12 İyun 2025 08:57
447
SİYASƏT
A- A+
Dini zəmində qərəzli münasibətə və konfessional ədavətə qarşı barışmaz mübarizə

Dini zəmində qərəzli münasibətə və konfessional ədavətə qarşı barışmaz mübarizə


Bakıda keçirilən "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfrans Azərbaycanın islam həmrəyliyi və müsəlman aləminin konsolidasiyasi istiqamətində atdığı növbəti addımdır. Azərbaycan islam ölkələri və xalqlarına qarşı izlənilən ikili standartlara və qərəzli münasibətə, yanlış stereotiplərə və konfessional ədavətə qarşı barışmaz mübarizə aparır. 

Dövlətimiz müasir dünyada multikultural ölkə kimi tanınır. Azərbaycanda bütün səmavi dinlərin nümayəndələri azad və sülh şəraitində fəaliyyət göstərir və yaşayır, dövlət tərəfindən himayə olunurlar. Azərbaycan xalqının hər üç dünyəvi dinə fərq qoymadan ehtiramı və hörməti tariximizdən qaynaqlanan dəyərimizdir. Dinlərin hər hansı ayrıseçkilik olmadan firavan və mehriban şəraitdə mövcudluğu ölkəmizin  Konstitusiyasında təsbit olunub. Azərbaycan islam ölkəsidir və dini ədavət mövzusunda istənilən ədalətsizlik, qərəz və gözdənsalma milyonlarla azərbaycanlının dini hissiyyatına toxunduğu kimi, dövlətimiz tərəfindən də məqbul sayılmayan təzahürlərdir. 


Azərbaycanın tolerantlıq təşəbbüslərinə beynəlxalq diqqət


Hər il martın 15-i BMT çərçivəsində İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bu barədə qərar ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir də İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün üçüncü ildönümünə həsr olunmuşdur.

Konfransın əsas məramı islamofobiyanı doğuran qlobal, tarixi və siyasi amilləri araşdırmaq üçün mütəxəssisləri, akademikləri və dövlət rəsmilərini bir araya gətirməklə tarixi və mənəvi faktorlardan qidalanan bu problemin qlobal və geosiyasi proseslərin, eyni zamanda insan hüquqları kimi həssas problemin müzakirə mövzusu olduğunu bütün dünyaya göstərməkdir. Həm iştirakçıların sayı və təmsil etdikləri dövlətlər, həm müzakirə edilən problemlər, həm də konfransa nüfuzlu xarici partnyorların dəstək verməsi tədbirin aktuallığını göstərməklə yanaşı, həm də Azərbaycanın bu təşəbbüsünün beynəlxalq platformada ciddi diqqətə səbəb olduğunu nümayiş etdirir. İslamofobiya ilə mübarizənin müxtəlif aspektləri, tarixi və müasir baxış bucaqları, birgə əməkdaşlığın təşviqi və mübarizədə beynəlxalq təşkilatların rolu kimi problemlərin müzakirə olunduğu tədbirin xarici tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu kimi nüfuzlu institutlar çıxış edirlər. Bu, olduqca ciddi beynəlxalq diqqətin təzahürü olmaqla yanaşı, həm də aydın formada göstərir ki, Bakı artıq islamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir. Bu məqsədlə müxtəlif ölkələrdən olan tədqiqat institutları və müvafiq qurumlarla fəal əməkdaşlıq qurulub və Azərbaycan qarşıdakı illərdə də islamofobiya və dini qərəzə qarşı mütəmadi mübarizəsini davam etdirəcək. 


İslamofobiya insan hüquqları problemi kimi


İslamofobiya dini mövzuda ədavətin təzahürü olmaqla yanaşı, həm də bir siyasi məsələdir. Dünyanın müxtəlif nöqtələrində dini məzmunlu qərəz və ikili yanaşma geniş ictimai narazılıqlara, münaqişələrə, hətta müharibələrə rəvac verir. Bu amil aşkar şəkildə göstərir ki, dini ədavət artıq geosiyasi və qlobal xarakter almağa başlayıb. İnformasiya və süni intellekt əsrində dini zəmində ədavətin qızışdırılması və dərinləşməsi ayrı-seçkilik müəllifləri üçün daha da asanlaşıb. Bu baxımdan dini zəmində istənilən ziddiyyətlərin neytrallaşdırılmasının ən səmərəli yolu təhsil və maarifləndirmədir. 

