17 Yanvar 2023 00:51
959
SİYASƏT
A- A+

Cəmiyyəti irəli aparan mütərəqqi ideyalar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il sentyabrın 29-da 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması haqqında tarixi bir sərəncam imzalamışdır. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Sərəncamda dahi şəxsiyyətin dövlətçilik fəaliyyətinə misilsiz qiymət verilir, onun zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti olduğu xüsusi vurğulanır. Sərəncamda oxuyuruq: "Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".
Heydər Əliyev Azərbaycanın istiqlalını əbədi etmiş dahi şəxsiyyətdir!

 

Hər kəs üçün təhsil

 

Təhsilin, elmin inkişafı hər bir xalqın mənəvi, sosial-iqtisadi tərəqqisinin əsrlər boyu özünü doğrultmuş başlıca yoludur. Ona görə böyük dövlət adamlarının tarixi irsində elm və təhsil məsələləri mühüm yer tutur. Xalqımızın yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində də Azərbaycan elminin, təhsilinin inkişafı daim mühüm əhəmiyyət kəsb etmişdir.  
Ulu Öndər özü XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərindən başlayaraq ölkəmizdə geniş vüsət alan maarifçilik prosesinin, formalaşan elm və təhsil mühitinin yetirdiyi hərtərəfli şəxsiyyət idi. Ona görə də həm elmin, təhsilin dəyərini, cəmiyyət üçün faydalı  insanların, dövlət üçün layiqli vətəndaşların yetişdirilməsindəki önəmini bilir, həm də onun kimi böyük şəxsiyyəti yetirmiş bu ziya mühitini gələcək nəsillərə də ötürməyə çalışırdı. 
Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə insanlarda təhsilə böyük maraq olsa da, ali təhsil çoxları üçün əlçatan deyildi. Xüsusilə kənd yerlərində təhsil alan gənclər imkansızlıq üzündən ali təhsil almaq arzularını gerçəkləşdirə bilmir, orta məktəbi başa vurandan sonra, əsasən, təsərrüfat işlərində çalışmalı olurdular. İmkansız ailələrdən çıxmış oğlan məzunların çox az bir qismi əgər hərbi xidmət illərindən sonra belə bir imkan yaranarsa, ali təhsil arzularını ittifaqın hansısa az tanınan ali məktəblərində gerçəkləşdirə bilirdi. Bu məhdudiyyətlərin də müxtəlif səbəbləri vardı. Ölkədə ali məktəblərin sayı yeni dövrün tələblərinə uyğun gəlmirdi. Ölkənin sənayeləşmə potensialı, Heydər Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan ardıcıl addımlar müxtəlif istiqamətlər üzrə yüksəkixtisaslı mütəxəssislər tələb edirdi. Bu mütəxəssisləri hazırlayacaq ali məktəblər, müvafiq fakültələr isə hələ yox idi. Digər tərəfdən, bir çox hallarda ailələrin maddi durumu övladlarını ali təhsil ardınca göndərməyə imkan vermirdi. Ona görə də hələ orta təhsilin son illərindən övladlarını kolxoz-sovxoz işlərinə, ən yaxşı halda texniki-peşə təhsilinə yönəldir, ailələrinin dolanışığına kömək etmələrini istəyirdilər. Beləliklə, çox istedadlı gənclərin daha mükəmməl təhsil alıb peşəkar mütəxəssis kimi yetişmək arzuları gözlərində qalırdı. Daha bir səbəb isə, əfsus ki, həmin illərdə ali təhsil müəssisələrinə də sirayət etmiş mənəviyyat böhranı, rüşvətxorluq, korrupsiya halları idi. Bir çox hallarda gəncləri ali məktəblərin müvafiq fakültələrinə müəyyən təmənna qarşılığında qəbul edir, buna isə ancaq yüksək maddi imkanı, geniş əlaqələri olan adamların gücü çatırdı. Bu hallar xüsusilə ali məktəblərin hüquq, tibb, tarix və sairə bu kimi o dövr üçün yüksək perspektivli, gələcək üçün uğurlu karyera şəraiti yaradan ixtisaslarında özünü göstərirdi. Son nəticədə təminatlı ailələrin ciddi savadı olmayan övladları nüfuzlu fakültələrdə tələbə olur, daha sonra eyni üsullarla hətta elmi mühitə yol taparaq alimlik karyerası qurmağa başlayır, orta məktəbdə çox gözəl savad əldə etmiş zəhmətkeş övladları isə tarlalarda çalışaraq əl əməyi ilə əvvəlki nəsillərin yolunu davam etdirmək taleyi ilə barışmalı olurdular. 

 

Ədalətin zəfəri

 

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu vəziyyət kökündən dəyişdi. Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanın elm, təhsil, maarif, mədəniyyət sahələrində çox ciddi keyfiyyət dəyişiklikləri özünü göstərməyə başladı. Bu illərdə Azərbaycanda elmin-təhsilin fundamental maddi-texniki bazası yaradıldı. Bu gün də təhsilimizin bünövrəsini təşkil edən mütərəqqi ənənələr formalaşdırıldı. Ölkədə ali və orta ixtisas təhsili müəssisələrinin sayı artırıldı. Ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə çatdı. Məhz həmin illərdə respublikada ümumtəhsil məktəblərinin, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət aldı. Təhsil infrastrukturu tamamilə yeniləndi, respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb  istifadəyə verildi. 
Heydər Əliyev ali təhsilin hər kəs üçün əlçatan olmasından ötrü bir sıra qətiyyətli qərarlar qəbul etdi. Kənd yerlərində çalışan zəhmətkeş övladlarının ali təhsil ala bilməsi üçün bir sıra imtiyazların tətbiqinə nail oldu. O dövrdə rayonlara, kəndlərə səfərləri zamanı, tarlalarda zəhmət adamları ilə mütəmadi görüşlərində Heydər Əliyevin gənclərlə söhbətləri, onların gələcək təhsil planları ilə maraqlanması və bu gəncləri mütləq ali təhsil almağa, yaradılmış imkanlardan faydalanmağa çağırması, təhsili bir dəyər kimi gənclər arasında təşviq etməsi həmin görüşlərin iştirakçılarının indi də yaxşı xatirindədir. Minlərlə gənc həmin illərdə məhz Heydər Əliyevin sayəsində ali təhsilə yiyələndi və yüksəkixtisaslı peşəkar mütəxəssis kimi ölkəmizin inkişafına layiqli töhfələrini verməyə başladı. 
Ulu Öndər ali məktəblərin yüksək prestijli ixtisasları ilə bağlı xoşagəlməz halların, həmçinin elmi mühitdə özünü göstərən neqativ məqamların, habelə yüksək vəzifə sahiblərinin alimlik eşqinə düşməsinin qarşısını da özünəməxsus qətiyyətli üsullarla aldı. Övladın öz valideynlərinin yüksək vəzifədə çalışdıqları sahəyə aid ixtisaslar üzrə təhsil almasına müəyyən məhdudiyyətlər tətbiq etdi. Beləliklə, bu ixtisasların qapılarını kasıb, imkansız ailələrin balalarının üzünə açdı. İllərdən sonra ali təhsil, xəyallarındakı ixtisası qazanmaq arzuları gerçək olan həmin insanlar öz həyat və karyera uğurlarına görə bu gün də Ulu Öndərə minnətdardılar. Böyük rəhbərin tətbiq etdiyi qaydalar təhsildə inkişafa səbəb olduğu kimi, elmdə də müəyyən şəffalıq yaratdı, mənəviyyat problemlərini müəyyən qədər ortadan götürdü. 
O illərdə Heydər Əliyevin keçmiş ittifaqın ən nüfuzlu nəşrlərindən olan və bütün dünyada maraqla izlənən "Literaturnaya qazeta"ya verdiyi "Qoy ədalət zəfər çalsın" sərlövhəli müsahibəsi də unudulmayıb. Bu müsahibəsində Ulu Öndər cəmiyyətdəki mövcud problemlər haqqında danışır və onların həlli yönündə görülən işləri diqqətə çatdırırdı. Böyük rezonans yaratmış bu müsahibədə yüksək cəsarətlə səsləndirilmiş fikirlər və bu fikirlərin arxasında duran real əməl həqiqətən ədalətin zəfəri idi. 

 

Azərbaycanın gələcəyi üçün formalaşdırılan intellektual baza

 

Heydər Əliyev öz zəkasının qüdrəti ilə təhsil qarşısındakı çağırışları da aydın görməyi, düzgün qiymətləndirməyi və buna adekvat addımlar atmağı gözəl bacarırdı. Bu böyük dövlət adamının sovet Azərbaycanına rəhbərlik etdiyi illər bütün dünyada elmi-texniki inqilabın baş verdiyi zamanlar idi. Ulu Öndərin əzmkarlığı, sarsılmaz qətiyyəti, gələcəyə yönəlmiş fəaliyyəti sayəsində ölkəmizdə böyük sənaye kompleksləri inşa olunur, dövrünə görə ən müasir texnologiyalar əsasında çalışan müəssisələr yaradılırdı. Bu müəssisələrdə çalışan intellektual işçi qüvvəsinə, mühəndis-texnoloq heyətinə böyük ehtiyac vardı.
Elmi-texniki inkişaf, həyatın ən müxtəlif sahələrində tətbiq edilən innovasiyalar Azərbaycanın əmək bazarı üçün nadir sayılan bir sıra ixtisaslara ciddi tələbat yaratmışdı. Ölkəmizdəki ali təhsil müəssisələrinin potensialı bu kadrları hazırlamaqdan ötrü yetərli deyildi, onlar üçün də müəyyən nəzəri-praktik ənənələrin formalaşmasına ehtiyac vardı. Heydər Əliyev bu problemi də Azərbaycan gəncliyi üçün yeni imkanlara çevirməyi bacardı. Hər il minlərlə gəncimizi keçmiş ittifaqın müxtəlif nüfuzlu ali məktəblərinə nadir ixtisaslar üzrə təhsil almaq üçün göndərdi. Təkcə bir faktı diqqətə çatdıraq ki, 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almaq üçün göndərilmişdi. Bütün bunlar ölkə rəhbərinin dövlətin gələcəyi barədə müdrik düşüncələrinin, eləcə də Azərbaycan gəncliyinin inkişafına, öz potensialını reallaşdıraraq uğurlu həyatını qura bilməsinə yüksək qayğısının təzahürü idi. Onu da diqqətə çatdıraq ki, Azərbaycan dövlət müstəqilliyinə qovuşaraq azad bazar iqtisadiyyatı yolunda inamla irəliləyərkən ölkəmizin əmək bazarının peşəkar mütəxəssis sarıdan sıxıntı yaşamaması, yeni dövrün inkişaf meyillərinin sürətlə mənimsənilməsi, innovasiyaların iqtisadiyyatın, sosial həyatın müxtəlif sahələrində çevik tətbiqi həm də həmin illərdə müvafiq ixtisaslar üzrə təhsil almış kadrların peşəkarlığı sayəsində mümkün olmuşdu. Ümummilli Liderin o illərdə gördüyü işlər Azərbaycanın gələcək inkişafı üçün çox güclü kadr potensialı formalaşdıra bilmişdi.
Beləliklə, ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, Azərbaycan Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdı. 

 

Elmə qayğı

 

Heydər Əliyev o vaxtlarda Azərbaycan elminin, mədəniyyətinin də böyük inkişafına nail olmuşdu. Yeni yaradılan elmtutumlu sənaye sahələri elmlə iqtisadiyyatın inteqrasiyasını gücləndirir, tətbiqi elmlər inkişaf edir, Azərbaycan alimlərinin təcrübədə özünü doğruldan kəşf və ixtiraları dünyaya çıxırdı. Ulu Öndər Azərbaycan alimlərinin güclü himayədarı idi. O, humanitar sahələrdə fəaliyyət göstərən alimləri də o dövrə qədər sanki üzərinə qadağa qoyulmuş mövzular kimi görünən məsələləri tədqiq etməyə, tariximizin, mədəniyyətimizin dərin qatlarını üzə çıxarmağa, keçmişimizi obyektiv yazmağa təşviq edirdi. Azərbaycan alimləri dövrün konyukturasından irəli gələrək hansısa təzyiqlərlə üzləşəndə onları qoruyurdu, elm, mədəniyyət xadimlərinə himayədarlıq edirdi, onların öz əsərlərində, yaradıcılıq fəaliyyətlərində maksimum azad olmalarına şərait yaradırdı. 
Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycan tarixinə elmimizin, təhsilimizin, mədəniyyətimizin hərtərəfli tərəqqisi, ümumilikdə Azərbaycanın intibahı dövrü kimi daxil oldu. Bakıda və regionlarda yüzlərlə məktəb, kino-teatr, klub, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikilərək vətəndaşlarımızın istifadəsinə verildi. Heydər Əliyevin diqqət və qayğısı sayəsində neçə-neçə görkəmli bəstəkarımız, rəssamımız, şairimiz, yazıçımız, heykəltəraşımız formalaşdı. Azərbaycanın yaradıcı adamlarına verilən fəxri adlarla, Bakıda və Moskvada onların yubileylərinin təşkili ilə Ulu Öndər xalqımızın böyüklüyünü göstərdi, azərbaycanlıların mədəniyyətə, mədəni inkişafa nə qədər bağlı xalq olduğunu nümayiş etdirdi. 

 

Milli intibahımızın memarı

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyinin ilk dönəmlərində, ölkəmizin ağır böhranla üzləşdiyi şəraitdə cəmiyyət həyatının digər mühüm sferalarında olduğu kimi, elm-təhsil, mədəniyyət sahəsində də ciddi problemlər yaşanırdı. Bu sahələrdə çalışan və bütün ömrünü insan tərbiyəsinə həsr etmiş ziyalılarımız ciddi sıxıntılarla, çətinliklərlə üzləşmişdilər. Hakimiyyət rəhbərliyində bir-birini əvəz edən təsadüfi adamlar ziyalılara, elm adamlarına, təhsil xadimlərinə laqeyd münasibət bəsləyirdilər. Elm, təhsil sahələrində böyük bir durğunluq hökm sürürdü. Küçə-meydan təfəkkürü ilə hakimiyyəti mənimsəyənlərlə bir yerdə olmayan, onların qaragüruh selinə qoşulmayan ziyalılara qarşı qısqanc münasibət vardı. Ölkədən beyin axını güclənirdi. 
Ağır sosial-iqtisadi mənəvi böhran, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır yaraları bütün vətəndaşlarımız kimi ölkə ziyalılarını da narahat edirdi. Bu, dövlətin, xalqın gələcəyi ilə bağlı narahatlıq idi. Təsadüfi deyil ki, xalqın istəklərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin  Naxçıvandan Bakıya gələrək ölkəyə ali rəhbərlik missiyasını üzərinə götürməsi, Azərbaycanı üzləşdiyi bəlalardan xilas etməsi çağırışları ilə çıxış edənlər də məhz ziyalılarımız idi. 
1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə Ulu Öndərin yenidən hakimiyyətə qayıtması Azərbaycanın elm, təhsil, mədəniyyət mühitindəki depressiv durumu ortadan götürdü, böyük canlanma yaratdı, sistemli şəkildə həyata keçirilən hüquqi dövlət quruculuğu proseslərində, sosial-iqtisadi inkişafda elmə, təhsilə xüsusi diqqət yetirildi. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi ilə layihəsi hazırlanan və ümumxalq səsverməsi əsasında qəbul olunan Konstitusiyada milli dövlətçiliyimizin inkişafının hüquqi əsasları müəyyənləşdi. Yeni reallıqlar dövründə ölkə qarşısında duran problemlərin həlli üçün əsaslı islahatlar proqramı hazırlanaraq onların icrasına başlandı. Bu islahatların mühüm bir istiqaməti də məhz elm və təhsil sektorunu əhatə edirdi. 
Ümummilli Lider 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncam imzaladı. Bu sərəncamdan irəli gələrək müəyyən bir dövr ərzində sahə üzrə təkmil qanunvericilik bazası formalaşdırıldı. Təhsil konsepsiyasının hüquqi əsasları müəyyənləşdirildi. Komissiya qısa müddətdə "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı"nı hazırladı və Ulu Öndərin siyasi iradəsi sayəsində bu sənəddə irəli sürülmüş vəzifələrin icrasına başlandı. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi.

