28 May 2026 09:39
131
SİYASƏT
A- A+
Dövlətçilik tariximizin qürur mənbəyi

Dövlətçilik tariximizin qürur mənbəyi

Azərbaycan xalqının qədim və zəngin dövlətçilik tarixi var. Tarix boyunca xalqımız müxtəlif dövrlərdə müstəqil dövlətlər qurmuş, milli azadlıq və istiqlal uğrunda böyük mübarizələr aparmışdır. Bu baxımdan 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin ən parlaq və şərəfli səhifələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. 

Həmin gün Azərbaycan xalqı təkcə öz müstəqilliyini elan etməmiş, eyni zamanda müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını quraraq dünya siyasi tarixində mühüm yeniliyə imza atmışdır. Bu hadisə xalqımızın milli iradəsinin, azadlıq əzminin və yüksək siyasi təfəkkürünün təntənəsi idi.

1918-ci ilin mayında qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycan xalqının müstəqil yaşamaq əzmini bütün dünyaya bəyan etdi. Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu tarixi sənəd xalqımızın dövlətçilik salnaməsində mühüm yer tutur. İstiqlal Bəyannaməsində Azərbaycanın tam müstəqil dövlət olduğu elan edilir, bütün vətəndaşlara milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verilirdi. Həmin dövr üçün bu, son dərəcə mütərəqqi və demokratik yanaşma idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti insan hüquq və azadlıqlarını əsas prinsip kimi qəbul edən müasir dövlət modeli formalaşdırmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi hadisə deyildi. XIX əsrin sonlarından başlayaraq Azərbaycanda milli oyanış prosesi geniş vüsət almışdı. Maarifçilik hərəkatı, milli mətbuatın inkişafı, ziyalıların fəaliyyəti müstəqillik ideyalarının inkişafına mühüm təsir göstərirdi. Görkəmli ziyalılarımız və mütəfəkkirlərimiz xalq arasında milli azadlıq ideyalarını yayır, müstəqillik arzularını gücləndirirdilər. Bu proses nəticəsində XX əsrin əvvəllərində Azərbaycan xalqı artıq öz müqəddəratını müəyyən etməyə hazır idi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində çox böyük işlər həyata keçirdi. İlk növbədə, milli parlament və hökumət yaradıldı. Dövlət atributları təsis edildi, üçrəngli bayraq qəbul olundu, milli ordu quruldu. Dövlət idarəçiliyi sistemi formalaşdırıldı və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar Azərbaycan xalqının dövlət qurmaq bacarığını və siyasi yetkinliyini nümayiş etdirirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm xüsusiyyətlərindən biri demokratik idarəçilik prinsiplərinə əsaslanması idi. Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi məhz Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Bu addım həmin dövr üçün böyük yenilik hesab olunurdu. Hətta bir çox inkişaf etmiş Avropa ölkələrində qadınların seçki hüququ olmadığı halda, Azərbaycan bu sahədə qabaqcıl mövqe nümayiş etdirmişdi. Bu fakt Azərbaycan Xalq Cümhuriyyətinin nə qədər demokratik və müasir düşüncəyə malik dövlət olduğunu göstərirdi.

Milli dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan dili dövlət dili elan edildi, milli təhsil sisteminin qurulmasına başlanıldı. 1918-ci ilin avqustunda qəbul edilən qərarla məktəblərdə tədrisin ana dilində aparılması təmin olundu. Bu qərar xalqın milli mənlik şüurunun inkişafında mühüm rol oynadı.

Təhsil və elm sahəsində həyata keçirilən islahatlar sırasında Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur. 1919-cu ildə universitetin yaradılması milli kadrların hazırlanması istiqamətində atılmış ən mühüm addımlardan biri idi. Bununla yanaşı, yeni məktəblərin, mədəniyyət müəssisələrinin açılması istiqamətində də mühüm işlər görülürdü. Azərbaycan Xalq Cümhuriyyəti xalqın maariflənməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi.

