Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zəngilanda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
Bu barədə AZƏRTAC-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbuldan əvvəl Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb.
Qəbul zamanı vətəndaşlar məşğulluq, ünvanlı sosial yardım, birdəfəlik müavinət və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Sonra Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Smart DOST" məntəqəsinə baxış keçirilib, vətəndaşlara göstərilən xidmətlərin təşkili ilə tanışlıq olub. Burada vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 130-dan çox xidmət çevik, şəffaf və innovativ yanaşma ilə təqdim edilir.
Özünüməşğulluq proqramı çərçivəsində Ağalı kənd sakinləri Anar Məmmədov, Bəxtiyar Abdullayev və Elnur Məmmədov üçün yaradılmış bərbər salonuna da baxış keçirilib.
Özünüməşğulluq proqramının dəstəyi ilə hər üç sakin üçün kişi bərbərxanası istiqaməti üzrə aktivlər verilib. Proqram iştirakçıları işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ötən dövrdə Zəngilan rayonunda 714 nəfərin məşğulluğu təmin olunub, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində 47 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.