Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkəmizə səfərə gələn, BMT Baş Qərargahında akkreditə olunmuş və BMT Müxbirlər Assosiasiyasına üzv jurnalistlər – Vüsalə Abbasova, Stefano Vakkara, Cordan Dakamseh ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Jurnalistlərə ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, bu istiqamətdə komitənin fəaliyyəti haqqında məlumat verilib. Ermənistanın azərbaycanlılara qarşı apardığı deportasiya, işğal siyasətinin tarixi kökləri, bu siyasətin nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi, soydaşlarımızın vaxtilə üzləşdikləri məhrumiyyətlər geniş şəkildə izah olunub. Vurğulanıb ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti yaşayış obyektlərində və çadır düşərgələrində çətin şəraitdə məskunlaşıblar. Dövlət tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir standartlara cavab verən qəsəbələr, yaşayış kompleksləri inşa edilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətinin prioritetləri arasında məcburi köçkünlərin problemlərinin həlli mühüm yer tutur. Birinci vitse-prezident Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət yetirir. Hər bir məcburi köçkün dövlətin sosial siyasətinə uyğun olaraq təhsil və səhiyyə xidmətlərindən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına müəyyənləşdirilən güzəşt və imtiyazlardan yararlanırlar. Onların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görülür.
Hazırda Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, keçmiş məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurda qayıdışı həyata keçirilir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib, genişmiqyaslı tədbirlər uğurla icra olunur. Lakin işğal dövründə minalanmış ərazilər bu prosesi ləngidir. İşğaldan azad edilmiş ərazilərdə problemlərin mərkəzləşdirilmiş şəkildə həlli üçün Əlaqələndirmə Qərargahı yaradılıb. Bu qurum sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələləri həll edir. Doğma yurda qayıdışa münasibəti öyrənmək üçün Komitə tərəfindən keçmiş məcburi köçkünlər arasında sorğu keçirilir, bundan sonra qurumla köçkün arasında niyyət protokolu imzalanır. Yaşayış sahələrinin bölgüsündə şəffaflıq və ədaləti təmin etmək üçün püşkatma keçirilir.
Jurnalistlər səmimi və faydalı görüşə görə minnətdarlıqlarını bildirərək, səfərin məqsədinin Azərbaycan həqiqətlərini obyektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıblar. Qeyd ediblər ki, qaçqın və məcburi köçkün məsələsi ölkələrin qarşılaşdıqları ən çətin vəziyyətdir. Ləyaqətli qayıdış məcburi köçkün üçün ən əhəmiyyətli amildir və Azərbaycan bu kateqoriyadan olan şəxslərin təhlükəsiz və ləyaqətli qayıdışı üçün real imkanlar yaradıb.