29 Iyun 2024 08:35
122
Səhiyyə
A- A+

COP29 insan sağlamlığının qorunmasına da mühüm töhfə verəcək

 

Son illər iqlim dəyişiklikləri nəticəsində ortaya çıxan bir sıra problemlər dünyanı qlobal çətinliklərlə üz-üzə qoyub. Problemlərin getdikcə daha da dərinləşməsinin qarşısının alınmasında planetin bütün sakinləri məsuliyyət daşıyırlar. Bu baxımdan dövlətlərin qlobal istiləşmə ilə mübarizədə üzərinə mühüm öhdəliklər düşür. 
Atmosferə atılan zərərli qazlar hava keyfiyyətini aşağı salmaqla həm də temperaturun qalxmasına səbəb olur. Nəticədə təbii fəlakətlərin sayının artması, anomal hava şəraiti və iqlim dəyişikliklərinin yaratdığı digər fəsadlarla qarşılaşırıq. İqlim dəyişiklikləri fonunda baş verən bütün proseslər isə insan sağlamlığına təsirsiz ötüşmür. Bir sıra xəstəliklərin artdığı müşahidə edilir ki, bu da təbiətdə baş verən dəyişikliklərlə əlaqədardır. 

 

İqlim dəyişiklikləri ən çox həssas və müdafiəsiz əhali qruplarına təsir edir

 

İqlim dəyişikliklərinin yaratdığı problemlərlə birgə mübarizə günümüzdə ən aktual məsələlərdən biridir. Bu baxımdan Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 böyük əhəmiyyətə malikdir. Konfrans çərçivəsində müxtəlif panellər üzrə müzakirələr aparılaraq, mütəxəssislər tərəfindən təkliflər səsləndiriləcək. 
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri barədə əməkdaşımızla danışan Almaniyanın Bad Salzungen şəhər xəstəxanasının Qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə bildirib ki, iqlim dəyişiklikləri ən çox həssas və müdafiəsiz əhali qruplarına təsir edir. Məsələn, maddi imkanları məhdud olan şəxslər iqlim dəyişikliklərinin yaratdığı fəlakət və dəyişikliklərə daha az hazırlıqlıdırlar. Onlar təbii fəlakətlər zamanı daha çox zərər çəkir və bərpa prosesində çətinliklər yaşayırlar. 
Bundan başqa, kənd təsərrüfatı ilə məşğul olan əhali iqlim dəyişikliklərinin təsirlərinə - quraqlıq, daşqın və fırtınalara qarşı daha həssasdır, çünki onların fəaliyyəti birbaşa təbiətə bağlıdır. "Eyni zamanda uşaqlar və yaşlılar sağlamlıq baxımından risk qrupuna daxildirlər, onlar iqlim dəyişikliyinin yaratdığı ekstremal hava şəraitinə tab gətirə bilmirlər. Xüsusən inkişaf etməkdə olan ölkələrdə qadınlar iqtisadi və sosial səbəblərdən daha həssas kateqoriya hesab olunur. Çünki onlar məişətdə, kənd təsərrüfatında çalışaraq daha çox məsuliyyət daşıyırlar. Xroniki xəstəlikləri olanlar, əlillər də iqlim dəyişikliyi nəticəsində yaranan sağlamlıq risklərinə daha çox məruz qalan əhali qrupudur. Həmçinin miqrantlar və qaçqınlar yeni mühitə uyğunlaşma ilə bağlı problemlər yaşadıqlarından müdafiəsiz hesab olunurlar", - deyə o bildirib. 

 

Çirkli hava bu xəstəlikləri artıra bilər

 

