06 Oktyabr 2024 08:25
3186
CƏMİYYƏT
A- A+
Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...

Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...


Günlər ötüb keçdikcə ölkəmizin daim gözəlləşən paytaxtı Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi vaxt addım-addım yaxınlaşır. Konfransın keçiriləcəyi günlərdə şəhərimiz xeyli qonaqlı-qaralı olacaq. 

Ölkəmizə gəlmiş konfrans iştirakçıları dünya üçün mühüm əhəmiyyət daşıyan tədbirin davam etdiyi günlərdə şəhərimizin görməli tarixi yerlərini də gəzib, əsrlərin dərinliyindən xəbər verən abidələrlə yaxından tanış olacaqlar. Deməli, həmin günlər mədəniyyətimizin, uludan ulu olan tarixi keçmişimizin, abidələrimizin, bir-birindən dəyərli adət-ənənələrimizin təbliği üçün əlverişli imkan yaranacaq. Həm də mədəniyyətimiz, qədim tarixi məkanlarımız dünyada tanınacaq.

Ulu keçmişimizi, qədim mədəniyyətimizi tanıtmaq üçün isə şəhərimizdə yüzlərlə, minlərlə tarixi məskənlərimiz, kənd və qəsəbələrimiz var. Belə yerlərdən biri də COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionundan çox da uzaqda olmayan Balaxanıdır. Bu qədimdən qədim kənd təkcə əsrlərlə yaşı olan tarixi abidələri ilə deyil, həm də buradakı zəngin neft yataqları ilə də tanınmışdır. XIX əsrin 60-cı illərinin sonlarından başlayaraq, qədim Balaxanı şəhərimizin əsas neftçıxarma mədənlərindən birinə çevrilmişdi. Bundan sonra onun şöhrəti yaxın və uzaq ölkələrə yayılmışdı.


Kəndin "qızıl dövrü"


1869-cu ildə isə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılıb. Zaman keçdikcə, texnologiya yeniləndikcə bu üsulla qazılan quyuların sayı daha da artıb. Balaxanı neftinin şan-şöhrəti dünyaya yayıldıqdan sonra xarici ölkələrin şirkətləri bu qədim və "qara qızıl"la zəngin olan kənddə ərazilər almağa başlayıblar. Qısa müddətdə Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri burada mədənlər salıb, quyular qazıblar. Balaxanı neftinin şan-şöhrətini eşidən dünyaca məşhur Robert Nobel də Bakıya gəlib. 1873-cü ildə şəhərimizə gələn R.Nobel Balaxanıda neft istehsalı proseslərini daha da sürətləndirib. Tarixi mənbələrdən məlum olur ki, əsrlər boyu Balaxanı kəndi Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən birinə çevrilib. Bütün bu illər Balaxanının tarixinə böyük hərflərlə yazılıb. Bununla da, əgər belə demək mümkünsə, Balaxanı kəndinin "qızıl dövrü" başlayıb. 

Bu gün də Balaxanıda quyular işləyir, neft çıxarılır, insanlar bu qədim diyarda firavan ömür sürürlər. Dünyada ilk neft quyularının qazıldığı, tarixi abidələrlə zəngin olan Balaxanı kəndi hazırda yeni siması ilə ürəkləri, qəlbləri fəth edir. Vaxtilə ekoloji fəlakət zonası olan bu kənd Azərbaycan Pezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində çoxlarının həsəd aparacağı bir məkana çevrilib. Quruculuq və bərpa işlərindən sonra kənd əvvəlki görkəmini demək olar ki, tamamilə dəyişib. Sakinlərin yaşaması üçün burada çox rahat şərait yaradılıb. Balaxanıda uğurla həyata keçirilən layihələr nəticəsində görülən işlər sakinlərlə bərabər, kəndə gələn xarici qonaqların və turistlərin də diqqətini cəlb edib. Əgər COP29-un iştirakçıları Balaxanını ziyarət etsələr, bənzərsiz, heyranedici gözəlliklərlə tanış olacaqlar. Onlar gözəl mənzərələri ömürləri boyu unutmayacaqlar. Çünki Balaxanı mədəniyyət tariximizin qiymətli bir parçası, şanlı səhifəsidir.


Balaxanıya xüsusi diqqət və qayğı göstərilir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci il sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq və quruculuq işləri ilə tanış olarkən sakinlərlə də görüşüblər. Görüş zamanı Prezident İlham Əliyev Balaxanı kəndinə xüsusi diqqətin olduğunu vurğulayaraq demişdir: "Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanıya mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də əlbəttə ki, bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi".

