Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Prezident Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri mühüm əhəmiyyət kəsb edir. Sülh Şurasının ilk iclasında Donald Tramp tərəfindən Azərbaycan Prezidentinin Cənubi Qafqazda nail olduğu reallığın bir daha gündəmə gətirilməsi və İlham Əliyevin sülh formulunun dünyanın birnömrəli güc mərkəzi tərəfindən dəstəklənməsi tarixi-siyasi hadisədir. Konseptual təhlil etsək, bu, ilk növbədə Azərbaycanın yaratdığı hərbi-siyasi reallığın özünü doğrultması deməkdir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, xüsusən Əfqanıstan, İraq, Liviya və Suriyaya müdaxilə təcrübəsi hərbi yolla sülh əldə edilə bilməyəcəyi konseptini ortaya qoymuşdu: "Lakin cənab İlham Əliyev qlobal məzmunda bu gedişatı dəyişdi və mütləq hərbi-siyasi qələbə ilə dayanıqlı sülh üçün elə bir zəmin formalaşdırdı ki, bu, digər coğrafiyalar üçün də nümunəyə çevrildi. Əminliklə deyə bilərik ki, Prezident Tramp da beynəlxalq sülh quruculuğu prosesində məhz Azərbaycandan ilhamlanıb. Ümumiyyətlə, hazırkı mərhələdə ABŞ-Azərbaycan münasibətləri azad, praqmatizmə və qarşılıqlı maraqlara söykənən dinamik inkişaf xətti ilə xarakterizə olunur ki, bu da Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə tam cavab verir".
Deputat qeyd edib ki, Azərbaycanın Konstitusiyası qəbul edilərkən xalqımız özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq və ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı özünün ali niyyətlərindən biri kimi bəyan edib. Başqa dövlətlərlə münasibətlərin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında qurulmasını konstitusion qaydada təsbit edən Azərbaycanın xarici siyasəti beynəlxalq hüququn bütün subyektləri ilə bərabərhüquqlu və faydalı əlaqələr qurmaq məqsədi daşıyır. Bu əlaqələr həm ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də iqtisadiyyat, elm və mədəniyyəti inkişaf etdirmək üçün səmərəli istifadə edilir. Konstitusiyanın 9-cu maddəsinə əsasən, müharibəni beynəlxalq münaqişələrin həlli üsulu kimi rədd edən Azərbaycanın sülhsevər siyasəti, ilk növbədə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir. "29 dekabr 2000-ci ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyib: "Amerika Birləşmiş Ştatları kimi iri dövlətlə münasibətlər Azərbaycanın xarici siyasətinin məhək daşını təşkil edir". Məhz bu ideya rəhbər tutularaq, Azərbaycan ABŞ ilə milli maraqların təmini və qarşılıqlı faydalı tərəfdaşlıq formatında münasibətlərin qurulmasında maraqlı olub", - deyə o bildirib.
B.Məhərrəmov vurğulayıb ki, ABŞ Prezidentinin Sülh Şurasının iclasında Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür etməsi Bakı və Vaşinqton arasındakı münasibətlərin ən uğurlu dövrünə qədəm qoyduğunu göstərir: "Xüsusən ötən ilin avqustunda Prezident İlham Əliyevin Donald Tramp tərəfindən Vaşinqtona dəvət olunması, avqustun 8-də imzalanan ikitərəfli Bəyanat və strateji müttəfiqlik iradəsi ABŞ-Azərbaycan əlaqələrində tam yeni bir səhifədir. Demokratların hakimiyyəti dövründə, cənab İlham Əliyevin də ifadə etdiyi kimi, münasibətlər demək olar ki, sıfırlanmışdı. Bayden-Blinken administrasiyasının regiona erməni lobbisinin prizmasından baxması ABŞ-nin Cənubi Qafqazdakı mövqeyinə mənfi təsir göstərmişdi. Lakin cənab Trampın gəlişi ilə vəziyyət müsbət istiqamətdə dəyişdi. Vaşinqton artıq anladı ki, bu bölgədə maraqlarını yalnız Azərbaycanla bərabərhüquqlu tərəfdaşlıq vasitəsilə təmin edə bilər".
Deputat bildirib ki, Sülh Şurası iclasından sonra bir qrup antimilli ünsürün təxribat cəhdi və Frenk Pallone kimi şəxslərin bu prosesə cəlb olunması Azərbaycanın inkişafından narahat olan qüvvələrin acizliyini göstərir. Prezident İlham Əliyevin simasında milli iradənin hakim olduğu Azərbaycana kənardan diktə etməyin mümkün olmadığını görən bu qüvvələr çarəni cılız gedişlərdə görürlər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"