19 Sentyabr 2023 09:25
1680
Elm və texnika
A- A+
Əbədiləşən alim ömrü

Əbədiləşən alim ömrü

 

O, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, professor idi

 

Ömrünün qədəri əlli üç il oldu. Xatirələrdə, elm aləmində yaşı isə sonsuzluğa qovuşdu. İstedadının və əməyinin sayəsində həyata keçirmiş olduğu işlərlə Aida İmanquliyeva əbədiyyətdə məkan tapdı...

Elmin çətin və şərəfli yolu...

O, 1939-cu il oktyabrın 10-da Bakıda dünyaya gəldi. Aida xanım görkəmli jurnalist, Əməkdar elm xadimi, uzun illər "Bakı" və "Baku" qəzetlərinin redaktoru vəzifəsində çalışmaqla bərabər, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyən Nəsir İmanquliyevlə Şamaxının əsilzadə nəslindən olan Gövhər İmanquliyevanın (Sultanzadə) yeganə övladı, gözlərinin nuru, onların ən böyük ümidi, sevinci idi. Aida İmanquliyeva uşaqlıq çağlarından sevgi və nəvazişlə əhatə olunmuşdu. Valideynləri onu vətənə gərəkli bir övlad kimi böyüdür, tərbiyə verirdilər.

Kiçik yaşlarından oxuyub öyrənmək marağı ilə gələcəyinin uğurlu olacağına həm valideynlərini, həm də Bakının 132 saylı orta məktəbində ona dərs deyən müəllimlərini inandırdı. Bakının bu məşhur təhsil ocağını qızıl medalla başa vurdu. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə qəbul oldu. Orta məktəbdə olduğu kimi, ali məktəbdə də savadlı, bacarıqlı, çalışqan tələbə kimi müəllimlərini ümidləndirdi. Universiteti 1962-ci ildə fərqlənmə diplomu ilə bitirdi. Hansı sahədə çalışsaydı, biliyi, istedadı  və zəhmətsevərliyi onu tanıdacaq, ucaldacaqdı. Aida İmanquliyeva elmin çətin və şərəfli yolunu seçdi. O, 1966-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını ərəb filologiyası üzrə bitirdi, uğurla "Qələmlər cəmiyyəti" və Mixail Nüaymənin onun yaradılmasında rolu" adlı namizədlik dissertasiyasını müdafiə etdi. Ölkənin aparıcı mütəxəssisləri onun dissertasiya işini yüksək dəyərləndirdilər. Həmin il doğma Bakıya qayıtdı. Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda böyük arzularla, tükənməz həvəslə fəaliyyətə başladı. İlk günlərdən işinə məsuliyyətlə yanaşırdı.

Oxuyub öyrəndiklərinə, araşdırdıqlarına qane olmaqla və yalnız fitri istedadına güvənməklə böyük arzulara çatmağın mümkünsüzlüyünü yaxşı bilirdi. Aida xanımın həyata keçirmək istədiyi işlər həddindən artıq çox, olduqca çətin və gərəkli idi. Gənc alim yorulmadan çalışır, fitri istedadını zəhməti ilə cilalayırdı. Böyük həvəslə və qətiyyətlə apardığı araşdırmaların nəticələri dəyərli əsərlərdə əksini tapırdı.

1975-ci ildə iki monoqrafiyası çapdan çıxdı. "Qələmlər cəmiyyəti" və Mixail Nüaymə" adlı birinci monoqrafiya namizədlik dissertasiyası əsasında hazırlandı, SSRİ EA Şərqşünaslıq İnstitutu tərəfindən çapa tövsiyə edildi və Moskvada "Şərq ədəbiyyatı" nəşriyyatında nəşr edildi. Əsəri yüksək dəyərləndirən moskvalı alim İ.E.Bilık bildirirdi: "Aida xanımın kitabı müasir ərəb ədəbiyyatına güclü təsir göstərmiş ərəb mühacirət ədəbiyyatı kimi mühüm və maraqlı hadisəyə həsr olunmuşdur. Bu əsər sovet ərəbşünaslığında A.E.Krımski və İ.Y.Kraçkovskidən sonra, əslində, ilk ciddi işdir". Aida İmanquliyevanın həmin il Bakıda "Elm" nəşriyyatında çapdan çıxan "Cübran Xəlil Cübran" monoqrafiyası da ərəbşünas alimlər tərəfindən böyük rəğbətlə qarşılandı.

