Vəziyyət o qədər ciddiləşib ki, artıq qlobal təhlükəsizlik fövqəladə hala çevrilib
Noyabrın 28-də Avstriyanın paytaxtı Vyanada beynəlxalq polis təşkilatı - İnterpolun 100 illiyinə həsr olunmuş "yubiley" Baş Assambleyası öz işinə başlayıb. Onun əsas mövzuları transmilli cinayətkarlıqla mübarizə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və polis işində yeni texnologiyalardan istifadədir.
İnterpolun rəhbəri Yurgen Ştok transmilli mütəşəkkil cinayətkarlığın vəziyyətini epidemiya ilə müqayisə edib. Onun dediyinə görə, qlobal təhlükəsizlik sahəsində fövqəladə vəziyyət yaranıb. Təşkilatın rəhbəri Baş Assambleyada transmilli cinayətkarlıq probleminin həllinə yönəlmiş "Vyana Bəyannaməsi"ni açıqlayacağına söz verib. "Biz cəmiyyətə və biznesə ziyan vuran transmilli mütəşəkkil cinayətkarlıq epidemiyası ilə üzləşmişik. Vəziyyət o qədər ciddiləşib ki, artıq qlobal təhlükəsizlik fövqəladə hala çevrilib", - İnterpol rəhbəri bildirib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Polisi Təşkilatı 1923-cü ildə Vyanada yaradılıb. Qüvvədə olan Nizamnaməsi 1956-cı ildə qəbul edilib.
İnterpolun üzvü olan ölkələrdə milli mərkəzi bürolar yaradılır. Təşkilatın fəaliyyəti, əsasən, həddi-buluğa çatmamışların cinayətkarlığı, narkotik maddələrlə qaçaqmalçılıq və onların qeyri-tibbi istifadəsi, qəlp pulkəsmə və qiymətli kağızların saxtalaşdırılması, daxili və xarici mülki aviasiya xətlərində banditizm ilə mübarizəyə yönəldilmişdir.
İnterpol hüquq-mühafizə orqanlarının qlobal əməkdaşlığında mühüm rolunu saxlayır. Son illər cinayətkarlar getdikcə daha çox sərhədlər boyu və onlayn fəaliyyət göstərdikcə, İnterpolun cinayətlə mübarizədəki rolu artıb. İnterpol bildirir ki, bütün dünyada polis idarələri onun məlumat bazalarından gündə 20 milyon dəfədən çox, yaxud saniyədə təxminən 250 axtarış sorğusu aparır.
İnterpol öz missiyasının bir hissəsi olaraq, bütün dünyada polis qüvvələrinə ekstradisiyası gözlənilən şübhəlinin yerini tapıb həbs etmək üçün müraciət edən qırmızı bildirişlər dərc edir.
Yalnız İnterpolun 195 üzv ölkəsi təşkilatın qaydalarına uyğun olduğu müddətdə qırmızı bildiriş tələb edə bilər. Təşkilatın 2017-ci ildə yaradılmış vəkillər və polis məmurlarından ibarət işçi qrupu daxil olan bütün qırmızı bildiriş sorğularını hərtərəfli yoxlayır.
Bundan əlavə, İnterpolun Fayllarına Nəzarət Komissiyası kimi tanınan, mübahisəli qırmızı bildirişləri və digər xəbərdarlıqları öz sistemindən silən müstəqil qurumu var. Komissiya üzvləri əsasən hüquqşünaslardan ibarət əlavə nəzarət orqanıdır.
Təşkilatın daimi iqamətgahı Fransanın Lion şəhərindədir. Azərbaycan 4 noyabr 1992-ci ildən İnterpolun üzvüdür.
Rizvan CƏFƏROV,
"Azərbaycan"