Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, “PAŞA Holding”in Hüquq və dövlət qurumları ilə əlaqələr departamentinin direktoru, “LEGİS Hüquq Forumu”nun təşkilat komitəsinin rəhbəri Aytac Qasımova, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də media nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.
Tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq ölkəmizdə vəkillik institutunun keçdiyi inkişaf yolundan bəhs edib, son illərdə həyata keçirilən genişmiqyaslı islahatların bu sahənin institusional baxımdan daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib.
Sədr vəkillərin sayında müşahidə olunan dinamik artım, peşə hazırlığının gücləndirilməsi, davamlı tədris proqramlarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, eləcə də regionlarda yaşayan vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxış imkanlarının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Həmçinin Anar Bağırov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il dekabrın 28-də imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Azərbaycan vəkilliyinin tarixində mühüm dönüş nöqtəsi olub. Bildirilib ki, həmin Qanunun qəbulundan sonra ilk dəfə olaraq vəkillik müstəqil hüquqi təsisat kimi formalaşıb, hakimiyyətin heç bir qolundan asılı olmayan peşə birliyi statusu qazanıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində məhkəmə prosesində bərabərhüquqlu tərəf kimi iştirak etməyə başlayıb.
Sədr çıxışında Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlətimizin başçısının Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlətimizin başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və dəstək hüquq sisteminin təkmilləşdirilməsinə, müdafiə hüququnun daha səmərəli təmin olunmasına və vəkillik institutunun fəaliyyət imkanlarının genişlənməsinə şərait yaradıb.
Anar Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sədr çıxışının davamında qeyd edib ki, bugünkü mərasimdə daha 64 namizəd təntənəli şəkildə and içərək, kollegiyanın sıralarına qəbul olunub. Bununla da, ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2950 nəfərə çatıb. Yeni qəbul edilən vəkillərdən 43-ü kişi, 21-i qadındır. Onlardan 4-ü regionlarda, 60-ı isə paytaxtda fəaliyyət göstərəcək. Yeni üzvlərin qəbulu nəticəsində qadın vəkillərin sayı 670 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir. Namizədlər sırasında Konstitusiya Məhkəməsinin sədr müavini olmuş Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizəd də yer alır.
Eyni zamanda, mərasimdə Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov çıxış edərək, namizədləri təbrik edib, gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib.
Daha sonra mərasim çərçivəsində “PAŞA Holding”lə “LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalanıb.
Tədbirdə çıxış edən “PAŞA Holding”in Hüquq və dövlət qurumları ilə əlaqələr departamentinin direktoru, “LEGİS Hüquq Forumu”nun təşkilat komitəsinin rəhbəri Aytac Qasımova kollegiya ilə əməkdaşlığa dair Memorandumun imzalanmasını çox müsbət hal hesab edərək bunun hüquq sahəsində institusional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, sənəd hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsinin qarşılıqlı əlaqələndirilməsi, birgə seminar, treninq, konfrans və akademik tədbirlərin təşkili və həyata keçirilməsi, müxtəlif qanunvericilik sahələri üzrə informasiya mübadiləsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək kollegiyanın üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək, vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər.
Mərasim zamanı onlara vəkil vəsiqələri təqdim olunub.
Tədbirdə çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK-nın Rəyasət Heyətinə təşəkkürlərini bildiriblər.