Atatürk Mərkəzinin direktoru, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Vl çağırış Milli Məclisin üzvü, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türk dünyasının tanınmış alimi, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində Ümumi dilçilik kafedrasının müdiri, 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edən akademik Nizami Cəfərovun bu il 65 yaşı tamam oldu. Akademik Nizami Cəfərovun yaradıcılıq yolu çoxşaxəlidir. Görkəmli elm xadimi bu günə qədər Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı bir-birindən dəyərli əsərlər yazıb.
Akademikin indiyə qədər işıq üzü görmüş "Azərbaycan mədəniyyəti məsələləri", "Azərbaycanşünaslığa giriş", "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları", "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət", "Azərbaycanşünaslıq məsələləri", "Heydər Əliyev və Azərbaycan", "Azərbaycanşünaslığın əsasları", "Atatürkün Azərbaycan siyasəti", "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı", "Ümummilli Lider: Azərbaycandan Türk dünyasına", "Sözümüzün Ali Baş Komandanı", "Mir Cəlalın milli ideyaları", "Türkologiyanın müasir problemləri", "Səməd Vurğun və Səmədoğlular", "Ədəbiyyatdan siyasətə", ADA Universitetində oxuduğu mühazirələr əsasında nəşr olunmuş "Azərbaycanşünaslıq mühazirələri" və başqa dəyərli kitabları azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır. Akademikin təfəkkürünün, düşüncələrinin məhsulu olan bu əsərlər həm sadə oxucular, həm də elm adamları tərəfindən böyük maraqla qarşılanır.
Azərbaycanşünaslığa böyük töhfələr vermiş görkəmli elm xadimi Nizami Cəfərov 500-dən çox elmi əsər yazıb. Bu əsərlərdən 50-dən çoxu xarici ölkələrdə işıq üzü görüb. Görkəmli elm xadimi N.Cəfərov rus, ingilis və fars dillərini bilir. "Şöhrət" ordenli Nizami Cəfərov hələ Elmlər Akademiyasında, "Ədəbiyyat və incəsənət" qəzetində işlədiyi vaxtlardan ciddi araşdırmalar aparmış və bir-birindən dəyərli əsərlər yazaraq ədəbiyyatımızı, elmimizi və dilimizi daha da zənginləşdirmişdir.
İnanırıq ki, Azərbaycan ədəbiyyatına, Azərbaycan dilçiliyinə, Azərbaycan ədəbi düşüncəsinə böyük töhfələr vermiş akademik Nizami Cəfərov bundan sonra da yazacağı yeni elmi əsərləri ilə oxucuların daha çox sevgisini qazanacaqdır.
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovla müsahibəni oxucularımıza təqdim edirik.
Azərbaycan ədəbi dilinin formalaşmasında şifahi xalq ədəbiyyatının rolu əvəzedilməzdir
- Nizami müəllim, neçə illərdir Azərbaycan ədəbi dilinin keşiyindəsiniz. Ana dilimizin bugünkü durumunu necə dəyərləndirərdiniz?
- Azərbaycan ədəbi dili XVI əsrin əvvəllərindən, yəni Şah İsmayıl Xətainin yaratdığı bütöv Azərbaycan dövlətinin, onu Səfəvilər dövləti də adlandırırıq, tarix səhnəsinə çıxmasından başlayır. Və bu dilin əsasında çox qədim əsrlərdən etibarən türkcənin diferensiasiyası, bir az da təfsilatına varsaq, coğrafi, etnoqrafik, siyasi və s. şərtlər altında ardıcıl olaraq bölünməsi nəticəsində məhz Azərbaycan ərazisində təşəkkül tapmış tayfa dilləri - dialektlər dayanır... Sual oluna bilər ki, XVI əsrə qədər Azərbaycan ədəbi dili yox idimi? Əlbəttə, Türkmənistanı hələ bir tərəfə qoysaq, Azərbaycanla Türkiyə üçün ümumi olan bir ədəbi dil vardı: ilk növbədə "Dədə Qorqud" eposunun dili ki, sonralar yazıya da alınmışdı... Yunus Əmrənin, Nəsiminin, Füzulinin, bir sıra tərcümələri və s. möhtəşəm ədəbi dil təcrübələri.