Dövlət başçısı daha sonra demişdir ki, bu, işlərin birinci mərhələsidir. Hələ işlər başa çatmayıb, görüləsi işlər çoxdur və biz bunları da tədricən edəcəyik: "Bir daha demək istəyirəm ki, əsas məqsəd Balaxanıda - bizim bu qədim yaşayış yerində, ölkəmizin qədim yaşayış məskənində insanlar rahat yaşasınlar, daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, ekoloji vəziyyət yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun".

Artıq neçə ildir ki, Balaxanıda aparılmış quruculuq və bərpa işləri başa çatıb. Demək olar ki, kənd əvvəlki görkəmini tamamilə dəyişib. Sakinlər abad küçələri, təmiz havası və təmiz suyu olan bu məkanda əmin-amanlıq içində yaşayırlar. Kənd xarici qonaqları və turistləri də qəbul edir. Balaxanıya gələn turistlər burada gördükləri bənzəsiz mənzərələrdən zövq alır, tariximizin qədimliyinə heyran olurlar. 

Bir payız günündə Balaxanının bənzərsiz mənzərələrinə, bir-birinə oxşamayan küçələrinə, enli-ensiz dalanlarına, irili-xırdalı meydanlarına, tarixi abidələrinə və başqa gözəlliklərinə tamaşa etmək üçün yolumuzu buradan saldıq. İstər əşya, istər canlı varlıq, istərsə də tarixi məkan olsun, hər birinin adı çox şey deyir, çox şeyi ifadə  edir. Ad sanki həmin əşyanın, yerin, canlının şəxsiyyət vəsiqəsidir, onun kimliyidir. Öyrəndik ki, "Balaxanı" sözünün mənası yuxarıda tikilmiş, bütün nöqtələrdən görünən ev, yaşayış məskəni deməkdir. "Bala" hər tərəfdən görünən, "xonə"  isə ev deməkdir. 


Şəhidlər hörmətlə anılır, ehtiramla xatırlanır


Getdiyimiz, gördüyümüz hər daşdan, hər döngədən, hər küçədən qədimlik yağırdı. Sanki addımladıqca daş kitabın səhifələrini irəli vərəqləyirdik. Yolun bölünən, haçalanan yerlərində həm piyadalar, həm də sürücülər üçün bir növ bələdçi lövhələr vurulub. Bu lövhələr kəndin gözəlliyini ziyarət etməyə gələnlərə bələdçilik edir, istiqamətləri göstərir. 

Yolun kənarındakı balaca bir "musiqi guşəsi" diqqətimizdən yayınmadı. İlk dəfə Balaxanını ziyarətə gələn qonaqlar və turistlər bu nöqtədə mütləq ayaq saxlamalı olurlar. Çünki burada dayanmamaq, bu kiçik mənzərəyə tamaşa etməmək mümkün deyil. Guşəyə nağara, qarmon və qədim musiqi alətimiz olan zurna qoyulub. Bir anlıq bu alətlərdən qopan şən musiqi sədaları qulaqlarımızda səslənir. Guşədə diqqətimizi çəkən maraqlı bir cəhət də bu musiqi alətlərinin qarşısına sinidə çay dəsgahının qoyulması oldu. Yəni bununla demək istədilər ki, musiqi olan yerdə mütləq çay içilməlidir. Ya da əksinə, çay içilən yerdə mütləq musiqi səslənməlidir. Musiqi həyatımızın, mənəviyyatımızın yaraşığı və bəzəyidir.

Daş döşənmiş küçələrdən keçdikcə divarlara vurulmuş mozaikalar, çəkilmiş müxtəlif rəsmlər də diqqətimizi cəlb edirdi. Bu rəsmlər, bu mozaikalar küçələri, döngələri daha yaraşıqlı, daha bəzəkli göstərirdi. Divarlara çəkilən hər kiçik bir xətt, yerə döşənən hər kiçik bir daş parçası ətrafı daha da gözəlləşdirirdi.

Kənddə yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi daim əziz tutulur. Vətən oğulları həmişə hörmətlə anılır, ehtiramla xatırlanır. Evlərdən birinin divarına vurulan lövhədə bu sözləri oxuyuruq: "Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş (22.12.1962-1992) Abdullayev Mehman Yolçu oğlu bu evdə yaşamışdır". Kəndin girəcəyində isə şəhid İbrahimov Müşfiq Nəbi oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün onun adına "Xatirə bulağı" tikilib. Bütün bunlar bir daha göstərir ki, Balaxanı kəndinin sakinləri şəhidləri heç vaxt unutmur və unutmayacaqlar. 


