17 Avqust 2024 08:31
311
CƏMİYYƏT, COP29
A- A+

Ekoloji tarazlıq bəşəriyyətin xilasıdır

 

Ümumbəşəri təhlükəsinə, bununla da həllinin təxirəsalınmaz vacibliyinə görə ekoloji gərginlik probleminin aradan qaldırılması   öncül  məsələlərdəndir. Ətraf mühitin mühafizəsi təkcə bir şəhər, ölkə üçün deyil, bəşəriyyət  üçün  problem olaraq təcili həllini  gözləyir. Fəxrlə qeyd edək ki, ölkəmiz ətraf mühitin sağlamlaşdırılması sahəsində səylərini fəallaşdırmaqla  bu il COP29-a  evsahibliyi edəcək.

COP29-un  Azərbaycanda  keçirilməsi ekoloji tarazlığın qorunub saxlanılması istiqamətində görülən həlledici tədbirlərdəndir. İndiyədək bütün dünyada  bu istiqamətdə müəyyən irəliləyiş olsa da,  effektli həll  üçün qənaətbəxşlik  istənilən səviyyədə deyil. Bu baxımdan   cari ilin  ölkəmizdə  "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi müstəsna əhəmiyyət daşıyır.

Karbon oksidi qazlarının   atmosferdə artması ilə iqlim dəyişikliyinin əmələ gəlməsi, okean və dənizlərin alt qatında buzlaqların əriməsi ilə suyun səviyyəsinin qalxması bəşəriyyətin həyat tərzində  qeyri-normal şəraitin  yaranmasına  səbəb olur. Cəmiyyətlə təbiətin  arasında ziddiyyətli, ögey münasibət ekoloji gərginliyi artırır. Təbiətdə baş verən ciddi iqlim dəyişiklikləri bir tərəfdən təbii fəlakətlərin, digər tərəfdən antropogen amillərin artmasının  təsirindən ekoloji tarazlığın pozulması ilə ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Nəticədə qlobal ekoloji problem yaratmaqla canlı aləmə təsir göstərir. Bəşəriyyət üçün təhlükə olan "Tac" ("Korona") və digər viruslar məhz ekoloji tarazlığın pozulması,   insanların normal həyat tərzinə ciddi mənfi  təsir göstərən  ətraf mühitin çirkləndirilməsindən meydana gəlir və planetin normal həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Bəşəriyyətin həyat tərzinin normal saxlanılmasında başlıca amil havanın zəhərli birləşmələrin təsirindən mühafizəsi, Tanrının bəxş etdiyi mühitin saflığının, təmizliyinin  qorunmasıdır. Sənayenin əksər sahələrinin sürətlə inkişafı nəticəsində ətrafa  atqıların çoxalması nəticəsində biosferin  daim çirklənməsi, bunun təhlükəli ekoloji problemə çevrilməsi və  həlli yollarının elmi əsaslarla axtarılması və tapılması bu gün bütün alimləri ciddi düşünməyə vadar edir. Çünki ekoloji problemin  həlli üçün birmənalı yekdil proqram və ya yanaşma hələlik öz yerini tutmayıb.

İnsanlar təbiətin sabit qanunlarına qarşı çıxaraq təbii sərvətlərdən şüurlu-şüursuz    halda səmərəsiz istifadə etməklə ətraf mühitin çirklənməsinə gətirib cıxarırlar. Təbii sərvətlərin səmərəsiz istismarı nəticəsində təbiət üçün böyük bəla olan tullantıların gündən-günə artmasının şahidi oluruq. Elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar  məqsədli son məhsulların alınması ilə yanaşı, külli miqdarda "yan məhsul"lar və tullantılar da əmələ gəlir. Bununla da ekoloji tarazlıq pozulur, nəticədə insanların sağlamlığına ciddi xələl gəlir.

