22 Avqust 2024 17:47
81
CƏMİYYƏT
A- A+

Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, erməni işğalı nəticəsində doğma torpaqlarından didərgin düşən soydaşlarımızın üzləşdikləri çətinliklər, onların problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər, həmçinin Vətən müharibəsindən sonra yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərə qayıdışın gedişi və perspektivləri barədə məlumat verib.

Görüş zamanı Prezident İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə böyük qayğı göstərdiyi, onların yaşayış şəraitinin yaşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər gördüyü vurğulanıb, işğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının rəhbərliyi ilə hazırda böyük bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə öz doğma yurdlarına qayıdışının başlandığı bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların problemlərinin həllinə daim dəstək göstərdiyi qeyd edilib.

Qonaqlar Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla icra olunduğu, işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə indiyədək 8 min nəfərin köçürüldüyü barədə də məlumatlandırılıblar. Həmin ərazilərdə işğal dövründə ermənilərin yerləşdirdiyi mina və partlamamış hərbi sursatlarla bağlı təhlükənin qayıdışa ciddi maneə olduğu da diqqətə çatdırılıb.

Sonra çıxış edən Helsinki Universitetinin professoru Jan Erik Enestam ölkəmizdə ikinci dəfə qonaq olduğunu, ilk gəldiyi zamanla - 1980-ci illərlə müqayisədə əsaslı dəyişikliklərlə qarşılaşdığını, ölkəmizdəki inkişafın və tərəqqinin bütövlükdə nümayəndə heyətini təccübləndirdiyini diqqətə çatdırıb. Finlandiyalı qonaq məcburi köçkünlüyün onun ölkəsinin də tarixində yaşandığını, Azərbaycanın təcrübəsinin daha çətin və məsuliyyətli, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan işlərin həcminin isə təqdirəlayiq olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və dəstəyi ilə ölkəmizə səfərə gəlmiş nümayəndə heyətində Finlandiya parlamentinin üzvü Mikko Polvinen, Aleksanteri İnstitutunda Finlandiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Markku Kansqapuro, “Hymy” jurnalının redaktor müavini Antero Eerola, “J-E Enestam AB” konsaltinq şirkətinin idarə heyətinin sədri Jan Erik Enestam, Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin rəhbərinin sabiq müavini Jaako Laakso təmsil olunub. Görüşdə Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video