Ancaq bunların heç biri birbaşa "Azərbaycan ədəbi dili" adlandıra biləcəyimiz hadisə deyil. Və müasir Azərbaycan ədəbi dilini bunların heç birinin birbaşa varisi saymaq olmaz. Keçən əsrin 30-cu illərində, yəni təxminən yüz il əvvəl həm fonetik, həm leksik, həm də qrammatik baxımdan formalaşmış, yaxud stabilləşmiş müasir Azərbaycan ədəbi dili bugünkü inkişaf səviyyəsinə görə, əgər "tarixəqədərki dövr"ü nəzərə almasaq, ilk növbədə, Xətai, Vaqif, Mirzə Fətəli, Sabir, Mirzə Cəlil, Ə.Haqverdiyev, N.Nərimanov, Ü.Hacıbəyov, F.Köçərli... ikinci növbədə, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, R.Rza, S.Rəhimov, Ə.Vəliyev, Mir Cəlal, M.İbrahimov, İ.Əfəndiyev... üçüncü növbədə isə, B.Vahabzadə, H.Arif, İ.Şıxlı, İ.Hüseynov (Muğanna), M.Araz, N.Həsənzadə, Anar, Elçin... kimi "dil yaradıcıları"na minnətdardır. Bununla belə, unutmaq olmaz ki, həm ümumən Azərbaycan ədəbi dilinin, həm də müasir Azərbaycan ədəbi dilinin formalaşmasında şifahi xalq ədəbiyyatının, xüsusilə dastanları, qoşmaları, bayatıları ilə birlikdə aşıq yaradıcılığının əvəzedilməz rolu vardır.
Bu gün Azərbaycan dilində əlli milyondan çox insan danışsa da, ədəbi dilin heç də bütün əhali üçün əlçatan olmaması (xüsusilə Cənubi Azərbaycanda) xalqın ümumi mədəni səviyyəsinə öz təsirini göstərməyə bilməz. Azərbaycan Respublikasına gəldikdə isə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə uzun illər ölkədə həyata keçirilmiş dil quruculuğu siyasəti indi də uğurla davam etməkdə, Azərbaycan dilinin dünya dilləri içərisindəki mövqeyini yüksəltməkdədir.
- Bu gün Ana dilinin işlənməsi ilə bağlı ən çox narazılıqlar teleradio verilişləri haqqındadır. Sizcə, bu sahədə nöqsanların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
- Əlbəttə, dünyanın bütün dillərində olduğu kimi, bizim dilimizdə də yazı dilinin normaları şifahi dilin normalarından daha mükəmməldir. Şifahi dilin populyarlığı çox hallarda onun normalılığına xələl gətirir.
Yazı çox sürətlə bu və ya başqa sahələrdəki peşəkarların ixtiyarına keçdiyi halda, danışıq dili, adətən, qeyri-peşəkarlığın sərəncamında qaldığına, hər kəs üçün "özünüifadə meydanı" olduğuna görə müəyyən müzakirələr, mübahisələr doğurur.
Mən deməzdim ki, Azərbaycan teleradio məkanı bütövlükdə dilimizin ədəbi normalarını pozmaqla məşğuldur, ancaq haqlı narazılıqlar da mövcuddur ki, bu, ilk növbədə, teleradio verilişləri aparıcılarının müasir tələblərə uyğun peşəkarlıq məktəbi keçməmələrindən irəli gəlir. Əgər bizdə bu cür məktəblər yetərincə olsaydı, aparıcılıq fikrinə düşənlər həmin məktəbləri keçsəydilər, problemlərimiz də az olardı. Təəssüf ki, bizim teleradio aparıcılarımız tək-tək (və çox təəssüf ki, yalnız öz istedadlarının gücünə!) yetişirlər, məktəb görməyən istedad isə uzun zaman davam gətirib ənənə yarada bilməz.
Aristotel deyirdi ki, nümunəvi nitqdə üç xüsusiyyət bir-birini tamamlamalıdır: birinci, loqos; ikinci, etos; üçüncü, pafos... Birincisi, nitqdə məntiq olmalıdır; ikincisi, sözün ağır-yüngülünü seçməlisən ki, əxlaqi-mənəvi harmoniya zədələnməsin; üçüncüsü isə ifadəlilik gözlənilməlidir ki, nitqin təsir gücünü artırsın.
Həm dil ədəbiyyatı yaradır, həm də ədəbiyyat dili...
- Bəzən dilin tarixi ilə ədəbiyyat tarixini eyniləşdirirlər. Necə düşünürsünüz, ədəbiyyat dili yaradır, yoxsa dil ədəbiyyatı? Ümumiyyətlə, ədəbiyyatın inkişafında dilin rolunu necə qiymətləndirirsiniz?