Sakinlər kəndləri haqqında böyük sevgi ilə danışdılar

 

Vaxt ötdükcə küçələrdə adamların da, maşınların da sayı artır, səs-küy çoxalır. Çörək mağazasının qarşısında dayanmış kənd sakinlərinə yaxınlaşıb tanış oluruq. Məmməd Əlizadə 1984-cü ildə Balaxanıda doğulub. O, qoynunda dünyaya göz açdığı bu gözəl məkanın dünənindən, bu günündən böyük sevgi ilə danışdı: "Kəndimizlə fəxr edir, qürur duyuram. Ona görə ki, Balaxanı Bakı şəhərinin ən qədim yaşayış məskənlərindən biridir. Çox sevinirəm ki, kəndimizin qədimliyi bu gün qorunub saxlanılır. Ölkəmizdə keçiriləcək COP29-da iştirak edənlər əgər Balaxanıya gəlsələr, bu yerlərin gözəlliyinə heyran qalacaqlar".

Çörək mağazasında satıcı işləyən Mübariz Əzimovla da söhbət etdik. O dedi ki, Balaxanı həmişə qonaq-qaralı olur: "Burada qədim el sənətləri də daim yaşadılır. Demək olar ki, Balaxanıda bütün sənət növlərinin ustalarını tapmaq mümkündür. Papaqçı, çəkməçi, pinəçi, qalayçı, saatsaz və başqa peşə sahiblərinin fəaliyyət göstərməsi üçün kəndimizdə əlverişli şərait yaradılıb. Bir iş də ürəkaçandır ki, oğullar atalarının sənət yollarını sevə-sevə davam etdirir, onu ölməyə, unudulmağa qoymurlar. Yeri gəlmişkən, deyim ki, mən də atamın yolunu davam etdirirəm. Bir vaxtlar atam İdris Əzimov mənim indi işlədiyim çörək mağazasının müdiri olub. İndi mən burada satıcı işləyirəm. Mən çörəyin ətri, qoxusu ilə böyümüşəm. Bu sahənin təcrübəli işçisi kimi bir faktı da qeyd etmək istəyirəm. Əvvəllər çörək ancaq xüsusi mağazalarda satılırdı. Amma təəssüflər olsun ki, indi çörəyin ərzaq, tərəvəz mağazalarında satıldığını görürük. Narahatam ki, bir gün çörəyin təsərrüfat mağazalarında da satışının şahidi olaq. Bu sahənin mütəxəssisi kimi istərdim ki, çörək yenə də əvvəlki kimi ayrıca mağazalarda satılsın". 

Qoynunda doğulduqları və yaşadıqları kəndləri ilə fəxr edib öyünən sakinlərlə söhbətimizi bitirib keçmişini daim  özündə yaşadacaq küçələrlə irəli addımlayırıq. 


Dünən daşlara oyulanlar bu gün yaddaşlara köçürülür


Keçmişə olan sevgi qəlblərdən, ürəklərdən silinmir ki, silinmir. Bəzən gördüyümüz köhnə bir detal bizə ötən illəri, ötən zamanları xatırladır. Balaxanının keçmişi xatırladan küçələrindən keçənlər bir zamanlar insanlara xidmət etmiş, bu günlər artıq muzey eksponatına çevrilmiş texniki vasitələrin eskizlərini də görürlər. Görünən bu eksponatlar insanların illərdən bəri üst-üstə yığılıb qalaqlanmış xatirələrini oyadır. Yolun sol tərəfində qoyulmuş kino göstərən qurğunun, lentin və bu lentlərin yerləşdiyi qabların eskizləri bizi yaxın keçmişə apardı.  Bir vaxtlar kinomexaniklər bu qurğulardan istifadə edərək kinoteatrlarda tamaşaçılara filmləri göstərirdilər. Artıq bu qurğular tarixin arxivinə verilib. 