Həkim qeyd edib ki, çirkli hava, bəzi qazların havada miqdarının artması və ozon təbəqəsinin deşilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Nəticədə keyfiyyətsiz hava tənəffüs yollarını qıcıqlandıraraq astma və bronxit kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. Uzun müddət çirkli hava ilə təmasda olmaq ağciyərlərin xroniki obstruktiv xəstəliyinin inkişaf riskini artırır. Bu xəstəlik nəfəs darlığı və öskürək kimi simptomlarla xarakterizə olunur. Həmçinin ağciyər, dəri xərçəngi, ürək qan-damar sistemi xəstəlikləri, hipertoniya, infarkt və insult, dəri problemləri keyfiyyətsiz hava şəraitində daha da artır. 
C.Hüseynzadə vurğulayıb ki, bu təsirlər insan sağlamlığını ciddi şəkildə təhdid edir və ətraf mühitin qorunmasının vacibliyini göstərir. Hava çirkliliyi ilə mübarizə aparmaq və ozon təbəqəsini qorumaq üçün hər kəsin üzərinə böyük məsuliyyət düşür.
İqlim dəyişikliklərinin bir sıra xəstəliklərinin gedişinin ağırlaşmasına səbəb olduğunu vurğulayan şöbə müdiri bildirib ki, allergik xəstəliklərin gedişatı pisləşir. Allergik rinitin ən çox görünən səbəblərindən biri polendir və Avropada geniş yayılıb. Almaniyada 12 milyondan çox uşaq və yeniyetmədə allergik renit aşkarlanıb. Ümumiyyətlə, astma və allergik rinokonyunktivit kimi xroniki respirator allergik xəstəlikləri olanlar tozcuqlara məruz qalma, hava çirkləndiricilərinin konsentrasiyası və paylanmasının artması səbəbindən risk altında olurlar. Dərhal müdaxilə edilmədiyi halda insan sağlamlığına ciddi təsirləri olur. 
Həkim deyib ki, iqlim dəyişiklikləri nəticəsində isti havalar bitkilərin erkən çiçəklənməsinə səbəb olduğundan polen mövsümü daha öncə başlayır və uzun çəkir. Eyni zamanda atmosferə atılan zərərli qazlar karbon dioksidin səviyyəsini artırır ki, bu da bitkilərin polen istehsalına təsir edir. 
Beləliklə, soyuq iqlimə malik ölkələrdə havanın temperaturunun yüksəlməsi polen istehsal edən bitkilərin də daha geniş yayılmasına və inkişafına gətirib çıxarır. 

 

Allergiyadan əziyyət çəkənlərin sayı artacaq

 

C.Hüseynzadə növbəti 5-15 il ərzində polen mövsümlərinin daha uzun çəkəcəyini, bu fonda allergiyadan əziyyət çəkənlərin sayının artacağını vurğulayıb. Havada olan polen allergenlərinə məruz qalma və ya inhalyasiya burun, göz və bronxlarda allergik reaksiyalara səbəb ola bilər. Bu da yuxu problemləri yaratmaqla, psixi sağlamlıq səbəbindən həyat keyfiyyətinin aşağı düşməsinə, məhsuldarlığın azalmasına, uşaqlar arasında dərs göstəricilərinin zəifləməsinə, nəticədə isə  yüksək səhiyyə xərclərinə səbəb olacaq.
O vurğulayıb ki, allergik xəstəliklərdən ən çox uşaqlar əziyyət çəkir və son illərdə azyaşlılar arasında belə halların artdığı müşahidə olunur: "Havanın orta temperaturu yüksəldikcə bu tendensiyanın artacağı proqnozlaşdırılır. Lakin karbon emissiyalarının azaldılması istiqamətində tədbirlər görülərsə, proses zəifləyə bilər. Orqanizmimiz ekoloji dəyişikliklərə uyğunlaşmaq qabiliyyətinə malikdir, amma bu, çox vaxt alır. Buna görə də iqlim dəyişikliyinin yaratdığı problemlərin fəsadlarının qarşısının alınması və ya yumşaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi vacibdir". 
Həkim iqlim dəyişikliklərinin sağlamlığa mənfi təsirlərini azaltmaq məqsədilə görüləcək tədbirlərdən də söz açıb. O bildirib ki, istilik dalğalarına qarşı sərin mühitlər təmin etmək, xəbərdarlıq sistemləri qurmaq, yoluxucu xəstəliklərin qarşısını almaq, hava çirkliliyinə qarşı mübarizədə təmiz hava məkanlarının yaradılması, maska istifadəsi, hava keyfiyyəti barədə xəbərdarlıqlar, sağlamlıq sistemlərinin gücləndirilməsi, eyni zamanda səhiyyə xidmətlərinin artırılması, ətraf mühitin qorunması və bərpası, su ehtiyatlarının qorunması, təhsil və ictimai maarifləndirmə bu istiqamətdə görüləcək tədbirlər sırasına daxildir. Görüləcək işlər iqlim dəyişikliklərinin sağlamlığa mənfi təsirlərini azaltmaq üçün mühümdür və qlobal səviyyədə koordinasiya və əməkdaşlıq tələb edir.
C.Hüseynzadə sonda iqlim dəyişikliklərinin mənfi təsirlərini minimuma endirmək üçün təcili tədbirlər görülməli olduğunu diqqətə çatdırıb və bu baxımdan COP29-un olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bakıda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında müəyyən panellərdə qlobal istiləşmənin sağlamlığa təsirləri də müzakirə olunacaq. 
Beləliklə, mənfi təsirlərin aradan qaldırılması və ya yumşaldılması istiqamətində təkliflər irəli sürüləcək. Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi isə ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə səyləri birləşdirmək, bu istiqamətdə töhfə vermək istəyinin bariz nümunəsidir. Azərbaycan artıq qlobal ekoloji platformaya çevrilib".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video