10 Yanvar 2026 08:40
260
İQTİSADİYYAT
A- A+
Ekoloji "təhlükəsizlik zonaları"

Ekoloji "təhlükəsizlik zonaları"


Milli parkların qorunması iqlim dəyişikliyinə qarşı mübarizənin ayrılmaz hissəsidir


Təbiətin mühafizəsi, antropogen mənfi təsirlərdən qorunması məqsədilə müəyyən ərazilərdə milli parkların və qoruqların yaradılması bu gün biomüxtəlifliyin müdafiəsində ən effektli üsullardan biri hesab olunur. Xüsusi mühafizə olunan ərazilər həmçinin nadir heyvan və bitki növlərinin qorunması, yaşaması və çoxalması üçün təbii mühitdir. 

Bundan başqa, əksər ölkələrdə yaradılan milli parklar həm də yerli və xarici turistlər üçün rekreasiya məkanıdır. Təbii ki, ətraf mühitə ziyan vurmadan, onları korlamadan.

Dünyada ilk milli park 1917-ci il yanvarın 11-də Rusiyada nadir heyvanların qorunması məqsədilə yaradılmış, Baykal gölü üzərində yerləşən Barquzin Dövlət Qoruğudur. 

Ölkəmizdə də ekosistemin qorunması üçün milli parkların və qoruqların yaradılmasına önəm verilir. Hazırda Azərbaycanda ölkə ərazisinin 5,3 faizini əhatə edən 12 milli park, 1,19 faizini əhatə edən 9 dövlət təbiət qoruğu var. 

Azərbaycanda milli parkların yaradılmasına 2003-cü ildə başlanılıb. Təbii tarazlığın qorunmasına xidmət edən, xüsusi mühafizə olunan və əsasən elmi tədqiqatlar üçün nəzərdə tutulmuş qoruqların tarixi isə daha qədimdir. Belə ki, ölkəmizdə ilk qoruq 1925-ci ildə yaradılan Göygöl Dövlət Təbiət Qoruğudur.


Elmi tədqiqatlar üçün canlı laboratoriyalar...


Milli parkların və qoruqların təbiətin mühafizəsindəki rolu, bu istiqamətdə ölkəmizdə görülən son işlərlə bağlı Elm və Təhsil Nazirliyinin H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Emil Cəbrayılov qəzetimizə açıqlamasında bildirdi ki, milli parkların və qoruqların əsas rolu biomüxtəlifliyin, təbii ekosistemlərin qorunması və ekoloji tarazlığın təmin edilməsidir: "Ekoloji baxımdan mühafizə olunan təbiət ərazilərində yerləşən meşələr, dağ landşaftları, çay hövzələri və yarımsəhra ekosistemləri iqlim tənzimlənməsi, su balansının saxlanılması, torpaq eroziyasının qarşısının alınması kimi həyati vacib funksiyaları yerinə yetirir. Xüsusilə iqlim dəyişmələri fonunda belə ərazilər ekoloji "təhlükəsizlik zonaları" kimi də çıxış edir. Bununla yanaşı, milli parklar və qoruqlar elmi tədqiqatlar üçün canlı laboratoriya rolunu oynayırlar. Uzunmüddətli müşahidələrin, monitorinqlərin aparılması və ya ekoloji modelləşdirmə məqsədilə elmi tədqiqat işləri məhz qorunan ərazilərdə daha obyektiv nəticələr verir. Tədqiqatlar nəticəsində aldığımız məlumatlar isə təbii resursların davamlı idarə olunması və ekoloji risklərin qiymətləndirilməsi üçün mühüm elmi əsas yaradır".

Alimin sözlərinə görə, milli parkların yaradılmasına 2003-cü ildən başlanılsa da, həmin ərazilər daha əvvəlki dövrlərdə də xüsusi qoruq rejimi ilə mühafizə olunub. Bu da milli parklarımızın özünəməxsus təbii şəraitinin, flora və faunasının hazırkı dövrümüzə qədər qorunub saxlanılmasına imkan verib. Məsələn, Hirkan Milli Parkı dünya miqyasında nadir hesab olunan relikt və endemik meşə ekosistemlərinin qorunub saxlandığı unikal təbiət ərazisidir. Ərazi üçün xarakterik olan dəmirağacı, şabalıdyarpaqlı palıd, Hirkan şümşadı kimi bitki növləri milyon illər əvvəl formalaşmış floranın bugünədək gəlib çatmış canlı nümunələridir. Bu milli park həm də fauna müxtəlifliyi ilə seçilir. Burada nadir heyvan növlərindən olan bəbir günümüzə qədər qorunub saxlanılıb. Hazırda istər dövlət səviyyəsində, istərsə də müxtəlif təbiəti mühafizə təşkilatları tərəfindən bəbirlərin populyasiyasının bərpası istiqamətində işlər görülməkdədir. 

