BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Ekomüstəmləkə: müstəmləkə və neokolonial istismarın ətraf mühit mirası” adlı beynəlxalq konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan BTQ-nin icraçı direktoru Abbas Abbasov beynəlxalq konfransın məqsədinin müstəmləkəçi güclərin vurduğu ekoloji ziyanı araşdırmaq və müstəmləkə altında olan xalqlara xüsusi diqqət yetirmək olduğunu bildirib. O, BTQ-nin müstəmləkəçiliyin ləğvi ilə bağlı fəaliyyəti haqqında məlumat verib.
Beynəlxalq konfransda hələ də müstəmləkə idarəçiliyi altında olan xalqlar, müstəmləkəçi dövlətlər tərəfindən təbii resursların istismarı, meşələrin qırılması, xlordekonla torpağın çirklənməsi və məcburi kənd təsərrüfatı monokulturası kimi tarixi müstəmləkəçilik təcrübələrindən söz açılıb. Bu xalqların üzləşdiyi iqlim böhranları, onların uzunmüddətli mənfi ekoloji nəticələri ilə bağlı fikirlər səsləndirilib.
Konfrans müstəmləkə idarəçiliyi nəticəsində ətraf mühitə dəyən zərərlərin aradan qaldırılması üçün mühüm platforma rolu oynayıb. Tədbirdə ekspertlər, siyasətçilər və fəallar müstəmləkəçiliyin təsirinə məruz qalan xalqlarda ekoloji ədalət çağırışının gücləndirilməsi, davamlı iqlim istiqamətində qlobal səylər göstərilməsi barədə fikirlərini bölüşüblər.
Tədbirdə Fransa və Niderland müstəmləkəsi altında olan xalqların nümayəndələri ölkələrindəki ətraf mühitin acınacaqlı vəziyyətindən danışıblar. Bu baxımdan Fransa hökumətinin fransız Polineziyasında, Qvadelupada, Martinikada, Mayotda, Yeni Kaledoniyada həyata keçirdiyi nüvə sınaqları, istifadə etdiyi zəhərli pestisidlərin ağır nəticələri müzakirə olunub.
Qeyd edilib ki, Fransanın müstəmləkəsi altında olduğu üçün müstəqil qərar qəbul edə bilməyən Qvadelupada kənd təsərrüfatı sahələrinin əksəriyyəti çox təhlükəli olan xlordekon pestisidi ilə zəhərlənib və bu, biomüxtəlifliyi məhv edib. Vurğulanıb ki, dünyada xlordekon pestisidinin ləğv edilməsinə baxmayaraq, Fransa hökuməti Qvadelupada və Martinikada bu pestisiddən istifadəyə yol verərək, müstəmləkə altında saxladığı xalqa müstəqil qərar qəbul etmək imkanı vermir. Nəticədə həmin ərazilərdə kənd təsərrüfatının inkişafı mümkün deyil. Diqqətə çatdırılıb ki, xlordekon insanlar üçün son dərəcə zəhərli bir maddədir. Heyvanlar üzərində aparılan toksikoloji tədqiqatlar nəticəsində həmin maddənin sinir sisteminə, hormonal sistemə və bəzi orqanların (qaraciyər, böyrək, ürək və s.) fəaliyyətinə zərərli təsir göstərdiyi təsdiqlənib.
Çıxışlarda, həmçinin Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının yaratdığı dəhşətli vəziyyət, radiasiyaya məruz qalmış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsi, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, eləcə də Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması diqqətə çatdırılıb.
Qvineya nümayəndəsi avropalıların onların ərazisinə yerləşdirilməsi ilə yerli xalqa qarşı törədilmiş soyqırımın faciəli tarixini xatırladaraq, müstəmləkəçiliyin onların mədəniyyətlərinin məhvinə, əvəzolunmaz ekoloji biliklərin itirilməsinə səbəb olduğunu bildirib. Vurğulanıb ki, müstəmləkəçi dövlət onların meşələrini və biomüxtəlifliyini məhv edib. Eyni zamanda, gələcəklə bağlı müzakirələrdə onların səsini boğur.
Konfransın spikerləri dənizaşırı ərazilərdə müstəmləkəçilik idarəetməsinin iqlim dəyişikliklərinə mənfi təsirlərindən söz açaraq, Fransa və Niderlanddan yerli xalqların tələblərinə əməl etməyi tələb ediblər.