Azərbaycan xalqının dövlətçilik tarixində 28
May 1918-ci il xüsusi və şərəfli bir yer tutur. Məhz həmin gün xalqımız Şərqdə
və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi respublikası olan Azərbaycan
Xalq Cümhuriyyətini yaradaraq müstəqil yaşamaq iradəsini bütün dünyaya nümayiş
etdirdi. Bu tarixi hadisə xalqımızın azadlıq ruhunun, milli iradəsinin və yüksək
siyasi təfəkkürünün təntənəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq, dövlətçilik tariximizdə silinməz iz qoydu. Milli
parlamentin və hökumətin yaradılması, dövlət atributlarının təsis olunması,
milli ordunun formalaşdırılması, Azərbaycan vətəndaşlığı institutunun
yaradılması, təhsil və məhkəmə sistemində həyata keçirilən islahatlar,
qadınlara seçki hüququnun verilməsi kimi mühüm addımlar Cümhuriyyətin nə qədər
mütərəqqi və uzaqgörən dövlət modeli olduğunu göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyəti milli
kimliyimizin və dövlətçilik ənənələrimizin möhkəmlənməsində mühüm rol oynadı.
İstiqlal Bəyannaməsi xalqımızın azadlıq ideallarını daha da gücləndirdi, milli
mənlik şüurunun formalaşmasına böyük təkan verdi. Həmin dövrdə qəbul edilən qərarlar
Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasına və milli
maraqlarının qorunmasına xidmət edirdi.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi,
“Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətin vəzifədir.” XX əsrin
sonlarında xalqımız yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkəmiz ciddi
təhlükələrlə üz-üzə idi. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, qətiyyəti
və xilaskarlıq missiyası sayəsində Azərbaycan dövlətçiliyi qorundu, ölkədə
sabitlik təmin edildi, müstəqil dövlət quruculuğunun möhkəm təməli yaradıldı.
Bu gün möhtərəm cənab Prezidentimiz İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin idealları uğurla
yaşadılır. Dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin olunub, üçrəngli
bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Azərbaycanın
qazandığı tarixi Zəfər milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən
biri olmaqla yanaşı, Cümhuriyyət qurucularının arzu və amallarının gerçəkləşməsinin
təntənəsidir.
Bu gün müstəqil Azərbaycan regionun lider dövləti
kimi beynəlxalq aləmdə öz mövqeyini daha da gücləndirir, demokratik inkişaf,
sosial rifah və milli maraqların təmin olunması istiqamətində mühüm uğurlar əldə
edir. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsinin
müasir dövrdə uğurla davam etdirildiyini göstərir.
28 May – Müstəqillik Günü münasibətilə
xalqımızı ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyinin əbədi, sarsılmaz və
dönməz olmasını arzulayıram.
Yaşasın müstəqil Azərbaycan!
Fatma YILDIRIM,
Milli Məclisin deputatı