Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsindən 9 il ötür. 21 fevral 2017-ci ildə verilmiş bu mühüm qərar dövlətçilik tariximizdə bir ilk olmaqla milli inkişaf salnaməmizdə parlaq bir səhifə açdı. Bununla Azərbaycanın siyasi idarəetmə tarixində yeni mərhələ başlandı və dövlət idarəçiliyinin strukturunda mühüm keyfiyyət dəyişikliyi baş verdi.
Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə böyük rəğbət doğuran fəaliyyəti, nəcib əməlləri Azərbaycan qadınının ictimai statusunun, ümumən müasir dünyamızda qadın liderliyinin mükəmməl təcəssümüdür. Bu obraz yalnız xalqımıza xas ailə dəyərləri, xeyirxahlıq, mərhəmət, insanlara sevgi, fərqli mədəniyyətlərə hörmət duyğusu ilə deyil, yüksək peşəkarlıq, təşkilatçılıq bacarığı, strateji düşüncə və dövlətə sədaqətli xidmət anlayışı ilə də assosiasiya olunur. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını həm milli-mənəvi dayaqlara söykənən, həm də qlobal miqyasda örnəyə çevrilən, müasir idarəçilik təcrübəsinə malik bir sima kimi təqdim edilir. Onun qlobal imici zərifliklə prinsipiallığın, humanizmlə qətiyyətin, milli kimliklə açıq dünyagörüşün vəhdətinə əsaslanır.
Mehriban xanımı xarakterizə edərkən xüsusi vurğulanmalı məqam onun fəaliyyət fəlsəfəsində ənənə ilə yeniliyin üzvi şəkildə birləşməsidir. O, tarixi köklərə və milli-mənəvi irsə sədaqəti qorumaqla yanaşı, müasir dünyanın tələblərinə uyğun düşüncə və idarəetmə modeli nümayiş etdirir. Məhz bu balans - kökə bağlılıq və dünyəvilik arasında qurulan harmonik xətt onun şəxsiyyətini və fəaliyyət istiqamətini müəyyən edən əsas prinsipdir.
Sistemli islahatların davamı
Doqquz il əvvəl Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilənə qədər də Mehriban xanım müstəqil Azərbaycanın ictimai-siyasi həyatında bir sıra yeniliklərin təşəbbüskarı kimi tanınırdı. O, postsovet məkanında formal çərçivədən kənara çıxaraq Birinci xanım institutuna məzmun, sosial məsuliyyət və beynəlxalq təqdimat baxımından yeni model qazandırmışdı. 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi genişmiqyaslı humanitar, mədəni və sosial layihələrlə bu fəaliyyətin institusional əsasını formalaşdırmışdı. Bu illər ərzində fondun fəaliyyəti yalnız xeyriyyəçiliklə məhdudlaşmamış, o, Heydər Əliyev irsinin müasir dövrdə dəyərlər sisteminə çevrilməsi, milli kimlik və sosial həmrəylik anlayışlarının möhkəmləndirilməsi istiqamətində sistemli platforma kimi qərarlaşmışdı. Beynəlxalq səviyyədə qazandığı nüfuz, müxtəlif dövlət və təşkilatların ali mükafat və titulları Mehriban xanımın fəaliyyətini qlobal humanitar diplomatiyanın bir parçasına çevirmişdi.
Mehriban Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması isə institusional baxımdan 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsinin nəticələrinin davamı idi. Əsas Qanunumuza edilən dəyişikliklə yaradılmış bu institut daha əvvəl ölkəmizin idarəetmə modelində mövcud deyildi. Yeni mexanizm dövlət idarəçiliyində funksional bölgünü dərinləşdirmək, qərar qəbuletmə prosesini çevikləşdirmək, strateji koordinasiyanı gücləndirmək məqsədi daşıyırdı.
Vitse-prezidentlik institutu sistemli islahatların davamı kimi idarəetmədə operativliyi artırmaq, dövlət başçısının fəaliyyətinə institusional dəstək mexanizmi formalaşdırmaq məqsədilə yaradılmışdı. Daxili və xarici siyasətdə qərarların icrasına nəzarətin gücləndirilməsi, dövlət proqramlarının monitorinqi, iqtisadi və sosial layihələrin koordinasiyası belə bir institutun köməyi ilə daha effektiv həyata keçirilməli idi.
Beləliklə, Birinci vitse-prezident postunun yaradılması təkcə yeni vəzifənin təsis edilməsi olmayıb, idarəetmə fəlsəfəsindəki yenilik ab-havasından gəlirdi. 2016-cı il referendumundan sonra ölkəmizdə bu model məsuliyyətin bölüşdürülməsini, strateji hədəflərin daha sistemli və nəticəyönümlü şəkildə reallaşdırılmasını təmin edən müasir dövlətçilik mexanizmi kimi formalaşdı.
