Azərbaycanın Müstəqillik Günü münasibətilə Kubanın Havana şəhərində rəsmi qəbul keçirilib.
Ölkəmizin Kubadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə fəxri qonaq qismində Kubanın ədliyyə naziri xanım Rosabel Qamon Verde və xarici işlər nazirinin müavini Elio Rodriqez Perdomo, həmçinin Kuba XİN-in, Mərkəzi Komitənin, dövlət qurumlarının, diplomatik korpusun, medianın və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Kubanın dövlət himnləri səsləndirilib.
Sonra ölkəmizin Kubdakı səfiri Ruslan Rzayev çıxış edərək, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb. O, çox qısa zaman, cəmi 23 ay mövcud olmuş Cümhuriyyətin xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirdiyini diqqətə çatdıraraq həmin dövrdə dövlət quruculuğunda əldə olunan önəmli nailiyyətləri qeyd edib.
R.Rzayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrildiyini söyləyib. Səfir Ulu Öndərin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onun rəhbərliyi ilə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə danışıb.
Diplomat Azərbaycanın son illərdə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bu günlərdə ölkəmizdə baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla təşkil olunduğunu vurğulayıb.
Çıxışı zamanı Azərbaycan-Kuba əlaqələrinə toxunan R.Rzayev son illərdə ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı etməsi üçün geniş imkanların olduğunu bildirib.
Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında məlumatların əks olunduğu videoçarxlar, o cümlədən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar “İçərişəhər: Canlı şəhər irsi” sərgisi nümayiş olunub.
Sonda qonaqlara Azərbaycan mətbəxinin şirin təamları təqdim olunub.