Son vaxtlar Şirvan və ətraf rayonlardan olan gənclər ikinciyə daha çox maraq göstərirlər
Xalqımız çox qədim zamanlardan peşə və sənətlərə böyük maraq göstərmişdir. Bu cəhət həm folklorumuzda, həm də klassiklərimizin fikirlərində də əksini tapmışdır. Deyirlər ki, ata-ananın borcu övladına tərbiyə və peşə verməkdir.
Yaxşı peşə sahiblərinə el içində də hörmət var. Dahi Nizami Gəncəvinin kərpickəsən kişinin dilindən cavan oğlana və onun timsalında bütün gənclərə ünvanladığı kəlam da çox mənalıdır: "Onunçün öyrətdim ki, əlimi bu sənətə, Bir gün sənə əl açıb düşməyim xəcalətə".
Müstəqil dövlətimiz bərpa olunduqdan sonra təhsil, sənət, peşə sahəsindəki əvvəlki stereotiplər də dəyişdi. Hər kəs sərbəst şəkildə öz seçimini etmək imkanı əldə etdi. İndi xəstə ən savadlı həkimə üz tutur, valideyn övladının ən bilikli müəllimdən dərs almasını istəyir, şirkət, idarə, müəssisə rəhbərləri təcrübəli, savadlı kadrları işə götürür, irəli çəkir. Ev tikdirən, maşın, məişət avadanlığı təmir etdirən yaxşı ustaya müraciət edir. Yenə də klassiklərimizin misraları yada düşür: "Kamil bir palançı olarsa insan, Yaxşıdır yarımçıq papaqçılıqdan" (N.Gəncəvi). "Puç olub getsə də dövlətin zayə, Yenə sənətdir əldə sərmayə"(S.Ə. Şirvani). Yaxşı haldır ki, indi sovetlər zamanında olduğu kimi, nəyin bahasına olursa-olsun ali təhsil almaq yox, yaxşı ixtisas, peşə sahibi olmaq tendensiyası var. Nizami demişkən: "Elmin, mərifətin varsa, buyur, gəl. Yoxsa, bu aləmə olma bir əngəl".
Son illər Azərbaycanda peşə təhsili sisteminin təkmilləşdirilməsi, yenidən qurulması sahəsində mühüm tədbirlər həyata keçirilir. 13 sentyabr 2019-cu ildə Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə və Təhsil Mərkəzinin açılışında bir sıra mühüm, proqram xarakterli fikirlər səsləndirmişdir. Demişdir ki, peşə təhsili ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır və bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bunun ardınca dövlət başçısı 2021-ci, 2023-cü, 2024-cü illərdə peşə sahəsi ilə bağlı sərəncamlar imzalamış, habelə 14 aprel 2025-ci ildə "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişiklikləri təsdiqləmişdir. Bu dəyişikliklərdə işğaldan azad edilmiş ərazilərimizdə peşə təhsilinə dövlət qayğısı məsələləri öz əksini tapmışdır.
Uzun illər 152 saylı Texniki Peşə Məktəbi kimi fəaliyyət göstərmiş Şirvan Peşə Liseyində 575 tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 63 mühəndis, usta, müəllimdən ibarət pedaqoji kollektiv məşğul olur. 14 ixtisas üzrə 31 qrupda təhsil alan gənclər neft və qazçıxarma operatoru, neft-kimya sənayesi operatoru, elektrik-qaz qaynaqçısı, elektrik montyoru, radio-televiziya aparatlarının təmiri və xidməti radiomexaniki, dərzi, əməliyyatçı-mühasib, torna-frezer dəzgahı operatoru, xalçaçı, avtomobil təmiri çilingəri, təmirçi çilingər, veb-dizayner, qrafik dizayneri, bərbər, vizajist manikürçü peşələrinə yiyələnirlər. Liseyin tədris və təlim işləri üzrə direktor müavini Günel Əliyevanın dediklərindən məlum oldu ki, sözügedən müəssisəyə 9 və 11-ci sinifləri bitirən gənclər qəbul edilirlər. 9-cu sinifdən gələn gənclərə ixtisasla yanaşı, ümumtəhsil fənləri də tədris olunur və peşə təhsillərini bitirərkən onlara həm də tam orta təhsil haqqında attestat verilir. 11-ci sinifdən qəbul olunanlar üçün təhsil müddəti 1 ildir.
Gənc, innovativ bilik və idarəetmə bacarığına malik Emil Novruzovun rəhbərlik etdiyi liseydə tələbələrin nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün demək olar ki, bütün imkanlar mövcuddur. Qaynaq, dərzi və xalça emalatxanaları, fizika və kimya laboratoriyaları, zəngin kitabxana tələbələrin ixtiyarındadır. Burada təhsil dövlət vəsaiti və ödənişli qaydada həyata keçirilir. İxtisasdan asılı olaraq ödənişli oxuyan tələbələr il ərzində 500 - 550 manat təhsil pulu ödəyirlər.
Təqdirəlayiq haldır ki, liseyin rəhbərliyi hər bir məzunun təhsildənsonrakı taleyini - ilk növbədə işlə təmin olunmasını diqqət mərkəzində saxlayır. Dövlət Məşğulluq Mərkəzinin Şirvan-Salyan regional filialı ilə əmək bazarı və məşğulluq sahəsində aparılan əməkdaşlıq bu işdə müsbət nəticələr əldə edilməsinə kömək edir.
Tələbələrin dərsdənkənar vaxtlarının normal və səmərəli keçməsi üçün liseydə vaxtaşırı olaraq mədəni-kütləvi tədbirlər təşkil edilir. Təhsil ocağında "Karyera Mərkəzi" fəaliyyət göstərir. Eyni zamanda tərtib edilmiş qrafikə uyğun olaraq tələbələr Şirvan Şəhər Gənclər Evində, Olimpiya İdman Kompleksində təşkil olunmuş dərnəklərdə, idman seksiyalarında mənən zənginləşir, fiziki hazırlıqlarını artırırlar. Vaxtaşırı olaraq liseydə kitab müzakirələri, qabaqcıl əmək və sənət adamları ilə görüşlər keçirilir. Liseyin tələbələrindən söz düşmüşkən onu da bildirək ki, Birinci Qarabağ müharibəsi şəhidi Milli Qəhrəman Tahir Bağırov, Vətən müharibəsi şəhidləri Əli Mənəfli, Emil Hümbətov və Röyal Məmmədov bu təhsil ocağının məzunlarıdır.
Müasir dövrün reallığı ondan ibarətdir ki, yaxın gələcəkdə, bəlkə də 2-3 ildən sonra əksər istehsal və xidmət sahələrində ilk növbədə peşə təhsili olanları işə götürəcəklər. Buna görə də gənclər gələcək karyeralarını qurmaq üçün peşə öyrənməyə üstünlük verməlidirlər.
Seyran CAVADOV,
"Azərbaycan"