- Çox maraqlı paradoksdur... Dil insan üçün, cəmiyyət üçün ədəbiyyatdan müqayisə olunmayacaq qədər mühüm hadisədir, bununla belə, ədəbiyyatı zəngin olmayan xalqın dili çox zəif, çox cansıxıcıdır. Ona görə də biz dilimizin normalaşmış, mükəmməlləşmiş formasına məhz "ədəbi dil" deyirik, halbuki bu ad altında təkcə bədii ədəbiyyatın yox, elmin, publisistikanın və rəsmi-işgüzar sənədlərin də dilini başa düşürük.
Deməli, həm dil ədəbiyyatı yaradır, həm də ədəbiyyat dili... Əgər diqqət yetirsəniz, "Azərbaycan ədəbiyyatı tarixi" dərslikləri ilə "Azərbaycan ədəbi dili tarixi" dərslikləri mövzu, hətta ideya-məzmun baxımından səsləşir. Hər iki halda söhbət "Kitabi-Dədə Qorqud"dan, Nəsimidən, Füzulidən, "Koroğlu"dan, Vaqifdən, Mirzə Fətəlidən, Sabirdən... gedir... Ədəbiyyat tarixi dərsliklərində şairin, yazıçının dil-üslub xüsusiyyətləri onun mənsub olduğu ədəbi cərəyanın çox mühüm cəhəti kimi təqdim edilir, ədəbi dil tarixi dərsliklərində isə norma-üslub göstəriciləri arxasında dayanan ideya-estetik enerji təhlilə cəlb edilir. Bütün bunlarla bərabər, "ünsiyyət vasitəsi" olan dillə "söz sənəti" olan ədəbiyyatın fərqini hamımız bu və ya başqa şəkildə anlayırıq.
Ədəbiyyatın inkişafında dilin roluna gəldikdə isə, heç şübhəsiz, musiqidə səs, rəssamlıqda rəng kimi ədəbiyyatda da söz öz-özlüyündə yalnız materialdır. Və sözün (dilin!) ədəbiyyat olması üçün yaradıcı şəxsiyyət (Füzuli, Vaqif, Mirzə Cəlil...) lazımdır. Allaha şükür ki, Azərbaycan ədəbi dili formalaşdığı gündən həmişə bir-birindən qüdrətli bu cür dil dühalarının ixtiyarında olmuşdur.
- Bir dilçi alim kimi sizin "Azərbaycanşünaslığa giriş" kitabınız hansı ehtiyacdan yarandı, bu qiymətli əsər dilimizə, ədəbiyyatımıza, ictimai düşüncəmizə nələr verdi?
- "Azərbaycanşünaslığa giriş"ə verdiyiniz qiymətə görə minnətdaram. Azərbaycanşünaslığa aid mənim bir neçə kitabım çıxıb. Həm dil, həm ədəbiyyat, həm də tarix məsələlərinin nəzərdən keçirildiyi bu kitabları yazıb nəşr etdirməkdə məqsədim Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi azərbaycançılıq ideologiyasının elmi əsasları barədəki mülahizələrimi bildirmək idi. Və təbii ki, mən tək deyildim, bizim bir çox ziyalılarımız Ulu Öndərin rəhbərlik etdiyi milli dövlət (və millət!) quruculuğu proseslərini izləyir, araşdırır, müəyyən ümumiləşdirmələr aparırdılar.
"Romantik mütəfəkkir" Əli bəy Hüseynzadənin məşhur triadasına əsaslanan azərbaycançılıq məfkurəsi Heydər Əliyev dövrünə qədər keşməkeşli bir yol keçmiş, təbəddülatlara məruz qalmış, gah türklük, gah müsəlmanlıq, gah da müasirlik irəli çıxaraq triadanın "harmoniya"sını pozmuşdu... Əli bəy Hüseynzadə, heç şübhəsiz, triadanı müəyyən edərkən bütün türk dünyasının reallıqlarından çıxış etsə də, onun əsas istinad mənbəyi Azərbaycan idi. O dövrdə Azərbaycan türk dünyasının diferensiasiyasının ən səciyyəvi nümunəsi sayıla bilərdi... Mirzə Cəlilin "Anamın kitabı"nı xatırlayın. Dahi azərbaycançı nə deyir? Deyir ki, türklük tükçülüyə, müsəlmanlıq müsəlmançılığa, müasirlik kosmopolitizmə çevriləndə elə hərc-mərclik yaranır ki, cəmiyyət öz milli yekcinsliyinə şübhə eləməyə başlayır.