E.Cəbrayılov qeyd etdi ki, Şahdağ və Şirvan Milli parkları da müəyyən dərəcədə öz ekoloji xüsusiyyətlərini qoruyub saxlamış ərazilərdəndir. Ümumilikdə milli parkların özünəməxsusluğunun qorunması yalnız təbii amillərdən ibarət deyil, idarəetmə səviyyəsindən və ictimai nəzarətdən birbaşa olaraq asılıdır. 


Azərbaycanda geopark və biosfer qoruqları da yaradıla bilər


Alim işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə görüləcək işlərdən də danışdı. O dedi ki, hazırda Qarabağ zonasında rəsmi olaraq "milli park" statusu verilmiş sahələr olmasa da, bu regionda belə parklarım yaradılması ideyası davam edir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilmişdi ki, Xankəndi və Şuşa şəhərləri ilə yanaşı, Ağdərə və Xocalı rayonlarının ərazilərini də əhatə edəcək yeni milli park layihəsinin ilk xəritəsi hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur regionlarında yerləşən Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqlarında, həmçinin Laçın, Bərdə, Qubadlı, Daşaltı Dövlət Təbiət yasaqlıqlarında mühafizə rejiminin gücləndirilməsi, monitorinqlərin davamlı olaraq həyata keçirilməsi, elmi tədqiqat işlərinin aparılması olduqca böyük əhəmiyyət kəsb edir. Coğrafiya İnstitutunun əməkdaşlarının Qarabağda apardıqları tədqiqatların nəticəsi olaraq Tutqunçay və Levçayın hövzəsində qoruqların, Həkəri və Araz-Vejnəli təbiət yasaqlıqlarının yaradılması təklif edilib. Hazırda Qarabağda daha çox infrastruktur və sosial-ekoloji bərpa işləri üstünlük təşkil edir. Xankəndidə Zəfər parkının yaradılması tarixi və mədəni simvolik məzmunla yanaşı, şəhərin yaşıllaşdırılmasını nəzərdə tutur". 

E.Cəbrayılov xüsusi mühafizə olunan ərazilərdə görülən işlər barədə bildirdi ki, yeni milli parkların yaradılması, işğaldan azad edilmiş ərazilərdə qorunan təbiət ərazilərinin təşkili, infrastrukturun yaxşılaşdırılması, ekoturizm marşrutlarının inkişaf etdirilməsi, nəzarət və monitorinqlərin gücləndirilməsi, bərpa və reintroduksiya layihələri və digər işlər həyata keçirilib. 2025-ci ilin iyulunda iki yeni milli parkın - Axar-Baxar və İlisu Milli parklarının rəsmi olaraq yaradılması qorunan ərazilərin sahəsinin artmasına və bioloji müxtəlifliyin qorunmasına böyük töhfə verib. "Müxtəlif heyvan növlərinin milli parklarda reintroduksiya layihələri həyata keçirilir. Məsələn, ceyranların müxtəlif ərazilərə köçürülməsi, Avropa bizonunun ölkəmizə gətirilməsi buna nümunə ola bilər. Bu kimi addımlar ekosistemlərin bərpasına və nəsli kəsilməkdə olan növlərin qorunmasına xidmət edir. UNESCO səviyyəsində geopark və biosfer qoruqları yaratmaq üçün işlər də aparılmaqdadır. Belə qorunan ərazilərin yaradılması təbiət abidələrinin beynəlxalq statusunu gücləndirməklə, yerli geoloji irsin beynəlxalq səviyyədə tanınmasına imkan verəcək", - deyə alim əlavə etdi.


İqlim dəyişikliklərinin milli parklara və qoruqlara təsirləri


İqlim dəyişikliklərinin mənfi təsirləri demək olar ki, bütün sahələrdə özünü göstərir. Nəticədə ekosistemin tarazlığı pozulur, növlər məhv olmaq təhlükəsi ilə üz-üzə qalır. Həmçinin təbii fəlakətlər ətraf mühitin məhvinə gətirib çıxarır. Bu baxımdan qlobal istiləşmənin xüsusi mühafizə olunan ərazilərə təsirlərini də öyrəndik. 

