Ermənistan və Qarabağ ərazisində fəaliyyət göstərən separatçı erməni silahlı birləşmələri 1988-ci ildən etibarən azərbaycanlılara qarşı müxtəlif cinayətlər törətməyə başlayıblar. Şəhər, kənd və qəsəbələrə hücumlar edilib, yollarda pusqular qurulub, dinc sakinlər öldürülüb, girov və əsir götürülüb.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib.
O, bildirib ki, Azərbaycanın yaşayış məntəqələrinə qarşı sistemli hücumlar, xüsusilə 1991-ci ildən, SSRİ-nin süqutundan sonra geniş vüsət alıb: “Həmin dövrdə çoxlu sayda dinc sakin və özünümüdafiə dəstələrinin üzvləri əsir və girov götürülüb, onlara işgəncələr verilib, bir sıra hallarda isə öldürülərək fərdi və kütləvi şəkildə basdırılıblar”.
Ekspert qeyd edib ki, Azərbaycan dövləti bu gün də işğaldan azad edilmiş ərazilərdə aşkar olunan kütləvi və adsız məzarlıqlarda dəfn edilən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində sistemli iş aparır. Onun sözlərinə görə, bu prosesdə əsir və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərən aidiyyəti dövlət qurumları da iştirak edirlər.
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına əsasən, Birinci Qarabağ müharibəsi nəticəsində 4 mindən artıq Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonrakı dövrdə azad olunmuş ərazilərimizdə aşkar edilmiş 32 kütləvi məzarlıqda dövlət tərəfindən həyata keçirilmiş sistemli axtarış, ekshumasiya, məhkəmə-tibbi ekspertiza və identifikasiya tədbirləri nəticəsində tapılan insan qalıqlarından 328 nəfərin şəxsiyyəti DNT və məhkəmə tibbi ekspertizası vasitəsilə müəyyən edilib, 250 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub və bu istiqamətdə işlər hazırda davam etdirilir”, – deyə R. Məmmədli vurğulayıb.
O bildirib ki, silahlı münaqişələrin başa çatmasına və Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması istiqamətində mühüm addımların atılmasına baxmayaraq, hələ də 3682 Azərbaycan vətəndaşının taleyi məlum deyil: “Rəsmi İrəvan itkin düşmüş azərbaycanlıların hər birinin taleyinə aydınlıq gətirməli, onların aqibəti barədə ayrı-ayrılıqda məlumat verməlidir. İşğaldan azad edilmiş ərazilərdə yeni kütləvi məzarlıqların aşkar olunması Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin nəticələrindən xəbər verir. Həmin dövrdə Ermənistanın, o cümlədən separatçı rejimin rəhbərliyində təmsil olunan bir sıra şəxslərin baş verən hadisələrdə iştirakı ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bütün bu faktlar Ermənistanın hərbi cinayətlərə görə məsuliyyət daşıdığını göstərir. Ermənistan bir dövlət olaraq həmin cinayətlərin araşdırılması və nəticələrinin aradan qaldırılması prosesində də məsuliyyət daşıyır”, – deyə ekspert bildirib.
R.Məmmədli beynəlxalq təşkilatları Azərbaycanın haqlı tələblərinə diqqət yetirməyə çağırıb. O qeyd edib ki, itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi, onların öldürüldüyü və dəfn edildiyi ehtimal olunan yerlərin aşkar olunması və bu məsələlərə hüquqi qiymət verilməsi istiqamətində beynəlxalq qurumların fəal iştirakı vacibdir: "İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan-Ermənistan münasibətlərində həlli vacib olan humanitar məsələlərdən biridir. Həmin şəxslərin axtarılması, kütləvi məzarlıqların müəyyənləşdirilməsi, ekshumasiya və identifikasiya işlərinin aparılması onların ailələrinin hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır".