İyulun 24-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində qanunla prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilmiş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin, əldə edilmiş nəticələrin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans rejimində geniş kollegiya iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, giriş nitqi ilə çıxış edən Baş prokuror ilin birinci yarımilində ölkəmizdə ictimai-siyasi, iqtisadi, hüquqi və beynəlxalq münasibətlər müstəvisində baş vermiş mühüm hadisələrə toxunaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf edən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatların və dayanıqlı inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. May ayında Bakıda 58 mindən çox iştirakçının qatıldığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi də bu siyasətin uğurunu, Azərbaycanın qlobal urbanizasiya sahəsindəki fəal rolunu və etibarlı tərəfdaş nüfuzunu bir daha sübut edir.
Çıxış zamanı bildirilib ki, regionda və dünyada müşahidə olunan mürəkkəb geosiyasi gərginliklər fonunda ilin birinci yarımilində də ölkəmizdə iqtisadi və hazırda dünyanın aparıcı, strateji məsələlərindən biri olan enerji təhlükəsizliyi, xüsusən də, aktuallıq kəsb edən yaşıl enerji sahələri diqqətdə saxlanılmaqla yeniliklərə imza atılıb, bu sahələrdə tərəfdaşlıq münasibətləri daha da inkişaf etdirilib.
Qeyd olunub ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşma siyasəti 2026-cı ilin birinci yarımilində də ardıcıl şəkildə davam etdirilib, həmin ərazilərin sosial-iqtisadi inkişafı və Böyük Qayıdış Proqramının uğurla icrası daim diqqət mərkəzində saxlanılıb.
Ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, hüquq qaydasının möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində görülən sistemli tədbirlərin nəticəsi olaraq, hesabat dövründə qeydə alınmış cinayətlərin sayında azalma müşahidə edilib.
Daha sonra Baş prokuror prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, bu ilin birinci yarımilində ölkə ərazisində qeydə alınan 15 min 420 cinayətin 90,7 faizinin açılması təmin edilib. Ümumilikdə ölkə üzrə cəmi 7 min 893 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə 27 milyon 152 min manatın ödənilməsi təmin edilib, 3 milyon 485 min manat məbləğində əmlak üzərinə isə həbs qoyulub və müəyyən olunan ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.
Qeyd olunub ki, “Elektron prokurorluq” informasiya sistemi hesabat dövründə daha da təkmilləşdirillib, aidiyyəti modulların funksionallığı məhkəməyədək icraatın elektron qaydada aparılmasına uyğunlaşdırılıb, EPİS-də yeni modullar yaradılıb və bu sistemin inteqrasiya imkanları genişləndirilib, süni intellektin imkanlarından yararlanmaq məqsədilə yüksək səmərəlilik göstəricilərinə malik bir neçə süni intellekt modeli hazırlanaraq əməkdaşların istifadəsinə verilib.
Hesabat dövründə ölkə rəhbərinin siyasi fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizə xətti əvvəlki illərdə olduğu kimi ardıcıl şəkildə davam etdirilib. Bu çərçivədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və xidmət sahələri müəyyən olunub, həmin əməlləri törətmiş vəzifəli şəxslər ifşa edilərək məhkəmə məsuliyyətinə verilib.
Cari ilin birinci yarımilində ötən illərdən bağlı qalmış, qeyri-aşkar şəraitdə törədilmiş 6 qəsdən adamöldürmə cinayətindən 2-nin Baş Prokurorluğun İstintaq idarəsi, 4-nün isə tabe rayon və şəhər prokurorluqları tərəfindən açıldığını bildirən Baş prokuror həmin cinayətlərin açılmasında prokurorluq və daxili işlər orqanları arasında səmərəli və koordinasiyalı fəaliyyəti xüsusi qeyd edib.
Prokurorluq orqanları tərəfindən 563 apellyasiya və 155 kassasiya protestləri verilib, 355 apellyasiya və 55 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmələr tərəfindən yol verilmiş hüquqi xarakterli uyğunsuzluqlar aradan qaldırılıb.
Hesabat dövründə Milli Məclisin 2025-ci ildə qəbul etdiyi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın uğurla icra olunduğu, amnistiya aktının ümumilikdə 22 min 935 şəxsə şamil edilməsinin cəza siyasətinin humanist prinsiplərinin həyata keçirilməsinə, məhkumların islah olunmasına mühüm töhfə verdiyi qeyd edilib.
Təəssüflə qeyd olunub ki, Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub, 11-i müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub, onlardan 73-ü həlak olub, 357-si müxtəlif dərəcəli bədən xəsarəti alıb.
İlin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.
2026-cı ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar 916 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməklə, inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunub.
Qeyd edilib ki, Baş Prokurorluğun “961 Çağrı Mərkəzi”nə 2026-cı ilin birinci yarımilində daxil olmuş müraciətlərdən 13 min 305-i üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2 min 576 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb.
Kollegiya iclasında qeyd olunub ki, Baş Prokurorluqda aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib, 2-si tutduğu vəzifədən azad olunub.
Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, nümunəvi fəaliyyətlərinə görə 110 prokurorluq işçisi həvəsləndirilib, eyni zamanda, işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 30 ştat vahidi üzrə 28-ci müsabiqə elan edilib.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr daha da genişlənib, Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası, həmçinin müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.
Vurğulanıb ki, 2026-cı ilin birinci yarımilində də vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Baş prokuror tərəfindən respublikanın 14 şəhər və rayonunda 400-dən artıq vətəndaşın qəbulu həyata keçirilib.
Kollegiya iclasında hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı, müvafiq dövr ərzində xidmət zamanı, habelə görülmüş işlərə dair nəticələrin yekun təhlilləri əsasında müəyyən olunmuş nöqsan və çatışmazlıqlara münasibət bildirilib, onların aradan qaldırılması, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və prokuror nəzarətinin təşkili, əvvəlki illərdən bağlı qalmış cinayət hadisələrinin açılması istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə əməliyyat və istintaq hərəkətlərinin həyata keçirilməsi, fiziki və hüquqi şəxslərə dəymiş maddi ziyanın ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə bağlı fəaliyyətin təşkili keyfiyyətinin artırılması və təkmilləşdirilməsi istiqamətində icrası zəruri olan tapşırıqlar qarşıya mühüm vəzifə kimi qoyulub.
Bundan əlavə, 2026-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün Bakı şəhərində keçiriləcəyi diqqətə çatdırılmaqla tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi istiqamətində görülən işlərin intensiv qaydada davam etdirilməsi tapşırılıb.
Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov, habelə Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov hesabat dövründə fəaliyyət, həmin zaman müddətində yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi haqqında Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov, habelə Qobustan, Xocalı rayon və Ağdam hərbi prokuroru hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanları və əməkdaşlarının hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin və xalqımızın mənafeyi, eləcə də maraqları naminə qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə öz üzərlərinə düşən vəzifələri bütün bilik və peşə bacarıqlarını səfərbər etməklə, əzmlə və layiqincə icra edəcəklərinə, həmin məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin uğurla icrasına öz xidmətləri ilə dəstək olacaqlarına əminliyini ifadə edib.