Alim bildirdi ki, iqlim dəyişikliyi son illərdə milli parkların ekoloji vəziyyətinə birbaşa və ya dolayı yolla təsir göstərməkdədir. Temperaturun artması, yağıntı rejiminin dəyişməsi bir çox təbii ekosistemin tarazlığını pozur. Bu proseslər xüsusilə dağ, meşə və yarımsəhra ekosistemlərini əhatə edən milli parklarda daha aydın müşahidə olunur. Dağlıq ərazilərdə qar örtüyünün azalması və buzlaqların sürətlə əriməsi su ehtiyatlarının mövsümi paylanmasına təsir edir. Bu isə çayların qidalanma rejimini dəyişir, bəzi ərazilərdə yay aylarında su qıtlığı, digərlərində isə sel və daşqın riskinin artmasına səbəb olur. Apardığımız tədqiqatlar əsasında son 35 il ərzində yüksək dağlıqda buzlaq ehtiyatlarımızın 80 faizindən çoxunun itirildiyi məlum olub. Bununla belə milli parklar iqlim dəyişikliyinə qarşı təbii adaptasiya zonası rolunu da oynayır. Bu səbəbdən milli parkların qorunmasını iqlim dəyişikliyinə qarşı mübarizənin ayrılmaz hissəsi kimi qəbul  etmək lazımdır. 

E.Cəbrayılov vurğuladı ki, turizmin inkişafı milli parklar üçün həm imkanlar, həm də risklər yaradır: "Düzgün planlaşdırılmış və nəzarət olunan turizm milli parklarda təbiətin qorunmasına əlavə maliyyə mənbələri formalaşdırır. Eyni zamanda yerli əhali üçün alternativ məşğulluq imkanları yaradır ki, bu da təbiətə təzyiqin azalmasına səbəb olur. Turizmin digər mühüm müsbət təsiri ekoloji maarifləndirmə ilə bağlıdır. İnsanların milli parklarda təbiətlə birbaşa təması ətraf mühitin qorunmasına münasibəti dəyişir, cəmiyyətdə ekoloji məsuliyyət hissini artırır. Bununla belə düzgün planlaşdırılmadıqda   turizmin mənfi təsirləri də olur. Nəzarətsiz və kütləvi turizm torpaq və bitki örtüyünün tapdanması, tullantıların artması, səs-küy çirklənməsi kimi problemlərə yol aça bilir. Bu hallar heyvanların davranışına təsir göstərir, onların yaşayış areallarında, miqrasiya proseslərində problemlər yaradır. Həssas ekosistemlərdə, xüsusilə dağlıq ərazilərdə bu təsirlər daha ciddi nəticələr doğura bilir. Həmçinin turizm infrastrukturu düzgün planlaşdırılmadıqda landşaftın təbii görünüşü pozulur və ekosistemlərdə təhlükə riski artır. Nəticə olaraq, turizmin milli parklara təsiri onun idarəolunma səviyyəsindən çox asılıdır. Davamlı turizm prinsiplərinə əsaslanan və elmi əsaslarla planlaşdırılan turizm milli parklar üçün faydalı ola bilər. Əks halda ərazilərin qorunma funksiyası zəifləyə bilər".

Coğrafiya İnstitutunun əməkdaşı dedi ki, milli parklar və qoruqlar insan təsirini minimuma endirmək məqsədi daşıyır, lakin onları insan amilindən tamamilə uzaq saxlamaq da real deyil və məqsədəuyğun sayılmır. Müasir təbiəti mühafizə yanaşması təbiətlə insan arasında idarəolunan və balanslı qarşılıqlı əlaqəni əsas götürür. Xüsusilə milli parklar yalnız mühafizə funksiyası daşımır, həm də elmi tədqiqat, ekoloji monitorinq, maarifləndirmə və ekoturizm kimi fəaliyyətlər üçün nəzərdə tutulur. Bu fəaliyyətlər olmadan ekosistemlərdə baş verən dəyişiklikləri vaxtında aşkar etmək, riskləri qiymətləndirmək və adaptiv idarəetmə tədbirləri görmək çətindir. Elmi əsaslandırılmış zonalaşdırma, ziyarətçi yükünün tənzimlənməsi, daimi monitorinq və ictimai nəzarət təmin olunduğu halda insan fəaliyyəti təbiətin qorunmasına zidd deyil, əksinə, onu dəstəkləyə bilər.


