03 Sentyabr 2024 08:50
117
SİYASƏT
A- A+

“Dürüst və ədalətli seçki”

 

Azərbaycanda keçirilən parlament seçkiləri xarici KİV-də yüksək qiymətləndirilir

 

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri bir daha təsdiq etdi ki, ölkəmiz demokratiya yolu ilə inamla irəliləyir. Ona görə də bu mühüm siyasi hadisə bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə demokratik və azad seçkilərdən biri kimi düşdü. Azərbaycanın bütün suveren ərazisində keçirilən seçkinin nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən populyar xarici KİV tərəfindən də yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin ədalətli və şəffaf keçirildiyi öz əksini tapdı.
Türkiyənin "Anadolu" Agentliyi, TRT media qurumu, "Milliyet", "Cumhuriyyet", "Son dakika", "Haberler.com", "Ensonhaber", "Son dakika", "Haber Global" kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağlı yazılı və videoxəbərlər hazırlayıb. "Azərbaycan Prezidenti və xanımı Milli Məclis seçkilərində səs verdilər", "Azərbaycan Prezidenti Əliyev Milli Məclis seçkilərində səs verdi", "Azərbaycan seçki prosesində: Qarabağda seçki keçirilir", "YSK sədri Ahmet Yener: Azərbaycanda seçkilər nizamlı və şəffaf şəraitdə keçirilib", "Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk", "30 il aradan sonra Azərbaycan bütün torpaqlarında seçki keçirir", "Qardaş ölkə Azərbaycan seçki prosesində" kimi bir çox sərlövhələrlə yayımlanan xəbərlərdə parlament seçkilərinin ölkəmizin bütün ərazilərində keçirilməsinə vurğu edilib.
Məqalələrdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakıda səs verdikləri bildirilir. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın erməni işğalından azad etdiyi bölgələrində də seçki qutuları qoyulub ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirilib.
Parlament seçkiləri Rusiya mediasının da diqqət mərkəzində olub. Belə ki, Rusiya mətbuatında budəfəki parlament seçkilərinin Azərbaycan tarixində xüsusi yer tutduğu, ölkənin müstəqillik dövründə ilk dəfə bütün suveren ərazisində keçirildiyi və xalqın birliyini ifadə etdiyi açıqlanır. 
Rusiyalı müşahidəçilərdən biri, Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov "Vestnik Kavkaza" agentliyinə müsahibəsində bu seçkilərin Azərbaycan üçün əhəmiyyətindən danışaraq, səsvermənin ölkəmizin bütün suveren ərazisində keçirildiyini qeyd edib. O, Rusiyanın Azərbaycanın siyasətini tam dəstəklədiyini, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Agentliyin digər həmsöhbəti, MDB PA-nın Baş katibi Dmitri Kobitski parlament seçkilərinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səsvermənin təşkilinə dair hər hansı nöqsan qeydə almayıb. Onun sözlərinə görə, seçki məntəqələri və məntəqə seçki komissiyaları yaxşı hazırlanıb, yerli müşahidəçilərdən də heç bir şikayət daxil olmayıb.
"News.ru" nəşri Rusiya-Belarus Parlament İttifaqının nümayəndə heyətinin üzvü Nataliya Kosixinanın rəyini oxuculara təqdim edib. O bildirib ki, seçkilər demokratik normalara və prosedurlara uyğun keçirilib. Səsvermənin gedişinə təsir göstərə biləcək qanun pozuntusu qeydə alınmayıb. 
Şuşadakı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hosseyn də nəşrə müsahibəsində parlament seçkilərinin nöqsansız keçdiyini deyib.
"Mir" Dövlətlərarası Teleşirkətinin reportajında isə qeyd olunub ki, səsvermə prosesini 600-ə yaxın beynəlxalq müşahidəçi izləyib. MDB Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin seçki məntəqələrində əyani materialların olduğunu qeyd edib, məntəqə seçki komissiyasına öz müşahidəçilərini ayırmış siyasi təşkilatların da səsvermənin gedişini izləməsini müsbət hal kimi qiymətləndirib.
"Belarus seqodnya" nəşri MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimovun rəyini öyrənib. L.Anfimov seçicilərin səsverməyə məsuliyyətlə yanaşdıqlarını, səs verəcəkləri namizədi yaxşı tanıdıqlarını diqqətə çatdıraraq, bunun seçki prosesinin düzgün aparılmasının nəticəsi olduğunu deyib.
TASS agentliyi də parlament seçkilərinin gedişini ətraflı işıqlandırıb. MDB müşahidəçilər missiyasının üzvlərinin rəylərinin yer aldığı materialda bildirilir ki, səsvermə məntəqələri texniki cəhətdən mükəmməl təchiz olunub. 
"Rossiyskaya qazeta" nəşri xatırladır ki, bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra keçirilən ikinci seçkilərdir. Azərbaycanda prezident seçkilərinin fevral ayında reallaşdığı qeyd olunan materialda deputat mandatı uğrunda 990 namizədin mübarizə apardığı diqqətə çatdırılır.
"İnterfaks" agentliyi "exit-poll"un nəticələrini yayımlayıb. Agentlik ilkin hesablamalara əsasən, 7-ci çağırış Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin çoxluq təşkil etdiyini bildirib.