Azərbaycançılığın milli bir ideologiya kimi "simasızlaşdırılma"sının çox maraqlı bir faktı da var. Keçən əsrin 30-cu, 40-cı, 50-ci illərində Azərbaycanda Azərbaycan mövzusu son dərəcə böyük pafosla işlənirdi. Səməd Vurğun Azərbaycanın ən böyük azərbaycançısı idi. Və dahi şairin bu səmimiyyətinə mən hələ də şübhə etmirəm. Ancaq Səməd Vurğunun (və Azərbaycan sovet ədəbiyyatının!) həmin azərbaycançılığında nə türklük, nə müsəlmanlıq, nə də beynəlmiləl mənada müasirlik vardı.
Yəqin mənimlə razılaşarsınız ki, biz milli məsələdə Ulu Öndərin başladığı işlərin araşdırılmasının hələ ilk mərhələlərindəyik.
Füzuli - tezis, Vaqif isə antitezisdir
- Ötən əsrin 80-ci illərində yazdığınız "Füzulidən Vaqifə qədər" adlı silsilə məqalələriniz o dövrdə böyük maraqla qarşılandı. Həmin silsilə məqalələr sonrakı tədqiqatlarınızda hansı rolu oynadı?
- Mən həm orta məktəbdə, həm də universitetdə çox böyük müəllimlərdən dərs almışam... Orta məktəb müəllimlərim daha çox Vaqifdən danışırdılar, universitet müəllimlərim isə Füzulidən... Əlbəttə, Füzuli Vaqifdən daha böyük şairdir. Necə ki türk dünyası Azərbaycandan böyükdür... Müqayisə hər nə qədər şərti olsa da, mən bu şərtilikdə ədəbiyyat, ümumən milli ideya-estetik təfəkkür tariximizin dialektikasını (geniş mənada isə metafizikasını!) gördüm. Gördüm ki, Füzuli - tezis, Vaqif isə antitezisdir. Yəni eyni bir mədəniyyətin tarixi kontekstində Füzuli bir etnokulturoloji yaradıcılıq "kompleksi"nin sonu, Vaqif isə başlanğıcıdır.
O vaxtlar bunu mən çox böyük bir kəşf hesab edirdim. Sonralar gördüm ki, F.Köçərlidən başlayaraq belə kəşflər ürəyimiz istəyən qədərdir. Ancaq Şah İsmayıl Xətaidən başlayıb Vaqifdə öz zirvəsinə çatan Azərbaycan İntibahı barədə dediklərim məni get-gedə daha dərindən düşündürməkdə davam edir.
- Bəzən tənqidçilərdən "xalq dili" ifadəsini eşidirik. Deyirlər ki, filan yazıçı xalq dilində yazır. Nədir bu "xalq dili"?
- Şah İsmayıl Xətai "Qış getdi, yenə bahar gəldi..." deyə öz milli ədəbi dil prinsipini bəyan edəndən bəri bizdə "xalq dili" anlayışı var ki, məhz İntibah dövründə - XVI-XVIII əsrlərdə bütün tarixi Azərbaycan ərazisində özünün "nədən ibarət olduğu"nu göstərib. Məsələn, "Alagözlü, sərvboylu dilbərim, Həsrətin çəkdiyim canan, bəri bax" deyən Vaqifin, "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım" deyən Mirzə Cəlilin, "El bilir ki, sən mənimsən" deyən S.Vurğunun dili xalq dilidir. Ancaq ərəb, fars dilləri ilə "zənginləşdirilmiş", yaxud "rusca zibillənmiş" bir Azərbaycan dili də vardı ki, artıq tarixin arxivinə verilmişdir.
Bu günə gəldikdə isə, əslində, bütün yazıçılar xalq dilində yazırlar. Və Azərbaycan yazıçısının "xalq dili"ndən başqa bir "dil"i yoxdur... Söhbət yalnız ondan gedə bilər ki, həmin bu "xalq dili" yazıçının öz fərdi üslubunu, stilizasiya (yaradıcılıq!) imkanlarını da nümayiş etdirsin.
- İllər keçsə də, dahi Nizami Gəncəvinin fars şairi olması haqqında iddialar səngimir. Hərçənd İran ədəbiyyatşünaslarından biri vaxtilə yazmışdı ki, "Nizamidən türk ətri" gəlir. Siz araşdırmanızda bu məsələyə necə yanaşırsınız?
- Firdovsi nə qədər türk şairidirsə, Nizami də o qədər fars şairidir. İranı bir dövlət olaraq yer üzündən silmiş Makedoniyalı İskəndərin dühasını həm bir sərkərdə, həm bir dövlət başçısı, həm də bir peyğəmbər kimi tərənnüm edən Nizamini hansı ağıllı adam fars şairi (yaxud fars!) hesab edə bilər?
