Bu il fevralın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 358,9 min nəfərdir. Onlardan 5 milyon 56,5 min nəfəri məşğul əhalidir. Keçən il ölkədə 71,3 min yeni iş yeri açılıb. Onların 91,4 faizi qeyri-dövlət sektorunda yaradılıb.
Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində olan məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsini təşkil edir. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start veriləndən üzübəri həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə çoxsaylı iş yerləri açılıb.
Buna ilk növbədə qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb. Əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün eləcə də yeni yollar axtarılır, məşğulluğun yeni formaları tapılır, bu məqsədlə daxili ehtiyat mənbələrindən geniş istifadə olunur.
Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasını Dövlət Statistika Komitəsinin təqdim etdiyi yuxarıda göstərilən və digər rəqəmlər də təsdiqləyir. Keçən il ölkədə yaradılmış 71,3 min yeni iş yeri həm mövcud, həm də yeni yaradılmış və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. Bu müəssisə və təşkilatlarda onların payı müvafiq olaraq belədir: 89,6 faiz, 8,8 faiz və 0,9 faiz. Yeni iş yerlərinin qalan 0,7 faizi digər tədbirlər üzrə yaradılıb.
İş yerlərinin açılması zamanı coğrafiya da diqqət mərkəzində olub. Belə ki, iş yerləri təkcə paytaxtda və iri şəhərlərdə deyil, bütün bölgələrdə açılır. Bu bölgünü göstərən rəqəmlər də maraq doğurur. Məsələn, ötənilki yeni iş yerlərinin 80,2 faizi Bakı şəhərinin payına düşsə də, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 19,2 faizi digər regionlarda yaradılıb. Regionlarda açılan iş yerlərinin 3,3 faizi Abşeron-Xızı, 1,7 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Lənkəran-Astara, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 1,3 faizi Qazax-Tovuz, 2 faizi Şirvan-Salyan, 1,2 faizi Mərkəzi Aran, 1,3 faizi Qarabağ, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarındadır.
Bununla yanaşı, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanıb. Bunların 39,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.
Bu il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 733,9 min nəfər olub. İqtisadiyyatın dövlət sektorunda 903,3 min, qeyri-dövlət sektorunda 830,6 min nəfər çalışıb. Neft-qaz sektorunda 31,7 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 702,2 min nəfər cəmləşib.
Ölkədə istifadəyə verilən, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən yeni müəssisələr məşğulluq məsələsinin həllinə töhfələrini verməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Nəticədə həm də emal müəssisələri çoxalır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması ilə yanaşı, həm də yeni iş yerləri deməkdir.
Əhalinin işlə təmin olunması sahəsində özünüməşğulluq da özünə geniş yer alır. Prezidentin tapşırığı ilə bu proqramın icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir.
Azərbaycan Respublikasının "Məşğulluq haqqında" qanununda qeyd olunduğu kimi, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram Prezidentin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamına əsasən həyata keçirilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes-plana uyğun şəkildə istehsal və ya xidmət avadanlıqları ilə təmin olunur. Bu, dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.
Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ildən-ilə genişlənir. 2018-2022-ci illərdə agentlik on minlərlə şəxsi işlə təmin edib. Bu da onu göstərir ki, Azərbaycanda əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bunların da mühüm bir hissəsini yeni iş yerlərinin açılması təşkil edir.
Flora SADIQLI,
"Azərbaycan"