Ekologiya bir elm kimi XX əsrin ikinci yarısında formalaşmışdır. Bunun obyektiv səbəbləri var idi. Dünyada əhalinin sayı artdıqca sosial-iqtisadi, maddi problemlər də çoxalırdı. Üstəlik, əvvəllər insanlar aza qane olurdularsa, yaşayış standartları dəyişdiyi üçün onların istəkləri də artırdı.
Belə olan halda insan yaşayış ehtiyaclarını ödəmək üçün təbii ehtiyatları talamağa başladı. Təbii ehtiyaclar isə tükənməz deyil. Ona görə də təbii ehtiyacla təbii ehtiyatlar arasında "mübarizə" getdikcə qızışdı. Hətta o dərəcədə ki bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qaldı. İndi dünyanın bütün ekoloqları bu fəlakətin qarşısını almağın yollarını arayırlar.
Bu gün təbiətin ən böyük bəlası antropogen təsirlərdir. Meşələrin və heyvanların məhv edilməsi faciə, landşaft, iqlim və atmosferin çirklənməsi böyük təhlükədir. Bu faciə və təhlükə özünü anomal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və ərzaq məhsulları istehsalının azalmasında qabarıq büruzə verir.
Azərbaycan da zaman-zaman ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Amma yenə də problemlər olur. Ölkəmizdə ekoloji problemlərin əsas mənbəyi qlobal ekoloji proseslər və onların lokal təsirləridir. Su mənbələrinin azalması, sənaye müəssisələrinin və nəqliyyatın atmosferi çirkləndirməsi kənd təsərrüfatında yararlı torpaqların sıradan çıxmasına səbəb olur. Üstəlik də biomüxtəliflik, meşələr, flora və fauna yaxşı qorunmur. Sadalanan və sadalanmayan digər problemlər Azərbaycanda "yaşıl iqtisadiyyat", "yaşıl enerji" və "yaşıl zona" kimi vacib addımların atılmasını zəruri edir. Və bəri başdan qeyd edək ki, bu istiqamətdə təsirli tədbirlər də görülür. Onlardan biri elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 2026-ci ilədək 24, 2030-cu ilə kimi isə 30 faizə çatdırmaqdır. Bu hədəfə çatmaq üçün Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri 2021-ci ildə "yaşıl zona" elan etmişdir. Ötən iki il regionda bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq üçün "Masdar", "ACWA Power", "China Gezhouba Group Overseas Investment", "Total Energies", "Nobel Energy Management", bp kimi xarici şirkətlərlə əməkdaşlıq edilir. Bu istiqamətdə 230 MVt gücündə olan "Qaradağ" Günəş-Elektrik Stansiyasının istismara verilməsi daha əlamətdar hadisədir.
"Yaşıl iqtisadiyyat"ın inkişafı ekoloji problemlərin həlli yolunda atılan ən gərəkli addımdır. Bu həm də təkcə Azərbaycanda deyil, bütün dünyada geniş vüsət alıb. Çünki ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün bu gün "yaşıl iqisadiyyat"ın genişləndirilməsi tələb olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi"dir.
Qeyd edək ki, Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda "təkrar emal" vacib məsələdir. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirməklə müxtəlif sahələrdə yaranan qıtlığın qarşısını almaq mümkündür. Ümumiyyətlə, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi sayılan təkrar emalda əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır.
Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində görülən uğurlu işlərdən asılıdır. Bu istiqamətdə ölkədə həyata keçirilən tədbirlərin nəticələri əsas verir deyək ki, Azərbaycan dünyanın indiki ekoloji "dağıntılar" şəraitindən çıxması üçün gərəkli addımlar atır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı da bu səbəbdən dolayı alınıb. Ona görə də deyə bilərik ki, dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"