Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir.
Prezident İlham Əliyev də hər zaman bu meyarları nəzərə alaraq Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olub, hər cür şərait yaradılmasına təminat verib. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər.
Bu gün Azərbaycanda gənclərin hərtərəfli inkişafı, onların üzləşdiyi problemlərin həlli, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin edilməsi dövlətin apardığı siyasətin əsas prioritet istiqamətlərindəndir. Gənclər ölkəmizin həm ictimai-siyasi, həm də iqtisadi həyatında mühüm rol oynayırlar. Çünki Prezident İlham Əliyevin ölkədə dinamik inkişafı təmin edən uğurlu islahatları iqtisadiyyatın dayanıqlı inkişafında gənclərin iştirakı üçün geniş meydan açıb, onların əmək bazarına çıxışının və məşğulluğunun artırılmasının hərtərəfli dəstəklənməsinə şərait yaradıb. Bu islahatların nəticəsidir ki, gənclər arasında işsizlik səviyyəsi kəskin şəkildə azalmaqla yanaşı, Azərbaycan gəncliyi ictimai həyatın və iqtisadiyyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir.
Bu günlər Türkiyənin Antalya şəhərində iki gün davam edən Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA), habelə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) birgə təşkilatçılığı ilə "NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları" adlı konfransın da mövzusu gənclərin məşğulluğunun təmin edilməsi olub. Konfransda 41 ölkədən, habelə Beynəlxalq Əmək Təşkilatı (BƏT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (İƏİT) nümayəndələr iştirak edib. Tədbirdə dünya ölkələri üçün vacib çağırışlardan biri olan gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində birgə həllər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Xatırladaq ki, tədbirin təşkilatçılarından biri olan Dünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) 1988-ci ildə üzv ölkələr arasında məşğulluq və əmək bazarı məsələləri barədə fikir mübadiləsi aparmaq üçün qurulub. WAPES özlüyündə 80 dövlətin məşğulluq qurumunu və bir milyon əməkdaşını əhatə edir. Təşkilatın əsas dəyərləri gənclərə önəm verilməsi, kommersiya məqsədi güdməməsi, şəffaflıq, bərabərlik və yüksəkkeyfiyyətli xidmətdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) WAPES-in üzvüdür. Hazırda WAPES ilə Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirilir. Dövlət Məşğulluq Agentliyi WAPES-in müxtəlif görüş və tədbirlərində aktiv şəkildə təmsil olunur. Məsələn, 2021-ci ilin sentyabrında Dövlət Məşğulluq Agentliyi və Türkiyə Respublikasının İş Qurumunun ("İŞKUR") əməkdaşlığı çərçivəsində WAPES-a üzv təşkilatlar üçün "Postpandemiya dövründə karyera inkişafı və ixtisas seçimi" mövzusunda virtual konfrans təşkil edilib. 2022-ci ilin aprel ayında isə Estoniya Respublikasının Tallin şəhərində WAPES tərəfindən "Davamlı dəyişən əmək bazarında məşğulluq xidmətlərinin problemləri və innovativ yanaşmalar" mövzusunda Dünya Konqresi keçirilib və Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti konqresdə iştirak edib. Konqres çərçivəsində Azərbaycan Dövlət Məşğulluq Agentliyi tərəfindən "Texnoloji innovasiyalar və xidmətlərin göstərilməsi zamanı süni intellektdən istifadə sahəsində məşğulluq xidmətlərinin təcrübəsi" mövzusunda üzv ölkələr üçün DMA-nın rəqəmsal layihələri haqqında təqdimat da yer alıb. Adıçəkilən konqresdən beş ay sonra-sentyabr ayında WAPES ilə Almaniya Federativ Respublikasının Məşğulluq Xidmətinin (BA) birgə əməkdaşlığı çərçivəsində Avropa regionu üçün "Transmilli miqrasiya idarəçiliyində məşğulluq xidmətlərinin rolu və ikitərəfli əməkdaşlıq formaları" mövzusunda tədbir keçirilib və Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti tədbirdə iştirak edib.
Bu baxımdan qardaş Türkiyədə keçirilən ikigünlük konfrans da təbii ki, sıradan bir tədbir deyildi, onu sadaladığımız əvvəkli tədbirlərin davamı kimi dəyərləndirmək olar. Tədbirin əsas diqqətçəkən məqamlarından biri də o oldu ki, dünya ölkələrinin məşğulluq xidmətlərinin nümayəndələri öz təcrübələrini bölüşdülər. Əlbəttə, təhsilsiz, işsiz və təlimsiz gənclərin rastlaşdıqları maneələrin aradan qaldırılması üçün beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi öz müsbət nəticəsini verir. Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlığını, həmçinin əmək və sosial müdafiə, məşğulluq sahəsində səmərəli əməkdaşlıq təcrübəsini vurğulayıb. Agentliyin fəaliyyəti barədə məlumat verərək, qurumun fəaliyyətində müasir yanaşmalara, rəqəmsallaşmaya böyük önəm verildiyini qeyd edib.
Beynəlxalq Əmək Təşkilatının Türkiyə ofisinin direktoru Yaser Əhməd Həsən, WAPES-in prezidenti Noureddin Benxalil və Avropa üzrə vitse-prezidenti Florens Dumontiyer, Avropa Məşğulluq Xidmətləri Şəbəkəsinin rəhbəri Karoline Mansel çıxışlarında bildiriblər ki, konfrans gənclərin məşğulluğunun təminatı ilə bağlı fəal təcrübə mübadilələrinin aparılmasına mühüm töhfə verəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"