 

Alimə qayğı

 

Elm sahəsi də islahatlardan kənarda qalmadı. Təsadüfi deyil ki, ali hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Elmlər Akademiyasında ziyalılarla keçirmişdi. 1997-ci il yanvarın 31-də Ulu Öndər Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi və aparıcı alimlər qrupu ilə də görüşərək onların rəy və təkliflərini dinləmişdi. Bu görüş zamanı elm sahəsində islahatların aparılması zərurəti irəli sürülmüşdü. Azərbaycanda elmin inkişaf strategiyasının əsas istiqamətləri müəyyənləşdirilmişdi. Həmin görüşdə Heydər Əliyev xüsusilə humanitar elmlərlə bağlı yeni çağırışları diqqətə çatdırmışdı. Azərbaycanın obyektiv reallıqlara əsaslanan, siyasi konyukturalardan, ideoloji tələblərdən uzaq ədəbiyyat, mədəniyyət tarixinin yazılması zərurətini irəli sürmüşdü. O cümlədən Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdı. 
Bu tarixi görüşdən başlayaraq, elm sahəsində bir sıra əsaslı islahatlar aparıldı, elmi-tədqiqat istiqamətləri müəyyənləşdi, elmi layihələrin yeni dövrün reallıqlarına uyğun maliyyələşməsi mexanizmləri quruldu. "Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar" konsepsiyası hazırlanaraq icraya yönəldi. Ulu Öndərin bu istiqamətdə növbəti tarixi addımlarından biri də 15 may 2001-ci il tarixli fərmanın imzalanması oldu. Həmin fərmanla Azərbaycan Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verildi. Bununla bir tərəfdən akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmiş oldu, digər tərəfdən də elmi institutlar qarşısında dövrün çağırışlarına uyğun yeni vəzifələr müəyyənləşdirildi.   

 

Gələcəyə doğru

 