Azərbaycana layiqli xidmət
Hər hansı vəzifənin mövcudluğunda və ya yeni təsis olunmasında şəxsiyyət amili əhəmiyyətli rol oynamasa da, etiraf edək ki, istənilən vəzifənin effektivliyi onu yerinə yetirən insanın fərdi keyfiyyətlərindən, yəni insan amilindən birbaşa asılıdır. Bu mənada əgər Azərbaycanın dövlət idarəçiliyi sistemində vitse-prezidentlik institutunun yaranması ümumxalq səsverməsində belə bir yeniliyə səs vermiş vətəndaşlarımızın istəyi, bu istəyi nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi qərarıdırsa, ölkəmizdə belə bir institutun uğur qazanması birbaşa Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan Prezidenti bu vəzifəyə məhz Mehriban xanımı təqdim etməklə, cəmiyyətin sosial sifarişini yerinə yetirdi, xalqın ürəyindən xəbər verdi.
Yeni yaradılmış belə bir dövlət təsisatından gözləntilər böyük idi. Vətəndaş olaraq hər birimiz yaxşı bilirdik ki, milli dövlətçilik sistemimiz üçün bir ilk sayılan Birinci vitse-prezidentlik institutunun strukturunun qurulması, fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi və real nəticələr verməsi üçün həm təşkilatçılıq təcrübəsi, həm sosial həssaslıq, həm də strateji baxış tələb olunur.
Mehriban xanım isə hələ ötən əsrin 90-cı illərinin ortalarından ictimai-siyasi müstəvidə apardığı ardıcıl fəaliyyətlə bu etimadı qazanmışdı. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələri, parlamentdə deputat kimi təşəbbüsləri, humanitar və mədəni diplomatiya sahəsində gördüyü işlər cəmiyyətdə peşəkar və məsuliyyətli dövlət xadimi obrazını möhkəmləndirmişdi. Heydər Əliyev Fonduna rəhbərliklə yanaşı, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyəti, Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsi (2012), I Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017) kimi mötəbər beynəlxalq tədbirlərin təşkilat komitələrinə uğurla rəhbərliyi onun geniş idarəçilik bacarığını nümayiş etdirmiş, Mehriban xanıma həm ölkədə, həm də qlobal məkanda böyük rəğbət qazandırmışdı. Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti kimi böyük ümid və gözləntiləri, bir o qədər də məsuliyyət doğuran ali vəzifəyə məhz Mehriban xanım kimi təcrübəli, nüfuzlu ictimai xadimin təyin olunmasını şərtləndirirdi. Çünki söhbət təkcə yeni bir postdan deyil, dövlət idarəçiliyində yüksək məsuliyyət və sistemli fəaliyyət tələb edən strateji mövqedən gedirdi. Mehriban xanım Əliyeva şəxsiyyətinə uzun illər ərzində formalaşmış ictimai etimad, onun uğurlu təşkilati təcrübəsinə inam Azərbaycan Prezidentinin bu qərarının əsasını təşkil etdi.
Onun ölkəmizin Birinci vitse-prezidenti kimi təqdimat mərasimində də Azərbaycan Prezidenti İlham Əliyev Mehriban xanımın çoxşaxəli fəaliyyət yolunu xüsusi vurğuladı: "Eyni zamanda qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir".
Mehriban xanım isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ilk çıxışında dedi: "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam".
Ötən 9 il Mehriban xanım Əliyevanın öz sözlərinə necə sadiq olduğunu, Azərbaycan dövlətinə xidmətini layiqincə davam etdirdiyini bir daha təsdiqlədi.
İnsan və insanlıq naminə
Bu ali dövlət vəzifəsində Mehriban xanımın fəaliyyətinin mühüm bir hissəsi ölkəmizin sosial siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycanın Birinci vitse-prezidenti bu siyasətin müasir zamanın çağırışlarına uyğun yüksək məsuliyyətlə həyata keçirilməsində və öz məqsədlərinə çatmasında müstəsna rol oynayır. Onun rəhbərlik etdiyi bir çox sosial layihə və təşəbbüs Azərbaycan cəmiyyətinin rifahını artırmağa, xüsusən sosial müdafiəyə ehtiyacı olan təbəqələrin, uşaqların, qadınların və digər ehtiyaclı qrupların həyat şəraitini yaxşılaşdırmağa yönəlib. Birinci xanımın sosial sahəyə verdiyi töhfələr onun insan hüquqları, sosial ədalət və bərabərlik prinsiplərinə olan dərin bağlılığını nümayiş etdirir.
Mehriban xanım Əliyeva uzun illər Heydər Əliyev Fondunun prezidenti kimi uşaqların təhsili, sağlamlığı və ümumi rifahı üçün ölkəmizdə və Azərbaycan hüdudlarından kənarda müxtəlif layihələrə uğurla rəhbərlik edib. Respublikanın uşaqlar üçün təhsil və sosial dəstək proqramları Mehriban xanımın şəxsən dəstəklədiyi və təşviq etdiyi təşəbbüslərdir. Əlillər və xüsusi ehtiyacları olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bir çox layihənin uğuru da birbaşa Mehriban xanımın adı ilə bağlıdır. Birinci vitse-prezidentin diqqət və qayğısı sayəsində əlillərin bir çox sosial problemi öz həllini tapıb, bu kateqoriyadan olan şəxslərin təhsil imkanlarının artırılması, onların iş tapmaları üçün müvafiq proqramların hazırlanması və fiziki mühitin əlillərə uyğunlaşdırılması məsələləri aktuallaşdırılaraq bu istiqamətlərdə mühüm nəticələr əldə olunub.
Mehriban xanım həmçinin qadınların sosial və iqtisadi həyatda fəal iştirakını təşviq edən bir çox təşəbbüsün müəllifidir. O, qadınların təhsili, ictimai həyata fəal inteqrasiyası və sosial müdafiəsi, qadınlara qarşı məişət zorakılığı hallarının qarşısının alınması sahələrində çox mühüm addımlar atıb. Azərbaycanın Birinci vitse-prezidentinin özünün ictimai-siyasi obrazı, təlqin etdiyi dəyərlər də cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsinə mühüm töhfələr verir.
Mehriban xanımın rəhbərliyi altında yaşlılara, kimsəsiz uşaqlara sosial qayğı, onların rifahının təmin olunması məqsədilə müxtəlif proqramlar həyata keçirilməkdədir. Azərbaycanın yaşlı əhalisi üçün sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılması, onların yaşayış şəraitinin yaxşılaşdırılması və sosial aktivliyi Mehriban xanımın fəaliyyətinin əsas prioritetlərindəndir. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə ölkəmizin müxtəlif regionlarında inşa olunmuş "Məzun Evi"ndə yüzlərlə kimsəsiz gənc məskunlaşıb, ev-eşik sahibi olub, işlə təmin olunaraq gündəlik güzəranını təmin edib.
Birinci Qarabağ müharibəsində və tarixi Zəfərimizlə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması ilə nəticələnmiş Vətən müharibəsində, antiterror əməliyyatında həlak olmuş şəhidlərimizin ailələri, sağlamlığını itirmiş qazilərimizin müalicəsi, onların ən müasir protezlərlə, mənzillərlə, avtomobillərlə təmin edilməsi və s. kimi sosial qayğılar da daim Mehriban xanımın diqqətindədir.
Əhalinin sosial müdafiəsi sahəsində ədalət prinsiplərinin tətbiqi, sosial xidmətlərdən faydalanmaq istəyən hər bir şəxs üçün bərabər imkanların yaradılması, şəffaflıq və hesabatlılığın təmin olunması, proseslərin rəqəmsal vasitələrlə optimallaşdırılması və müəyyən dövrlərdə sosial müdafiə sahəsindəki mənfi tendensiyaların aradan qaldırılması Mehriban xanımın rəhbərliyi və daimi nəzarəti ilə bu sahədə əldə olunmuş uğurlu nümunələrdəndir.
Xalqın xoşbəxt gələcəyi naminə
Birinci vitse-prezidentin təhsil sahəsindəki çoxşaxəli fəaliyyəti, Azərbaycanda yeni nəslin inkişafına, mənəvi tərbiyəsinə, layiqli vətəndaşlar kimi öz yerlərini tutmalarına böyük töhfə vermişdir. O, təhsil müəssisələrinin infrastrukturlarının modernləşdirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsi məqsədilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" və s. kimi bir sıra möhtəşəm proqramların müəllifidir. Mehriban xanım uşaqların sosial inkişafı, onların müxtəlif bacarıqlarının artırılması, gənc nəsildə mənəvi dəyərlərin aşılanması məqsədilə də çoxsaylı humanitar layihələr həyata keçirib və yenə keçirməkdir. Bu fəaliyyətlər təhsilin yalnız akademik tərəfi ilə deyil, uşaqların mənəvi və sosial tərbiyəsi baxımından da yüksək əhəmiyyət kəsb edir.
Birinci vitse-prezidentin təşəbbüsü ilə müxtəlif ölkələrin şəhər və qəsəbələrində inşa edilmiş və yenidən qurulmuş təhsil müəssisələri Azərbaycanın dünyadakı dostlarının sayını artırır. Eyni zamanda təhsilin universal bir dəyər olduğunu, hər bir insanın bu sahənin inkişafına, hamı üçün əlçatanlığına dəstək missiyasını xatırladır.