Qazaxıstan mediası da Azərbaycanın bütün suveren ərazisində keçirilən parlament seçkisini geniş işıqlandırıb. "Kazinform" nəşri bildirir ki, seçkiləri ATƏT, MDB, ŞƏT və TDT kimi təşkilatların nümayəndələri də daxil olmaqla 598 beynəlxalq, həmçinin 112 749 yerli müşahidəçi izləyib. Eyni zamanda 65 minə yaxın yerli müşahidəçi 25 siyasi partiyanı təmsil edib.
"Newtimes.kz" portalı Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova istinadla yazıb: "Ümumilikdə, Milli Məclisə seçkilərdə 990 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 305-i siyasi partiyalar tərəfindən irəli sürülüb, 371-i isə partiya mənsubiyyətinə baxmayaraq, seçkilərdə müstəqil namizəd kimi iştirak edib. Qalanları öz namizədliyini irəli sürən şəxslərdir".
"İnbusiness.kz" saytındakı məqalədə qeyd edilib ki, MDB müşahidə missiyasının rəhbəri Leonid Anfimov bir sıra seçki məntəqələrinə baş çəkdikdən sonra seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bəyan edib. 
"Baigenews.kz" internet resursu isə yazıb ki, Azərbaycanda keçirilən parlament seçkilərində hakim partiya liderlik edir. Həmçinin qeyd olunub ki, Amerikanın "Oracle Advisory Group" şirkətinin keçirdiyi "exit-poll" Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib gəldiyini göstərib.
Ukraynanın "Ukrinform", "Qordon", "LB.ua" və digər media qurumları ölkəmizdəki parlament seçkiləri ilə bağlı məqalələr dərc ediblər. Məqalələrdə qeyd olunur ki, parlament seçkiləri 125 yer uğrunda 6478 seçki məntəqəsində keçirilir. Bu seçki məntəqələrindən 54-ü ölkənin işğaldan azad edilmiş ərazilərində yerləşir ki, burada 42 mindən çox səsvermə hüququna malik vətəndaş yaşayır.  Bundan əlavə, ölkə üzrə 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə qoşulub. Bu addım səsvermənin şəffaflığını təmin etmək üçün atılıb.
Serbiya mediası da növbədənkənar seçkilərdən bəhs edən materiallar yayıb.  "RTS", "Politika", "Tanjug", "Novosti", "SRNA", "b92", "N1info", "Gradske İnfo" kimi mətbu orqanlarda dərc edilən yazılarda 125 deputat yeri olan qanunverici orqana seçkilərdə 990 namizədin iştirak etdiyi və səsvermənin 6478 seçki məntəqəsində keçirildiyi bildirilib. Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva paytaxt Bakıda seçki məntəqəsində səs veriblər. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb.
Növbədənkənar parlament seçkiləri ərəb ölkələri media orqanlarının diqqət mərkəzində olub. "Əl Vatan" qəzeti "Azərbaycan işğaldan azad olunmuş ərazilərində parlament seçkiləri keçirdi" sərlövhəli məqaləsində Prezident İlham Əliyevin diplomatik və sərkərdəlik məharəti sayəsində torpaqların işğaldan azad olunmasından sonra ölkənin bütün suveren ərazisində ilk dəfə qanunverici orqana seçkilər keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyası böyük uğur qazanıb. 
"Əl Arabi" qəzetinin "Azərbaycanda hakim partiya parlament seçkilərində qələbə qazandı" sərlövhəli məqaləsində diqqətə çatdırılıb ki, 125 deputat yeri olan qanunverici orqana seçkilərdə 990 namizəd iştirak edib və Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb. Məqalədə seçki prosesinin sakit, dürüst, ədalətli və şəffaf şəraitdə keçdiyi, beynəlxalq müşahidəçilərin səsvermənin nəticələrinə yüksək qiymət verdikləri qeyd olunub.
"Əl Bələd", "Arab48", "Saw Beirut" və "Əl Masr Əl Yom" nəşrləri də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər haqqında məqalə və xəbərlər dərc ediblər. Diqqətə çatdırılıb ki, parlament seçkilərində azərbaycanlıların yüksək fəallığı qeydə alınıb, xalq özünün layiqli namizədlərini seçmək üçün seçki məntəqələrinə axışıb.
Növbədənkənar parlament seçkiləri Çin mediasının da diqqət mərkəzində olub. Dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri olan Sinxuanın "Azərbaycanın hakim partiyası parlamentdə üstünlüyünü qoruyub" sərlövhəli məlumatında Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə 68 yer qazandığı qeyd olunub. Bildirilib ki, Mərkəzi Seçki Komissiyası 5895 məntəqə üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb. 
Çin Mərkəzi Televiziyasının (CCTV) internet səhifəsində, Çin Kommunist Partiyasının rəsmi nəşri olan "Jenmin Jibao" qəzetində, dünya üzrə milyonlarla oxucusu olan nüfuzlu "China Daily" qəzetinin internet səhifəsində, digər nüfuzlu xəbər portallarında mövzu ilə bağlı materiallarda da növbədənkənar parlament seçkisində Yeni Azərbaycan Partiyasının qələbəsindən söz açılıb. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakı şəhərindəki seçki məntəqəsində səs verdikləri diqqətə çatdırılıb.

Hazırladı:
Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video