İnsan dinini seçməkdə azaddır və bu azadlıq ona Tanrı tərəfindən bəxş edilib. Hər bir insanın fundamental təbii hüquqları var ki, bunlardan biri də din seçimidir. Bu baxımdan dünyada izlənilən dini təzyiqlər, xüsusilə də müsəlman aləminə qarşı tətbiq edilən total islamofobiya daha aktual mahiyyət kəsb etməyə başlayıb. XXI əsrdə islamofobiya kimi neqativ təzahürə insan hüquqları kontekstində yanaşma yaşadığımız reallığın tələbinə çevrilib. 

Müsəlmanlara qarşı düşmənçilik halları yeni bir məsələ deyil, lakin son illərdə bu halların intensivliyində ciddi artım müşahidə olunur. İslamofobiya yalnız fərdi səviyyədə deyil, sistemli formada - media, mədəniyyət, təhsil və əmək sahələrində də təzahür edir. Araşdırmalar göstərir ki, müsəlmanların 39 faizi ümumi diskriminasiyaya məruz qalıb. 35 faiz müsəlman iş mühitində, 35 faiz isə yaşayış sahəsi tapmaqda ayrı-seçkiliklə üzləşib. Daha çox narahatedici fakt odur ki, hicablı qadınların 45 faizi vəzifələrə qəbulda ayrı-seçkiliklə üzləşir. Təhsil sahəsində isə 35 faiz müsəlman dini kimliyinə görə diskriminasiyaya məruz qalır. 

Bakı konfransında iştirak edən nüfuzlu ekspertlərin gəldikləri ümumi rəy bundan ibarət oldu ki, islamofobiya bəzi siyasi qüvvələr tərəfindən alət kimi istifadə olunur. Dinə, kimliyə və mənsubiyyətə qarşı yönəlmiş belə ritorikalar cəmiyyətin daxilində parçalanmanı dərinləşdirir və qarşılıqlı güvəni zədələyir. Lakin ümid və çıxış yolları mövcuddur. Dini nifrətə qarşı konkret hüquqi və sosial tədbirlərin görülməsi, müxtəlif toplumlar arasında anlayış və hörmətin təşviqi daha sülhsevər və ədalətli cəmiyyətin formalaşmasına zəmin yarada bilər. Bu, yalnız müsəlmanların deyil, bütün insanların təhlükəsizliyi və ləyaqəti üçün vacibdir. Təhsil sahəsində və dövlət xidmətlərində müsəlmanlara qarşı ayrı-seçkilik halları artıb. Gənc müsəlman tələbələrin şəxsiyyətlərinə görə təzyiqlərə məruz qalması və ya müsəlman dövlət qulluqçularının karyeralarında maneələrlə üzləşməsi cəmiyyətin ən vacib sahələrində belə bərabərliyin pozulduğunu göstərir. 

İslamofobiya çox zaman yanlış məlumatlardan və stereotiplərdən qaynaqlanır. Bu səbəbdən maarifləndirici tədbirlər, ictimai məlumatlandırma kampaniyaları, təhsil proqramları və media vasitəsilə aparılan obyektiv təqdimatlar cəmiyyətin yanlış təsəvvürlərini aradan qaldırmaqda əsas rol oynaya bilər. Ancaq təkcə maarifləndirmə kifayət deyil. Hüquqi yanaşma da bu mübarizənin vacib sütunlarından biridir. Müsəlman icmalarının ayrı-seçkiliklə üzləşməsi yalnız onların dini kimliklərinə deyil, həm də fundamental insan hüquqlarına qarşı açıq təhdiddir. Bu cür ayrı-seçkiliklə mübarizə aparmaq üçün müəyyən yollar mövcuddur. Lakin əsas mübarizə üsulu maarifləndirmədir. Bu fikirlər konfransda geniş şəkildə səsləndirilib.


Azərbaycanın dönməz mübarizəsi


Azərbaycan dövlət olaraq müxtəlif dini icmaların birgəyaşayışının tərəfdarıdır. Biz bunu həm dövlət siyasətimizlə, həm də cəmiyyətimizdə olan dini, milli və irqi zəmində dözümlülüyümüzlə bütün dünyaya sübut etmişik. Eyni zamanda Azərbaycan əldə etdiyi bu misilsiz nailiyyətlə kifayətlənməyəcək dövlətdir. Ona görə də rəsmi Bakı dünyanın istənilən nöqtəsində dini zəmində baş verən gərginlik, ayrı-seçkilik və münaqişəyə qarşı çıxış edir və bu istiqamətdə bütün zəruri addımları atmaqda qərarlıdır. 