 

İstedad, zəhmət və məsuliyyətin gətirdiyi uğurlar

Uğurları onu nəinki arxayınlaşdırmır, özünə qarşı məsuliyyət hissini daha da artırırdı. Elmi fəaliyyəti gündən-günə genişlənirdi. Artıq onu yalnız Azərbaycanda deyil, dünya şərqşünaslıq elmində bir-birindən maraqlı, sanballı elmi əsərlərin müəllifi kimi tanıyır, istinad edirdilər.

Aida İmanquliyevanın 70-dən çox məqaləsi müxtəlif ölkələrin nüfuzlu elmi jurnallarında dərc olundu. O, SSRİ Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatlarının Tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü seçildi. Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle, Tbilisi, Düşənbə və başqa şəhərlərdə təşkil olunan elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etdi. Bu məruzələr müzakirələrə səbəb olur, uzun müddət yaddan çıxmırdı.

1989-cu ildə Tbilisidə filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi onun növbəti uğuru oldu. 1991-ci ildə "Elm" nəşriyyatında Aida İmanquliyevanın uzun illər üzərində işlədiyi bu dissertasiya əsasında hazırlanmış "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyası işıq üzü gördü.  Monoqrafiya haqqında çoxsaylı məqalələr, rəylər yazıldı. Alimlər tərəfindən tədqiqatın elmi əhəmiyyəti xüsusi qeyd edildi. "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyası yalnız Azərbaycanın deyil, bir çox ölkələrin şərqşünasları üçün əlamətdar hadisə oldu.

 

Azərbaycan şərqşünaslıq elminin inkişafına dəyərli töhfələr

Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin inkişafına dərin araşdırmaları, qələmə aldığı orijinal elmi əsərləri ilə dəyərli töhfələr verirdi. Güclü elmi-təşkilatçılıq qabiliyyəti isə onu vəzifə pillələrində yüksəldirdi. Aida xanım 1966-1976-cı illərdə kiçik elmi işçi, sonra baş elmi işçisi olduğu Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda 1972-ci ildən ərəb ədəbiyyatı qrupuna rəhbərlik etdi. 1976-cı ildən yeni yaradılmış ərəb filologiyası şöbəsinin müdiri seçildi. 1988-ci ildə o, institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edildi. 1991-ci ildən isə institutun direktoru oldu.

Fəaliyyətə başladığı ilk illərdən ona istedadlı, zəhmətsevər alim kimi, həm də yüksək insani keyfiyyətlərinə görə rəğbət bəsləyirdilər. Böyük və zəngin ənənələrə malik bir elmi instituta rəhbər seçilməsi Aida İmanquliyevaya uzun illər çalışdığı bu doğma elm ocağının problemlərini həll etmək imkanını genişləndirdi. Vacib məsələlər yenidən nəzərdən keçirildi. İnstitutun yeni strukturu hazırlandı. Tezliklə Aida İmanquliyevanın rəhbərliyi altında mühüm elmi işlərin, tədqiqatların həyata keçilməsinə qərar verildi.

Arzuları kimi görəcəyi işlər də çox idi. Ancaq ölkədə gərgin, mürəkkəb ictimai-siyasi hadisələr baş verirdi. Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) hökmranlığı bitmişdi. Azərbaycanın müstəqilliyinə qovuşması onu fərəhləndirirdi. Vətənsevər, millətpərvər ziyalılarımızdan olan Aida xanım üzərinə düşən məsuliyyəti yaxşı bilirdi. Azərbaycan müstəqilliyinin ilk çağlarında ağır sınaqlarla üzləşmişdi. Yaranan iqtisadi böhran bütün sahələrdə olduğu kimi, elmi müəssisələrdə də işləri çətinə salmışdı.