Bu gün Azərbaycan bütün dünyada tolerantlıq, miltikulturalizm məkanı kimi tanınır, fərqli mədəniyyətlərin qovuşduğu körpü kimi böyük rəğbət doğurur. Azərbaycanın bu imicinin formalaşmasında Mehriban xanım Əliyevanın xidmətləri müstəsnadır. Ölkəmizin evsahibliyi və Birinci vitse-prezidentin fəal iştirakı ilə hələ 2008-ci ildən böyük uğurla həyata keçirilən "Bakı prosesi" bütün dünyada mədəniyyətlər arasında dialoq nümunəsi kimi sülhə, insanların xoşbəxtliyinə xidmət edir.
Zəfərdən dirçəlişə
Azərbaycanın mədəni irsini qoruyaraq illərdir dünyada təbliğ edən Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm bir istiqaməti də bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəlişi ilə bağlıdır. Şuşa şəhərindəki Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, "Çöl qala", "Mamayı", "Saatlı" məscidlərinin, Ağdam və Zəngilan şəhərlərindəki cümə məscidlərinin təmir-bərpası, Şuşada, Hadrutda, Daşaltıda yeni məscidlərin inşasında Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
Birinci xanımın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə görkəmli şairimiz Vaqifin Şuşa şəhərindəki muzey-məqbərə kompleksi və büstü əvvəlki görkəmində bərpa olunub. Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən qəbirüstü abidəsi yenidən həyata qaytarılıb. Üzeyir bəy Hacıbəylinin Şuşada heykəli ucaldılıb. Şuşanın tarixi yaddaşında xüsusi yer tutan məşhur tarzən və bəstəkar Sadıqcanın evində, Mehmandarovların malikanə kompleksində, "Şirin su hamamı"nda bərpa-quruculuq işləri görülüb. Şuşada tarixi görkəmində bərpa olunan yaradıcılıq mərkəzi, Milli Xalça Muzeyinin Şuşa filialı, "Yasəmən" hoteli və başqa belə məkanlar Mehriban xanım Əliyevanın azad torpaqlarımızın dirçəlişinə mühüm töhfələridir. Bütün bunlar onun azad Qarabağda, Zəngəzurda milli-tarixi yaddaşın bərpası məramı ilə gördüyü işlərin hələ yalnız müəyyən bir hissəsidir. Hər keçən ay həyata qaytarılan tarixi məkanlar sırasına yenilərini əlavə edir.
Azərbaycanın Birinci vitse-prezidentinin dəstəyi ilə hər il Şuşada "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər bu kimi mədəniyyət tədbirləri keçirilir. Əzəli yurdlarımız dünyaya mədəniyyət işığında yenidən təqdim olunur.
Yeni siyasi mədəniyyətin təmsilçisi
Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mədəniyyətin təmsilçisidir. Onun malik olduğu dəyərlər, məsələlərə yanaşma tərzi, şəxsiyyətinə olan ictimai rəğbət cəmiyyətimizdə fərqli bir siyasi mədəniyyət formalaşdırır, xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaş cəmiyyətinin tərəqqisinə töhfə verir, münasibətlərdə mənəvi-əxlaqi amilləri önə çəkir.
Münxen Təhlüksizlik Konfransında iştirak zamanı xarici bədxahlarımızın təhriki ilə Azərbaycan dövlətinə qarşı təxribatçı davranışlar sərgiləyən ünsürlərin bu cəhdlərinə Mehriban xanımın təmkinli, sərrast reaksiyası onun necə kamil bir şəxsiyyət olduğunu, dövlət idarəçiliyindəki səriştəsini, onun timsalında dövlətimizin o ünsürlərdən də, onları Azərbaycanın üzərinə qısqırdan bədxahlarımızdan da çox ucada dayandığını, güclü olduğunu bir daha nümayiş etdirdi.
Xalqların milli dövlətçilik tarixinin hüdudlarından baxsaq, 9 il o qədər də böyük zaman deyil. Ümumən tarix prizmasında hər hansı zamanın miqyasını böyüdən, onu mühüm mərhələyə çevirən əsas şərt ona sığmış hadisələrin məzmunu, mündəricəsidir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edildiyi 2017-ci ilin 21 fevralından keçən zamanda da bu dövrdə baş vermiş hadisələrin mahiyyəti etibarilə milli dövlətçilik tariximizin çox böyük bir salnaməsi əks olunur.
Bu qürur dolu hadisələrin hər birində Mehriban xanım Əliyevanın adı, ali əməlləri, nəcib nişanələri var.
İradə ƏLİYEVA,
"Azərbaycan"