Təbiətin saf saxlanılmasına insanların laqeyd münasibətinin nəticəsidir ki, bu gün Yer kürəsi ekoloji böhran içindədir. Dözülməz haldır ki, bu problemi biz insanlar özümüz yaratmışıq və bu təhlükəli faciəni daha da kəskinləşdirməkdə davam edirik. Sağlam ətraf mühit yaratmaq  təbiətlə mehriban  dostluq etmədən mümkün deyil. İnsanların təbiətlə münasibətlərində ekoloji bilik, ekoloji mədəniyyyət, ekoloji tərbiyə əsas amildir və bu,  mütləqdir.

Bu gün ekoloji tarazlığın saxlanılması üçün tullantısız və ya az tullantılı qapalı texnoloji proseslərin, innovasiyayönümlü texnologiyaların istehsalata tətbiqi vacib məsələ olmaqla həyata keçirilməlidir. Yaşıllaşdırma gərəkdir. Bununla da ətraf mühiti mühafizə etməklə  təbii sərvətlərimizin qənaətlə, səmərəli istifadəsinə nail olmuş olarıq. Son illərdə dünyada müxtəlif təhlükəli yoluxucu xəstəliklər çoxalmaqdadır. Bunun başlıca səbəbi ekoloji tarazlığın pozulması, sənaye və məişət tullantılarının şüursuz, məsuliyyətsiz halda ətraf mühitə atılmasıdır.

Ətraf mühitin çirklənməsinin səbəbini müəyyənləşdirmək məqsədilə inkişaf etmiş ölkələrdə ətraf mühitin mühafizə agentlikləri sorğu keçirmiş və aşağıda qeyd olunan müxtəlif səbəbləri göstərmişlər: ətraf mühitin kimyəvi maddələrlə çirkləndirilməsi;                meşələrin qırılması; okean, dəniz və su hövzələrinin neftlə çirkləndirilməsi; atmosferdə karbon oksidləri qazlarının çoxalması; vəhşi heyvanların məhv olması; torpağın eroziyası.

Bir çox alim təbiəti qorumaq üçün "geriyə, təbiətə doğru" prinsipi irəli sürürlər. Bir çoxu isə sənayenin inkişafını ətraf mühitin qorunması istiqamətinə yönəltməyi təklif edirlər.

Təbiətin flora və faunasını qorumaq məqsədilə atmosferin mühafizəsi probleminin həlli ətrafa atılan zəhərli atqıların tamamilə ləğv edilməsi, yaxud yüksək qatılıqda  toksiki maddələrin minimum həddə endirilməsi ilə bağlıdır. Atmosferin çirklənməsinin qarşısının alınması istiqamətində aşağıdakı texnoloji tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunur: tullantısız yeni qapalı texnoloji  proseslərin yaradılması; atmosferə atılan toksiki maddələrin ləğv edilməsi və ya onların azaldılması üçün texnoloji proseslərin təkmilləşdirilməsi; innovasiyayönümlü texnologiyalara yiyələnmək, ətraf mühitə atılan sənaye tullantılarının tərkibindən zəhərli birləşmələrin çıxarılaraq onların zərərsizləşdirilməsi və ya istifadəsi məqsədilə təkrar emal üsullarının yaradılması.

Əksər nəqliyyat sistemlərində qəbul olunmuş "standart"a uyğun normal istismar proseslərinə ciddi nəzarət edilməsi, atmosferə atılan qaz halındakı atqıların zərərsizləşdirilməsində əsasən onların udulması, kimyəvi çevrilmələrin aparılması, o cümlədən kondensləşmə və oksidləşmə termiki və katalitik üsullarından istifadə edilməsi gündəmə gəlir. Bu üsullar bir çox halda ya ayrılıqda və ya bir-biri ilə vəhdətdə olduqda daha səmərəli nəticələr verir. Qeyd olunan problemin geniş miqyasda həlli üçün universal texnoloji proses hələlik məlum deyil. Hər bir halda müvafiq konkret üsuldan istifadə  edilməsi tələb olunur.