Azərbaycanın bu dövlət siyasəti xalqımızın dünyagörüşü və iradəsinə əsaslanır və Prezident İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla həyata keçirilir. Dövlət başçısının Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciət dövlətimizin sadalanan istiqamətdə davam edən əzminin bariz təzahürüdür. "İslamofobiya müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında stiqmatizasiya, institusional diskriminasiya və digər formalarda təzahür edir. Bu cür ədalətsiz və qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır", - deyən dövlət başçısı vurğulayıb ki, vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilib. Bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır. 

Prezident İlham Əliyevin problemə bu baxış bucağından yanaşması göstərir ki, islamofobiya təkcə teoloji deyil, həm də geosiyasi maraqlar mövzusuna çevrilib. Böyük, imperializm maraqlarını güdən güclər siyasi iddialarını reallaşdırmaq üçün din amilindən istifadə etməyə çalışırlar. Bu yanaşma Azərbaycan üçün tanışdır, çünki torpaqlarımızın 30 illik işğalı dövründə xalqımız Ermənistanın ərazi iddialarının dağıdıcı fəsadlarının, həmçinin dini abidələrə və məscidlərə qarşı tətbiq etdiyi vandalizm siyasətinin şahidi olub. 

Prezident İlham Əliyevin sözlərinə görə, islamofobiyanın belə bir miqyas almasının başlıca səbəbi dünyada lazımi diqqəti görməməsindədir: "Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək antimüsəlman əhvali-ruhiyyəsini təlqin edirlər".

Dövlətimizin başçısı hesab edir ki, islamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında və müsəlmanların mənfi obrazının yaradılmasında dağıdıcı rolu olan bəzi media orqanlarının fəaliyyətidir:  "Media qurumları məqsədyönlü şəkildə ekstremizm, terrorizm və bu kimi anlayışları islamla eyniləşdirərək dinimizə qarşı qərəzli təsəvvür yaradır, dinimizi təhlükə mənbəyi kimi aşılayır və ona terror damğası vurmağa çalışırlar. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mövcud problemləri islam və müsəlmanlarla əlaqələndirərək cəmiyyətdə etimadsızlıq və qorxu hisslərini alovlandırırlar".

Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələri alqışlayır və sənədlərdə qeyd olunan tədbirlərin təxirəsalınmaz qaydada həyata keçirilməsinə çağırış edir. Dövlət başçısının sözlərinə görə, "islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başlayıb. Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, antiislam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir".

Bu gün dünyanın müxtəlif yerlərində dini məzmunda yalnız regional deyil, həm də qlobal səviyyədə baş verən hadisələr ciddi narahatlıq doğurur. Yaxın Şərqdə, eləcə də Cənubi Asiyada - Pakistan-Hindistan münasibətləri fonunda Hindistanda müşahidə olunan antimüsəlman siyasəti Azərbaycan dövləti tərəfindən məqbul sayılmayan neqativ tendensiyaların göstəriciləridir. Bir sıra dövlətlər, ələlxüsus da Fransa özünün neokolonial siyasətinin tərkib hissəsi kimi müsəlman ölkələrinə və əhalisinə qarşı nümayiş etdirdiyi dini qərəz və ayrıseçkilik siyasətini başlıca alət qismində görür. Rəsmi Bakı atdığı əməli addımları ilə bu kimi zərərli tendensiyalara qarşı amansız mövqedə olduğunu nümayiş etdirir. Həm beynəlxalq platformalarda, həm ikitərəfli münasibətlərdə, həm də humanitar aksiyalarda fəal iştirak edən dövlətimiz bütün dünyaya nümayiş etdirir ki, yalnız cəmiyyətimizdə nail olduğumuz multikultural mühit bizim üçün yetərli ola bilməz. Dini ədavət və islamofobiya bir bəşəri bəladır. Azərbaycan isə dünyanın bir parçası olaraq bu kimi problemlərə laqeyd qala bilməyəcək dövlətdir. Bu reallıq bizim tarixi və mənəvi irsimizlə yanaşı, malik olduğumuz siyasi reputasiya və imicimizin, qazandığımız yeni geosiyasi statusun prinsiplərinə ziddir. 


İradə  ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!