02 Iyul 2024 10:20
164
İDMAN
A- A+

Co Bayden iddiasından geri çəkilmir

 

Demokratlar onu digər namizədlə əvəz edə bilərlərmi?!

 

ABŞ-də prezidentliyə namizədlər - hazırkı prezident, demokrat Co Baydenlə respublikaçı Donald Tramp arasındakı ilk teledebatdan sonra ölkədə sorğu keçirilib. Buna səbəblərdən biri, teledebat Donald Trampın üstünlüyü ilə başa çatdıqdan sonra ölkədə Co Baydenin sağlamlıq vəziyyəti ilə bağlı ciddi müzakirələrin aparılması olub.  
CBS "News/You Gov" sorğusuna görə, amerikalıların 72 faizi hesab edir ki, Bayden "prezident kimi xidmət etmək üçün psixi və idrak sağlamlığına" malik deyil. Sorğunun nəticəsinə əsasən, Baydenin səhhətinə görə prezident seçkilərindən geri çəkilməli olduğuna inananların 46 faizi demokratlardır.
Eyni sorğuda respublikaçı namizəd, 78 yaşlı Donald Trampın prezidentlik üçün lazımi psixi və koqnitiv sağlamlığının olub-olmaması ilə bağlı suala 50 faiz "hə", 49 faiz isə "yox" cavabını verib.
Hazırda Demokratlar Partiyası Co Baydeni digər namizədlə əvəzləmək imkanını nəzərdən keçirir. Çünki Bayden ilk debatda qeyri-müəyyən, bəzən tutarsız və əlaqəsiz, demək olar, hər yerdə tənqid olunan nitq söyləyib. Bundan sonra partiya üzvləri qəflətən hərəkətə keçib və hətta prezidentə ən sadiq şəxslər tərəfindən də kəskin formada tənqid atəşinə tutulub. 
ABŞ mətbuatı yazır ki, Baydenin istefası üçün onun razılığı mütləq tələb olunacaq. Düzdür, hazırkı prezidentə alternativ olacaq şəxsin partiyanın mövqeyini yaxşılaşdırıb-yaxşılaşdırmayacağı da bəlli deyil.
Demokratlar arasında Baydenin namizədliyini geri çəkməsi ilə bağlı müzakirələr getdiyi vaxtda, Konqresin Nümayəndələr Palatasının respublikaçı üzvü Çip Roy, vitse-prezident Kamala Harrisin "Konstitusiyaya 25-ci Düzəliş"dən istifadə edərək prezident Baydenin vəzifədən azad edilməsini tələb etmək üçün qanun layihəsi hazırlamalı olduğunu bildirib.
Xatırladaq ki, Bayden keçən il yenidən seçilmək niyyətini bəyan etməmişdən əvvəl də alternativ namizədlərin adları çəkilmişdi. Bunlar ölkənin vitse-prezidenti Kamala Harris, Miçiqan qubernatoru Qrethen Uitmer, ABŞ-nin nəqliyyat katibi Pit Butticiç, Pensilvaniya və Koloradonun qubernatorları Coş Şapiro və Jared Polis, Kentukki qubernatoru Endi Beşir və Kaliforniyanın qubernatoru Qavin Nyusom, senator Rafael Uornok, keçmiş prezident Barak Obamanın həyat yoldaşı Mişel Obama və senator Emi Klobuşardır.
Demokratların prezidentliyə namizədini dəyişdirmək çağırışlarına baxmayaraq, Bayden özü Trampı məğlub etmək niyyətində olduğunu bildirib. Ağ Evin rəhbəri Şimali Karolinadakı mitinqdə tərəfdarları qarşısında çıxış edərək, onların köməyi ilə  yenidən prezident seçiləcəyini vurğulayıb.
Bu arada, "Politico"da dərc edilən məqalədə deyilir ki, Co Baydenin ailə üzvləri onun baş məsləhətçilərini tənqid edərək, onları prezidentin televiziya debatlarının uğursuzluğunda günahlandırıblar. Onlar Baydeni həmin şəxsləri işdən çıxarmağa və ya vəzifələrini aşağı salmağa çağırıblar.
Mənbələrə əsasən, prezident ailəsi müşavirlərin debatlarda bir neçə uğursuzluğa görə məsuliyyət daşıdıqlarını bildirir. Bunlar Baydenin "hücuma keçməməsi";  prezident dövrü üçün planlarını vurğulamaqdansa, gördüyü işləri müdafiə etməyə diqqət yetirməsi, Amerika liderinin yaxşı istirahət etməməsi ilə bağlıdır.
Xatırladaq ki, Bayden və Tramp arasında ilk debatlar zamanı Ağ Evin rəhbərinin baş verənlərə reaksiyası ləng olub, o, çox zəif səslə danışıb, bəzən mızıldanıb, sonda  isə həyat yoldaşı onu səhnədən aparıb.
Yeri gəlmişkən, Cil Bayden artıq həyat yoldaşının özünü yaxşı hiss etmədiyini deyərək ona haqq qazandırmağa çalışıb. O, Baydenin nailiyyətlərinə 90 dəqiqəlik debatlar əsasında qiymət verməməyə, onu mühakimə etməməyə çağırıb.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video