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə aparılan hüquqi islahatlar, demokratik inkişaf, qanunvericilik bazasının müasir dövrün, yeni reallıqların tələblərinə tam uyğunlaşdırılması ölkəmizdə hüquq elminin inkişafı üçün də geniş üfüqlər açdı. Bu sahədə təhsilin keyfiyyəti yüksəldi, elmi potensial gücləndirildi, hüququn aliliyinin təmin olunması, cəmiyyətdə yeni hüquqi münasibətlər sisteminin formalaşması, insan hüquq və azadlıqlarının, eləcə də sosial məsuliyyət prinsiplərinin aktuallaşması, sivil həyat normalarının öz yerini tutması bütün sahələrdə peşəkar hüquqşünaslara yaranan böyük ehtiyac ölkəmiz üçün yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması zərurətini aktuallaşdırdı və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirildi və bu tədbirlər yenə də davam etdirilməkdədir.
Ulu Öndərin strateji inkişaf kursuna sadiqliklə ölkəmizi tarixinin ən güclü dövrünə yetirmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son onilliklərdə qazanılmış milli nailiyyətlərin mühüm bir hissəsi də məhz təhsil, elm sahəsinə aiddir. Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət, cəmiyyətdə bütün vətəndaşlara yaradılmış bərabər imkanlar, hər kəsin bilik və bacarıqlarına uyğun şəkildə özünə layiqli yer tutması sayəsində bu gün Azərbaycanda təhsil, yüksək savad, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqların əldə olunması insanlarımız üçün böyük bir dəyərə, meyara çevrilib. Hər kəs təhsil almağa, özünü inkişaf etdirməyə, yaranmış imkanlardan faydalanmağa çalışır. Elmin, təhsilin gücü, insanın həyatındakı, rifahındakı rolu hər kəs tərəfindən dərk olunur. Dövlət rəhbərimizin bu sahəyə diqqət və qayğısı sayəsində Azərbaycanın ən ucqar kəndlərində də müasir standartlara uyğun məktəblər tikilir. Müəllimlərin işə qəbulu prosesində, onların əməyinin stimullaşdırılmasında tətbiq olunan şəffaf, effektiv mexanizmlərlə bu məktəblərdə gənc, yüksək savadlı və motivasiyalı pedaqoqların çalışıb dərs deməsi təmin olunur. 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ölkə boyunca yüzlərlə yeni məktəb tikilərək, yaxud yenidən qurularaq vətəndaşlarımızın istifadəsinə verilib. Ölkədəki ali və orta ixtisas təhsili müəssisələrinin elmi, maddi-texniki bazası gücləndirilib. Son illər Azərbaycanda bir neçə yeni ali məktəb yaradılıb. Bu ali məktəblərin bir qisminin xarici ölkələrlə müştərək yaradılması, eləcə də bir sıra ali məktəblərimizdə xarici ölkələrin universitetləri ilə ikili diplom proqramlarının tətbiqi xüsusilə təqdiredicidir. Bütün bunlar qabaqcıl beynəlxalq təcrübənin ölkəmizə axınına, sürətlə mənimsənilməsinə, yeni mütərəqqi ənənələrin formalaşmasına şərait yaradır. 
Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi, diqqət və qayğısı hesabına gənclərimizə xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq üçün şəraitin yaradılması da gənclərimizin inkişafına açılan qapı, ölkəmizin, dövlətimizin gələcəyinə qoyulan sərmayədir. Hər il minlərlə gəncimiz bu proqram hesabına daha yüksəkkeyfiyyətli təhsil arzusuna qovuşur, müasir dünyamızın bilik və bacarıqlarına yiyələnir. Azərbaycanda elmi fəaliyyətin də yeni reallıqlara uyğunlaşdırılması üçün məqsədyönlü addımlar atılır. 2022-ci ildə Elm və Təhsil Nazirliyinin yaradılması, elm və təhsil, elm və sənaye, elm və biznes arasında inteqrasiyanın daha da gücləndirilməsi məqsədilə həyata keçirilməkdə olan kompleks tədbirlər buna bir nümunədir. Ölkədə elmi tədqiqatların maliyyələşdirilməsi, istedadlı gənclərin elmə marağının artırılması üçün ardıcıl addımlar atılır. Eləcə də olimpiada hərəkatı getdikcə güclənir. Gənclərin innovasiyalara marağı güclənir, onların öz ideyalarını startaplara çevirmələrinə şərait yaradılır, müxtəlif formalarda onlara dəstək verilir. Bütün bunlar müasir dünyamızın müəyyən etdiyi inkişaf mənzərəsidir. Azərbaycanın bu mənzərədə kifayət qədər öncül ölkələrdən biri kimi görünməsi böyük qürur doğurur. Bu öncüllüyü təmin edənsə Heydər Əliyev ideyalarının mütərəqqiliyi, cəmiyyəti daim irəli aparmasıdır. Bu ideyalar əbədi olduğu qədər Azərbaycanın inkişafı da davamlı və dayanıqlı olacaq.

Alış QASIMOV,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının  müdiri, hüquq elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video