Nizaminin bir türk-Azərbaycan şair-mütəfəkkiri olduğunu göstərən o qədər səbəblər var ki, bu gün kiminsə onu fars şairi adlandırması ya məlumatsızlıqdan, ya da hansısa konyunktur məqsədlərdən irəli gəlir. İran-fars nizamişünaslığı heç vaxt olmayıb, Azərbaycan-türk nizamişünaslığı isə həmişə olub. Və bu gün dünya nizamişünaslığının önündə gedir... Onu da xatırlatmalıyam ki, akademik Nərgiz Paşayevanın təşəbbüsü (və rəhbərliyi) ilə Oksfordda yaradılmış Nizami Gəncəvi adına Qafqaz və azərbaycanşünaslıq Mərkəzi neçə illərdir bütün akademik aləmə sübut edir ki, Nizami azərbaycanlıdır. Və Nizaminin xələfləri onu heç kimə güzəştə getmək fikrində deyil... Və bir də çoxdandır ki, Azərbaycan nizamişünasları Nizami Gəncəvinin türkcə şeirlərini axtarır, hərdənbir nə isə də "tapırlar". Ancaq unutmaq olmaz ki, Nizaminin bizə məlum dili məhz "türkcənin farscası"dır.
Ədəbiyyatın xilasedici gücünə inanmaq elə də asan deyil
- Ədəbiyyatımızın bu günü haqqında fikirlərinizı də bilmək istərdik. Yazıçılarımız zamanla ayaqlaşırmı? Çağdaş ədəbiyyatımız müasir Azərbaycan insanının obrazını yarada bilirmi?
- Bugünkü Azərbaycan ədəbiyyatının ən məhsuldar nümayəndələri hələ ki "klassiklər"dir: N.Həsənzadə, Anar, Elçin, K.Abdulla, A.Məsud... Xalq şairi, yaxud yazıçısı adını almağa namizəd "gənclər" də kifayət qədərdir... Sözün həqiqi mənasında gənclərə gəldikdə isə mən fikir deməyə bir az çətinlik çəkirəm. Deyəsən, ədəbiyyat öz mövqelərini bütün dünyada olduğu kimi, get-gedə publisistikaya tərk edir... Və müasir Azərbaycan insanının obrazını yaratmaq məsuliyyəti isə ədəbiyyatdan çox publisistikanın sərəncamına keçir.
- Bəzən "yaxşı ədəbiyyat" ifadəsi də eşidirik. Sizcə, nədir yaxşı ədəbiyyat?
- Yaxşı ədəbiyyat, əlbəttə, zövq verə-verə düşündürən, dünyanı dərk etməkdə bizə kömək edən ədəbiyyatdır. Və bu cür ədəbiyyatın etnoqrafik, yaxud milli hüdudları yoxdur. Qəribə görünsə də, biz öz ədəbiyyatımızın təəssübünü çəkdiyimiz qədər də dünyanın ən müxtəlif xalqlarının yaxşı ədəbiyyatından (buna "böyük ədəbiyyat" da deyilir) heç bir qısqanclıq göstərmədən mənəvi güc alırıq.
- Bu gün ədəbi tənqidin böhran yaşadığı deyilir. Siz bu fikirlə razısınızmı?
- Məşhur "nə deyilirsə, düz deyilir" məntiqi ilə yanaşsaq, əlbəttə, bu fikirlə razılaşmaq lazım gəlir. Ancaq "ədəbi tənqid" anlayışının öz sosializm realizmi "interpretasiya"sını itirdiyi bir dönəmdə biz "tənqid"in "təhlil"lə əvəz olunduğunu, ədəbi tənqidin ədəbi təhlilə çevrildiyini görürük. Məncə, bu, böhran deyil. Ədəbiyyat haqqında elmin çox mühüm bir sahəsinin siyasi-ideoloji iddialardan əl çəkib öz həqiqi işi ilə məşğul olmağa başlamasıdır.
- Jan Pol Sartr deyirdi ki, mən ədəbiyyatın dünyanı xilas etmək gücünə hələ də inanıram. Siz necə, buna inanırsınızmı?
- Əlbəttə, hər şeyin - dinin, siyasətin, iqtisadiyyatın... insanı hədəf alaraq "bütün cəbhəboyu" onun üzərinə yeridiyi bir dünyada ədəbiyyatın xilasedici gücünə inanmaq elə də asan deyil, ancaq bütün bu sahələrin get-gedə daha konyunktur miqyas alan təsirlərilə müqayisədə ədəbiyyat çox-çox uzaqlardan olsa da, adamı özünə çəkir...
Müsahibəni qələmə aldı:
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"