Ermənistanın işğalçılıq siyasəti nəticəsində 4000-dən artıq Azərbaycan vətəndaşı itkin düşüb
Hər il avqustun 30-da qeyd olunan Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü dünya miqyasında münaqişələr, zorakılıq və ya naməlum şəraitdə itkin düşənlərin xatirəsini anmaq, onların ailələrinin illərlə davam edən ağrılarına diqqət çəkmək məqsədi daşıyır. 2010-cu il dekabrın 21-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən bu tarix Azərbaycan xalqı üçün sadəcə təqvim günü yox, həm də dərin mənəvi və tarixi yara deməkdir.
Qanlı əməllərin statistikası
Ermənistanın yürütdüyü etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Birinci Qarabağ müharibəsindən etibarən 4000-dən artıq Azərbaycan vətəndaşı - hərbçilər, mülki şəxslər, qadınlar və uşaqlar itkin düşüb. Nə işğal dövründə, nə də Vətən müharibəsindən sonra Ermənistan tərəfi taleyi naməlum olan vətəndaşlarımızla bağlı ölkəmizə heç bir məlumat verməyib. Bu məsələni bütün nüfuzlu tribunalardan beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra da Ermənistana qarşı əsas tələblərindən biri itkin düşmüş minlərlə azərbaycanlı haqqında məlumat verməsidir. Həmçinin kütləvi məzarlıqların koordinatlarını təqdim etməsi barədədir. İrəvan isə hələ də bu tələbləri yerinə yetirməyərək xalqımıza qarşı törətdiyi cinayətləri gizlətməyə çalışır. Ancaq Qarabağ və Şərqi Zəngəzur vaxtilə Ermənistanın basdırdığı minalardan təmizləndikcə ard-arda aşkarlanan kütləvi məzarlıqlar təcavüzkar ölkənin qanlı əməllərini gün üzünə çıxarır. Erməni caniləri Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürdükləri Azərbaycan vətəndaşlarını beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycana qaytarmaq əvəzinə, onlara insan ağlına gəlməyən tükürpərdici işgəncələr verərək qətlə yetiriblər və kütləvi şəkildə basdırıblar.
İşğaldan azad edilən ərazilərdə - Xocalıda, Şuşada, Füzulidə və digər ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar itkin vətəndaşlarımızın faciəvi sonunu göstərməklə yanaşı, erməni faşizminin miqyasını da gözlər önünə sərir.
Kütləvi məzarlıqların aşkarlanması və itkin düşən şəxslərin kimliklərinin DNT analizləri ilə müəyyən edilməsi istiqamətində intensiv dövlət proqramları həyata keçirilir.
Cari il iyunun 30-na olan məlumata əsasən, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başlanılan 2021-ci ildən ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb.
2021-ci ildən itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı prosesinə başlanılıb
2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb. 2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır. Bu il iyunun 30-na olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 min 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov bu il iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən məlumat verib ki, toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.
2021-ci ilin fevral ayından etibarən işğaldan azad edilmiş ərsazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb.
O bildirib ki, bu il iyunun 30-na olan məlumata əsasən, 893 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. İşğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başlanılan vaxtdan ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Bu il iyunun 30-na olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Dəfn edilənlərdən 181-i hərbçi, 45-i isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14-ü qadın, 2-si isə azyaşlı olub.
Beynəlxalq ictimaiyyətin bu insanlıq faciəsinə uzun illər göz yummasına və Ermənistana lazımi təzyiqi göstərməməsinə baxmayaraq, Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa etdi. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması ilə Qarabağdakı cinayətkar rejim ləğv edildi, dinc əhaliyə divan tutan erməni hərbi canilər isə Bakıda ədalət məhkəməsi qarşısında cavab verməli oldular.
Bütün bunlar İlahi ədalətin yertini tapması, erməni faşizminin qurbanına çevrilən vətəndaşlarımızın qisaslarının alınması deməkdir.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”