"El Nino" artıq bir neçə aydır ki, güclənir və qlobal hava şəraitinə əhəmiyyətli dərəcədə təsir göstərir. İndoneziya, Hindistan və ABŞ kimi ölkələr quraqlıq, daşqınlar və anomal istilərlə üzləşirlər.
Ümumdünya Meteorologiya Təşkilatı bildirir ki, rekord səviyyədə olan "El Nino" daha da güclənəcək və ən azı 2027-ci ilə qədər davam edəcək. Adətən "El Nino" illərində daha quru və isti hava şəraitinin müşahidə olunduğu İndoneziya 2015-ci ildən bəri ən ağır meşə yanğınları mövsümü ilə mübarizə aparır. Bu ilin yanvar ayından etibarən azı 895 657 hektar ərazi yanıb kül olub. Bu, "El Nino" təsirinin olmadığı ötən illə müqayisədə iki dəfədən çox ərazinin yanması deməkdir. Meşə yanğınları İndoneziya daxilində məktəblərin bağlanmasına və xəstəxanalara müraciət edənlərin sayının artmasına səbəb olub. Sumatra və Kalimantan adalarında milyonlarla insan yanğınlardan yaranan zəhərli tüstüyə məruz qalıb, təxminən 175000 nəfər isə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkir. 40000-dən çox hal öskürəkdən tutmuş bronxitə və sətəlcəm kimi daha ciddi xəstəlikləri əhatə edir.
Sakit okeanın şərq hissəsində "El Nino" hadisəsi qasırğa fəallığını gücləndirib. Burada 22 fırtınaya ad verilib və 12 qasırğa qeydə alınıb. Bunlardan 10-u isə güclü qasırğalar kateqoriyasına aiddir. Təbiət hadisəsi burada okean sularının daha çox qızmasına və atmosferin yuxarı qatlarında küləklərin zəifləməsinə səbəb olur ki, bu da fırtınaların güclənməsi üçün əlverişli şərait yaradır. "Polo" qasırğası buna bir nümunədir. "El Nino"nun yaratdığı çox isti suların təsiri ilə "Polo" qasırğası güclənərək, küləyin sürətinin saatda 180 milə (285 km/saat) çatmasına səbəb olub.
Sentyabrın əvvəllərində okean sularının qeyri-adi dərəcədə isti olması nəticəsində Sakit okeanın mərkəzi və şərq hissələrində eyni vaxtda üç qasırğa – "Lowell", "Karina" və "Marie" meydana gəlmişdi. Bu ilə qədər Sakit okeanda eyni vaxtda üç qasırğanın müşahidə olunduğu son il 2015-ci il idi.
Sakin okeandan fərqli olaraq, Atlantik okeanı qeyri-adi dərəcədə sakit qalıb."El Nino" hadisəsi Şimali Atlantikada külək kəsilməsinə səbəb olur. Bu amil fırtınaları parçalayır və onların yaranmasının qarşısını alır. İndiyədək yalnız bir qasırğa – "Isaias" qeydə alınıb. Bu, peyk müşahidələri dövründə (1960-cı illərdən bəri) qeydə alınan ən gec formalaşan qasırğa olub.
Daha quru və isti hava şəraiti Hindistanda da özünü göstərib, burada əsas musson yağışının miqdarı orta hesabla 13% aşağı olub. Hindistan Meteorologiya Departamenti bunu hələ "normal" diapazonda hesab etsə də, ümumi orta göstərici Hindistandakı yağıntının dəyişməsini əks etdirmir. Mərkəzi Hindistanda gözlənilən yağıntı miqdarı norma ətrafında olsa da, şərq və şimal-şərqdə orta hesabla 26% quru və "müstəsna" quraqlığa məruz qalıb. Hindistanın cənub ştatlarında orta hesabla 24% quru olub.
Bu, kənd təsərrüfatı məhsuldarlığına daha çox stress və həssaslıq əlavə edir.
Hindistan musson mövsümünə təsir edə biləcək bir sıra müxtəlif amillərdən təsirlənir və buna görə də alimlər “El-Nino” hadisəsinin yeganə amil olmaya biləcəyini irəli sürürlər.
Sakit okeanın daha qərbində Maysak və Dujuan kimi fırtınalar son zamanlar geniş yayılmış daşqınlar və sürüşmələrə səbəb olduğundan, Çinin şərqində və Yaponiyada da aktivlik müşahidə olunub. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Sakit okeanın qərbində 10 tropik siklon əmələ gəlib ki, bu da 1966-cı ildən bəri bir mövsümdə ən yüksək rəqəmdir.
“El-Nino” zamanı isti Sakit okean külək rejimlərində dəyişikliklərə səbəb olur, yəni siklonlar Yaponiya və Çinin şərqindən uzaqda, şərqdə əmələ gəlməyə meyilli olurlar. Bu, o demək ki, fırtınaların isti sulardan qidalana biləcəyi daha böyük məsafə və daha çox vaxt var və quruya çatmazdan əvvəl daha güclü tayfunlara çevrilmək üçün enerji qazanırlar.
Alimlər hesab edirlər ki, bu il Yaponiyaya və ya Çinin şərqinə daha çox təsir göstərə biləcək əlavə tayfunların yaranması ehtimalı yüksəkdir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”