Yaxın keçmişimizi bizə xatırladan bu eskizlərə baxa-baxa qədim Balaxanının küçələrinin gözəlliyinə heyran qalırıq. Kənd elə salınıb ki, bütün darısqal yollar geniş bir meydana gəlib çıxır. Burada üst-üstə səliqə ilə düzülmüş, müxtəlif formalı, müxtəlifölçülü ərəb əlifbası ilə yazılmış daşlar diqqətimizi cəlb edir. Daşlardan birinin üstündə səhəng rəsmi oyulmuşdu. Bu daşlar bir daha Balaxanının qədimliyindən xəbər verən kitabələrdir. Sevindirici odur ki, dünən daşlarda oyulanlar bu gün yaddaşlara həkk olunur. Böyüməkdə olan nəsillər tariximizi böyük həvəslə, sonsuz sevgi ilə öyrənib təbliğ edirlər.

Geniş meydanın yaxınlığındakı qədim tikili bura ilk addımını atanların diqqətindən yayınmır. Kənd sakinlərindən öyrənirik ki, bu köhnə tikili "Qum hamamı"dır. Onun tarixi bizi yüz il, min il əvvələ aparıb çıxarır. Tarixin səhifələrini vərəqlədikcə öyrənirik ki,  torpağın altında tikilən, Balaxanıda nadir hamamlardan sayılan "Qum hamamı" 2 əsas və 16 kiçik otaqdan ibarətdir. Hamamın tikilisi bu gün də baxanlarda  heyrət doğurur. Sevindirici haldır ki, 1928-ci ildə tarixi abidələrin bərpası üçün Bakıya gəlmiş görkəmli etnoqraf, arxeoloq İvan Pavloviç Şeblıkin "Nizami dövrünə aid memarlıq abidələri" kitabında "Qum hamamı"ndan da ətraflı söz açmışdı. Arxeoloqun yazdığına görə, şöhrəti hər yerə yayılan indi qarşısında dayanıb heyrətlə baxdığımız hamam XIV əsrə aid tarix-memarlıq abidəsidir. 


Balaxanı kəndinin sakinləri Prezidentə minnətdarlıq etdilər

 

Küçələrdən birində körpə övladını, nəvəsini Balaxanının qədim küçələrində gəzdirən ana və nənə ilə qarşılaşdıq. Onlar bu ilıq payız səhərində balaca Yeganəni gəzdirməyə çıxarmışıdlar. 

- 35 ildən çoxdur ki, Balaxanıda yaşayırıq, - deyə Xuraman Mütəllimova bizimlə söhbətə başladı. - Əvvəlki illər kənd indiki kimi gözəl və səliqəli deyildi. Üç-dörd il əvvəl hörmətli Prezidentimiz 

İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Balaxanıda geniş quruculuq və bərpa işləri aparıldı. Ondan sonra sakini olduğumuz kənd sanki tarixi keçmişinə qayıtdı. Getdikcə gözəlləşdi və abadlaşdı. Balaxanı sakinlərinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlığımızı bildiririk. İndi kiçiklərin də, böyüklərin də dincəlmək, gəzmək və istirahət etmələri üçün kənddə gözəl şərait yaradılıb. Qızım Nərminlə bərabər nəvəm Yeganəni Balaxanının yaraşıqlı küçələrində gəzdiririk. Qoy uşaqlar elə bu yaşlarından qoynunda dünyaya göz açdıqları bu qədim kəndi tanısınlar və sevsinlər. Bilirik ki, noyabr ayında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  keçiriləcək. İndi ölkəmizdə bu beynəlxalq tədbirə çox ciddi hazırlıq işləri aparılır. Əgər bu tədbirdə iştirak edənlər Balaxanı kəndini ziyarət etməyə gəlsələr, xalqımızın qədim mədəniyyətə malik olduğunu canlı-canlı görəcəklər.  

Həmsöhbəti olduğumuz Balaxanı kəndinin sakinlərindən yalnız xoş sözlər eşitdik. Bu, onların qonaqpərvərliyindən, Vətənə olan sevgilərindən, yurda olan bağlılığından xəbər verirdi. Həmişə qonaq-qaralı olan Balaxanı kəndinin qapıları turistlərin də, COP29-un nümayəndələrinin də üzünə həmişə açıqdır. 

Bir neçə saat ərzində bizi uzaq illərə, əsrlərə aparan, keçmişlə bu günü qədimliyində və müasirliyində birləşdirən Balaxanıdan xoş təəssüratlarla ayrıldıq. İnandıq ki, COP29-un davam etdiyi günlərdə bu qədim yaşayış məntəqəsi həmişəki kimi qonaq-qaralı olacaq.


Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!