEZ-in söykəndiyi qanunvericilik və hüquqi rejimi barədə də ətraflı məlumat verərək dedi ki, "Ələt Azad İqtisadi Zonası haqqında" qanuna əsasən, iqtisadiyyatın cinayət qanunvericiliyi və  cinayət yolu ilə əldə edilmiş digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən hədəfli maliyyə sanksiyaları haqqında qanunvericiliyi istisna olmaqla, digər qanunları Ələt Azad İqtisadi Zonasında tətbiq edilə bilməz. Ziddiyyət yarandıqda isə "Ələt Azad İqtisadi Zonası haqqında" qanunun müddəaları əsas götürülür.
2018-ci ildə bu qanun qəbul edilərkən Azərbaycanın 80-dən çox qanununda uyğunlaşdırma məqsədilə əlavə və dəyişikliklər edilib. 
Lakin Ələt Azad İqtisadi Zonasının qanunvericiliyi yalnız bir qanundan ibarət deyil. Qanundan başqa, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu tərəfindən təsdiq edilmiş daxili qaydalar da var. 
Azərbaycanın məhkəmə ilə bağlı qanunları AFEZ-də tətbiq edilmir. İqtisadi mübahisələrə ilk olaraq daxili qaydalarla aydınlıq gətiriləcək. Daxili qaydalara əsasən, AFEZ-də fəaliyyət göstərən şirkətlər arasında, yaxud Ələt Azad İqtisadi Zonasında çalışan müəssisə ilə Azərbaycanın əsas iqtisadiyyatında fəaliyyət göstərən zavod arasında iqtisadi mübahisə yaranarsa, ilk olaraq, öz aralarında razılığa gələ bildikləri təqdirdə mübahisə başa çatır. Razılığa gələ bilmədikdə, məhkəməyə gedərkən məhkəməni şirkətlər özləri müəyyən edir. Həmin məhkəmənin çıxardığı qərar isə məcburi icra olunmalıdır. Məhkəmənin qərarından şikayət edilə bilməz.
Əlavə olaraq, tərəflər hansı məhkəməyə müraciət etməklə bağlı razılığa gələ bilmədikdə, problem Ələt Azad İqtisadi Zonasının Arbitraj mərkəzində həllini tapmalıdır. Arbitraj mərkəzində problemin həlli Azərbaycan hakimlərinin qərar çıxarması demək deyil. Arbitraj mərkəzi o deməkdir ki, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu müvafiq yer ayırır və tərəflər öz arbitorlarını təyin edirlər. Tərəflərin seçdiyi iki arbitor üçüncü sədr seçir və problemi müstəqil şəkildə həll edirlər. Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu problemin həllinə qarışmır. "Amma eyni zamanda iqtisadi problemlərin həlli zamanı investorları qorumaq üçün müəyyən məhdudiyyətlər də qoyulub. Belə ki, iqtisadi mübahisələr zamanı uduzan şirkətlərdən AFEZ-dəki kapitallarından artıq təzminat tələb edilə bilməz. Yəni uduzan şirkətin təzminatı onun başında duran ana şirkətin kapitalı ilə deyil, Ələt Azad İqtisadi Zonasındakı kapitalla müəyyən ediləcək".

(ardı var) 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video