Yeni milli parkların yaradılması üçün təkliflər


"Milli parklar və qoruqlar olmadan biomüxtəlifliyin qorunması mümkündürmü?" sualına cavabında elmi işçi qeyd etdi ki, milli parklar və qoruqlar olmadan bu proses effektiv və davamlı şəkildə təmin edilə bilməz: "Əgər bu ərazilər olmasaydı, biomüxtəliflik əsasən kənd təsərrüfatı, urbanizasiya, sənaye və nəqliyyat kimi antropogen təzyiqlər altında ciddi risklərlə üz-üzə qalardı. Xüsusilə həssas ekosistemlər olan dağ, meşə, bataqlıq və yarımsəhra landşaftları qorunmadan uzunmüddətli sabitliyi saxlamaq mümkün deyil. Qoruqlarda insan fəaliyyəti ciddi şəkildə məhdudlaşdırıldığından nadir növlərin çoxalma, qidalanma və miqrasiya prosesləri daha stabil şəkildə gedir. Digər mühüm məqam ondan ibarətdir ki, milli parklar və qoruqlarda yalnız ayrı-ayrı növlər deyil, bütün ekosistem qorunur. Müxtəlif fauna və flora növlərinin mövcudluğu onların yaşayış mühitinin sağlamlığından çox asılıdır. Buna görə də ekosistemlərin bütövlükdə mühafizəsi nadir növlərin qorunmasında ən effektiv yanaşma hesab olunur. Məsələn, Şirvan Milli Parkı yaradıldıqdan sonra ekosistemlərin mühafizəsi və bərpası nəticəsində ceyranların populyasiyası sabitləşib. Naxçıvanda yerləşən Zəngəzur Milli Parkı isə bezoar keçisi və digər nadir dağ fauna növləri üçün strateji əhəmiyyət daşıyır". 

Alim qeyd etdi ki, Azərbaycanda biomüxtəlifliyin və landşaft müxtəlifliyinin yüksək olması yeni milli parkların yaradılması üçün geniş potensial yaradır: "İlk növbədə, Kiçik Qafqazın yüksək dağlıq və meşəlik əraziləri həm nadir flora-fauna, həm də təbii landşaftların bütövlüyü baxımından xüsusi əhəmiyyət daşıyır. Göygöl Milli Parkının sahəsinin Gamışdağ istiqamətində genişləndirilməsi məqsədəuyğundur. Digər vacib istiqamət Böyük Qafqazın şimal-şərq və cənub yamaclarıdır. Burada dağ-meşə və subalp ekosistemlərinin qorunması üçün mövcud qorunan ərazilərin genişləndirilməsi və ya yeni milli park formatında birləşdirilməsi təklif oluna bilər. Kür-Araz ovalığı və yarımsəhra zonaları da diqqətdən kənarda qalmamalıdır. Bu ərazilər torpaq deqradasiyası, iqlim dəyişikliyi və səhralaşma risklərinə daha həssasdır. Burada yaradılacaq mühafizə olunan ərazilər həm ekosistemlərin qorunmasına, həm də landşaft səviyyəsində bərpa tədbirlərinə xidmət edə bilər. Məsələn, Sarısu gölü, Mahmudçala ərazilərində xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması əlverişlidir. Eyni zamanda Xəzər dənizi sahilyanı və su-bataqlıq ekosistemləri, xüsusilə köçəri quşların dayanacaq və qışlama əraziləri olan zonalar yeni qorunan ərazilər şəbəkəsinə daxil edilməlidir. Bu, beynəlxalq ekoloji öhdəliklər baxımından da əhəmiyyətlidir. Məsələn, Abşeron Milli Parkının Cilov adası istiqamətdə sahəsinin genişləndirilməsini, Kürün deltasında mühafizə zonasının formalaşdırılmasını təklif edə bilərik". 

Deyilənlər də göstərir ki, bu gün iqlim dəyişiklikləri və antropogen təsirlər fonunda biomüxtəlifliyin qorunması çətinləşsə də, xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi ekoloji məsuliyyəti artırmaqla insanları təbiətin mühafizəsində fəal iştiraka sövq edir, eyni zamanda müəyyən fəaliyyətlərin qarşısı alınmaqla nadir heyvan və bitkilər üçün təbii mühit qorunub saxlanılır. Bu baxımdan milli parkların yaradılması üçün böyük potensiala malik olan, həmçinin turizmin cəlbediciliyinin artırılmasına önəm verən ölkəmizdə daha çox belə parkların yaradılması mümkündür və gələcəkdə saylarının artırılması gözlənilir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!