Hüquqi dövlət quruculuğu sahəsində də ciddi addımlar atılmışdı. Məhz 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyi təsis edildi. Sonrakı dövrdə məhkəmə sisteminin fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olundu. Bu addımlar hüququn aliliyinin təmin olunmasına və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti də dövlətin milli maraqlarına əsaslanırdı. Gənc dövlətin əsas məqsədi beynəlxalq aləmdə tanınmaq və dünya dövlətləri ilə diplomatik münasibətlər qurmaq idi. Bu məqsədlə Avropanın müxtəlif ölkələrinə rəsmi məlumatlar göndərildi, diplomatik nümayəndəliklər yaradıldı. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı dövlətimizin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addım oldu. 1920-ci ilin yanvarında Antanta dövlətlərinin Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıması isə böyük diplomatik uğur idi.

Lakin mürəkkəb beynəlxalq vəziyyət və bolşevik Rusiyasının işğalçı siyasəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. 1920-ci ilin aprelində bolşevik ordusunun Azərbaycana müdaxiləsi nəticəsində xalqımız yenidən müstəqilliyini itirdi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlətçilik ənənələri xalqın yaddaşında yaşamaqda davam etdi. Milli istiqlal ideyası heç zaman sönmədi və gələcək nəsillərə ötürüldü.

1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olundu. Bu, müasir Azərbaycan dövlətinin ideoloji əsaslarının məhz Azərbaycan Xalq Cümhuriyyətinə söykəndiyini bir daha təsdiqlədi.

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi təhlükələrlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, daxili siyasi qarşıdurmalar və iqtisadi böhran dövlətçiliyimizi təhlükə altına salmışdı. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Onun uzaqgörən siyasəti və qətiyyətli addımları nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət idarəçiliyi möhkəmləndirildi və müstəqilliyimizin qorunması üçün möhkəm təməl yaradıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinə xüsusi önəm verirdi. 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi milli azadlıq ideyalarının yenidən dirçəldilməsi baxımından mühüm hadisə idi. Bu addım Azərbaycanın gələcək müstəqilliyinə aparan yolun başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yubileyləri geniş qeyd olundu, onun tarixi irsinin araşdırılması və təbliği istiqamətində mühüm addımlar atıldı. Bu siyasət xalqımızın milli yaddaşının qorunması və dövlətçilik ənənələrinin yaşadılması baxımından mühüm rol oynadı.

Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanan güclü dövlətə çevrilmişdir. Ölkəmizdə siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, vətəndaş rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülür. 

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri oldu. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması Azərbaycan Xalq Cümhuriyyəti qurucularının arzularının reallığa çevrilməsinin təcəssümüdür.

Bu gün Azərbaycan xalqı öz dövlətinə, bayrağına və müstəqilliyinə böyük sevgi və bağlılıq nümayiş etdirir. 

2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 28 May tarixi rəsmi olaraq Müstəqillik Günü elan edildi. Bu qərar bir daha təsdiq etdi ki, müasir Azərbaycan dövləti öz tarixi köklərini və dövlətçilik ənənələrini Azərbaycan Xalq Cümhuriyyətindən götürür.

28 May Müstəqillik Günü xalqımızın azadlıq və istiqlal iradəsinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli qürur mənbəyi olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edir. Bu müqəddəs tarix xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillərə dövlətçilik, vətənpərvərlik və müstəqillik nümunəsi kimi ötürüləcəkdir. Yaşasın müstəqil Azərbaycan!


Şahin Seyidzadə,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlətçilik tariximizin qürur mənbəyi

09:39
28 May

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib

22:41
27 May

Azərbaycan müstəqillik tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır

22:38
27 May

DTX rəisi Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib

21:58
27 May

Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir

21:37
27 May

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

20:47
27 May

Tramp: İran razılığa gəlməyi çox istəyir

20:39
27 May

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

20:09
27 May

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

19:49
27 May

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

19:44
27 May

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

19:34
27 May

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

19:02
27 May

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

18:47
27 May

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

18:27
27 May

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

18:09
27 May

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

17:54
27 May

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

17:40
27 May

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub

17:31
27 May

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

15:58
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!