Belə ağır vaxtlarda Şərqşünaslıq İnstitutunun direktoru görüləcək labüd işləri dəqiqləşdirdi. Nə zamanın çətinliyi, nə də qarşıda duran işlərin həddindən artıq çox olması onu yormur, həvəsdən sala bilmirdi. Kadr hazırlığına diqqətin artırılması, bir sıra əməkdaşların instituta cəlb edilməsi, attestasiya aparılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılması lazım idi. Eyni zamanda institutun fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-publisistik jurnalın təsis olunması da həyata keçirilməsi vacib olan işlər sırasında idi. Azərbaycan şərqşünaslıq elminin inkişafı naminə görüləcək bu işləri reallaşdırmaq asan deyildi. O, qətiyyətlə çalışır, müşkülləri aşmağa səy göstərirdi. Çətinlikləri, laqeydlikləri gördükcə ruhdan düşmürdü. Elmi işçilərin hər birinin qayğısına qalır, daha yaxşı çalışa bilmələrinə şərait yaradırdı. Direktorun iradəsi, qətiyyəti və əzmkarlığı əməkdaşları da həvəsləndirirdi. Şərqşünaslıq İnstitutunda canlanma yaranırdı.

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşriyyat bazasının yaradılması üçün danışıqlar aparılırdı. İnstitutun İran və Türkiyənin konsulluqları vasitəsilə həmin ölkələrlə elmi əlaqələri genişləndirilirdi.

Həmin illərdə Azərbaycanın üzləşdiyi ən böyük problemlərdən biri işğalçı ermənilərin Dağlıq Qarabağı münaqişə ocağına çevirmələri idi. Vətənini çox sevən görkəmli ziyalı müxtəlif ölkələrin nümayəndələri ilə görüş və söhbətlərində, yüksək tribunalardan etdiyi çıxışlarında erməni yalanlarından, Ermənistanın işğalçılıq siyasətindən danışır, əsl həqiqətləri dünyaya çatdırmağa çalışırdı.

Aida İmanquliyeva SSRİ və Azərbaycan rəhbərliyinə institut adından etiraz müraciətləri göndərmişdi. Şərqşünaslıq İnstitutunda Aida xanımın tapşırığı ilə yüz il ərzində törədilmiş erməni cinayətləri, onların barəsində mətbuatda, arxivlərdə olan məlumatların yer verildiyi "Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada. Hadisə və faktların xronikası" adlı kitab hazırlandı. Kitab əvvəl ərəb dilində işıq üzü gördü.

Aida İmanquliyevanın çoxşaxəli yaradıcılığında tərcüməçilik fəaliyyətinin də xüsusi yeri var. O, müxtəlif illərdə Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru oldu.

Aida xanımın müstəqil Azərbaycanın savadlı, vətənpərvər gənc nəslinin yetişdirilməsində xidmətləri təqdirəlayiq idi. Belə ki, Aida İmanquliyeva həm də bacarıqlı pedaqoq idi. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə 1991-ci ilin martında ona professor elmi vəzifəsi verildi. Aida İmanquliyeva Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor oldu.

Fəaliyyət dairəsinin geniş olması elmi işlərinə mane olmurdu. Yorulmaq bilmədən apardığı araşdırmaların nəticələri yeni tədqiqat əsərlərində əksini tapırdı. Görkəmli alim xalqının bağlı olduğu Şərq qədər Qərb mədəniyyəti və ədəbiyyatını da dərindən bilirdi. Şərq və Qərb mədəniyyətinin sintezi, yaradıcı üslub və yeni bədii cərəyanların təşəkkülünü tədqiq edirdi. Onun elmi yaradıcılığında bu iki mədəniyyətin vəhdəti mühüm yer tuturdu.

Aida İmanquliyeva çoxşaxəli yaradıcılığına, elmi-təşkilati işlərinin çoxluğuna baxmayaraq, ailəsinə, övladlarına, nəvələrinə sevgisini, qayğısını, nəvazişini heç vaxt əsirgəməzdi. O, qayğıkeş qadın, əziz ana, sevimli nənə idi.

Kiçik qızı Mehriban Əliyeva Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir.

Böyük qızı Nərgiz Paşayeva filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədridir. Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəridir.

Görkəmli alim, pedaqoq, tərcüməçi Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da dünyasını dəyişdi. Dərin elmi əsərləri və tanıyanların yaddaşında qalan  nurlu xatirələri Aida xanımın yaşının əlli üçüncü ilində əbədiləşən ömrünü davam etdirir.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!