Məlumdur ki, ətraf mühitin çirklənməsində qaz və maye halında olan  tullantılarla yanaşı, bərk halda olan tullantılar da ciddi ekoloji problem yaradır. Nəticədə ətraf mühitə külli  miqdarda atılan bərk aqreqat halında sənaye və məişət tullantılarının da miqdarı gündən-günə çoxalır. Belə tullantılardan ən çox ətrafa atılan plastik kütlə-polimer tullantılarıdır. Lakin plastik kütlə-polimer materiallarına böyük ehtiyac duyulduğundan və bunun müqabilində plastik kütlə-polimer istehsalı daim artdığından, onların tullantıları da  müvafiq olaraq artır. Polimer və ya plastik kütlə materialları təbiətdə öz-özünə uzun müddət çürümədiyindən, həll olmadığından, utilləşdirilmədiyindən ətrafda qalmaqla  ciddi ekoloji gərginlik yaranır və tarazlıq pozulur.

Problemin həlli istiqamətində bir çox üsul mövcuddur. Onlardan termiki zərərsizləşdirmə yolu ilə ayrılan istilikdən istifadə etmək, termiki parçalanma yolu ilə məqsədli məhsullar almaq, tullantıların təkrar emalı yolu ilə yüksək istismar göstəricilərinə malik müxtəlif kompozit materialları almaq kimi üsulları göstərmək olar. Qeyd olunan üsulların hər birinin həm üstün, həm də çatışmayan cəhətləri məlumdur. Uzun illər aparılan tədqiqatların nəticəsində plastik kütlə-polimer tullantılarının utilləşdirilməsində (və ya zərərsizləşdirilməsində) təkrar emal üsulu daha münasib üsul sayılır. Bu baxımdan yüksək fiziki-mexaniki xassəyə malik polimer kompozisiya materiallarının (PKM) alınması sahəsində elmi-tədqiqat işləri aparılır. Sözügedən üsul ekoloji və iqtisadi cəhətdən daha əlverişli sayılır.

Alınan materiallar texnikanın müxtəlif sahələrində tətbiq imkanlarına malikdir. Belə ki, onlardan texniki məqsədlər üçün müxtəlif örtüklər, borular, qutular, taralar, kanistrlər, dibçəklər  və s. alınmasında istifadə edilməsi tövsiyə olunur.

Beləliklə, ətraf mühitdə mövcud polimer tullantılarının utilləşdirilməsində təkrar emal üsulu hələlik əlverişli üsul sayılmaqla burada əsasən bahalı ilkin xammala qənaət olunduğundan iqtisadi səmərə alınır, eləcə də sadə və "tullantısız" texnologiya olduğundan ekoloji cəhətdən də böyük əhəmiyyət kəsb edir.

Ümidverici dəlillərə - elmi texniki tədqiqatlara əsaslanaraq demək mümkündür ki, bu gün tullantı sayılan məhsullar yaxın zamanda gərəkli xammala çevriləcək və onlardan təkrar emal yolu ilə qiymətli məqsədli məhsullar alınacağına heç şübhə yoxdur.

Müstəqil respublikamızın hərtərəfli inkişafı naminə bütün sənaye hədəflərini ekoloji təmiz, başqa sözlə, "tullantısız" və ya "az tullantılı", innovasiyayönümlü texnologiyalara keçirmək və istehsalata tətbiq etməklə ekoloji faciənin baş verməməsi istiqamətində daim dərin elmi tədqiqatlar-işləmələr aparmaq, ekoloji tarazlığı qoruyub sabit saxlamaq təxirəsalınmaz məsələdir. Bu da nəticədə bəşəriyyətin sağlamlığıdır, rəhnidir. Yoxsa bəşəriyyət daha ciddi təhlükəyə məruz qalar.

 

Valeh CƏFƏROV,

AMEA-nın  müxbir üzvü,

kimya elmləri doktoru, professor

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video