ABŞ və İran arasındakı münaqişədən sonra qlobal enerji bazarlarında müşahidə olunan dalğalanmalar turizm sektoruna təsir etməkdə davam edir. Belfastdan (Şimali İrlandiya) qlobal səyahətə başlayan “Villa Vie Odyssey” kruiz gəmisi yanacaq xərclərindəki kəskin artımı əsas gətirərək fəaliyyətini dayandırdığını elan edib. Səfərlərin dayandırılmasından sonra gəmidə olan sərnişinlər Kambocanın Sihanukvil şəhərində köməksiz vəziyyətdə qalıblar.
650 sərnişin tutumu olan gəminin ABŞ-da yerləşən operatoru "Villa Vie Residences" şirkəti, hazırda sərnişinlərin gəmidən endirilməsi planları üzərində işlədiklərini və onlar üçün müvəqqəti yaşayış yerləri təşkil etdiklərini bildirib. Operator qeyd edib ki, Asiyanın bəzi bölgələrində yanacaq xərcləri hər kayut üçün aylıq 1800 dollardan 8000 dollara qədər yüksəlib. Şirkət, yanacaq sərfiyyatını azaltmaq üçün gəminin sürətinin azaldılması və limanlarda qalma müddətinin uzadılması kimi ciddi addımlar atıldığını, lakin bu tədbirlərin yanacaq xərclərindəki kəskin artımı kompensasiya etmək üçün kifayət etmədiyini açıqlayıb. Şirkət "xərclərdəki artımı sərnişinlərin üzərinə yükləməyin real həll yolu olmadığını" bildirərək, qarşıdakı 60 günü "yenidən strukturlaşdırma və kapitalın yenidən formalaşdırılması" işlərinə həsr edəcəyini qeyd edib. Bununla belə, şirkət bu prosesin nəticəsinin zəmanətli olmadığını da vurğulayıb.
Qeyd edək ki, səyahətin 3,5 il davam etməsi və təxminən 150 ölkəni əhatə etməsi planlaşdırılmışdı.
Gəminin veb-saytındakı məlumata əsasən, *Villa Vie Odyssey* gəmisinin səyahətinin 3,5 il çəkməsi və təxminən 150 ölkəni əhatə etməsi nəzərdə tutulmuşdu. Lakin gəminin təmir prosesindəki gecikmələr səbəbindən səyahət planlaşdırılan vaxtda başlaya bilmədi. Bu vəziyyət sərnişinlərin aylarla Belfastda ilişib qalmasına, şirkətə isə milyonlarla funt sterlinq ziyan dəyməsinə səbəb oldu.
Ötən il şirkət, insanlara təqaüd illərini dənizdə keçirməyə imkan verən ömürlük yaşayış proqramı təqdim etdi. Gəmidəki kayutlar 120 000 ilə 440 000 dollar arasında dəyişən qiymətlərlə daimi yaşayış yeri kimi təklif olunurdu, aylıq icarə haqqı isə 3500 dollardan başlayırdı.
“Azərbaycan”