Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində şəffaflığın artırılması, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı” günü keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olub, onlara sərhədçilərin xidməti, sosial-məişət şəraiti, maddi-texniki təminatı və gündəlik fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sərhəd mühafizəsi sistemi daha da gücləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti yüksək səviyyədə təmin olunub. Bu diqqət və qayğı hərbi qulluqçuların peşəkarlığının artmasına və xidmətin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.
Sonra valideynlər əsgər yataqxanaları, yeməkxanalar, təlim meydançaları və digər inzibati binalarla tanış olub, xidmətin təşkili ilə bağlı görülən işləri yerində müşahidə ediblər.
Tədbir zamanı şəxsi heyətin döyüş hazırlığını əks etdirən nümunəvi çıxışlar nümayiş etdirilib, sərhəd mühafizəsinin təşkili, müasir texnologiyaların tətbiqi ilə dövlət sərhədlərinin etibarlı mühafizəsi və bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə valideynlərə ətraflı məlumat verilib.
Novruz bayramı ərəfəsində təşkil edilən bu kimi tədbirlər ailə ilə ordu arasında əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və vətənə xidmətin əhəmiyyətinin daha geniş şəkildə təbliğinə xidmət edir.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunub.