"Biz Azərbaycanda ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük". BP şirkəti belə bəyan edib.
BP ölkəmizdə neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli, indi artıq həm də "yaşıl enerji" üzrə iri layihələrin əməliyyatçısı kimi bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Şirkət bu vaxtadək öz tərəfdaşları ilə birlikdə Azərbaycanda icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. BP-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. BP və tərəfdaşları uzun müddətdir Azərbaycan məktəbliləri ilə dostluq edir və onlar üçün sosial proqramlar həyata keçirirlər. Çoxsaylı belə layihədən yalnız son aylara aid olan ikisini xatırladaq.
Bu ilin oktyabr ayında BP "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - TPAO, SOCAR, SGC, "LUKOIL", NICO, "MOL", "Equinor", "INPEX", "ExxonMobil", "ITOCHU", "Eni", "TotalEnergies", "MVM", "ONGC Videsh" adından Azərbaycanda orta məktəb şagirdləri üçün yeni onlayn təhsil məzmunu və öyrənmə imkanları təklif edən sosial investisiya layihəsinin uğurla başa çatdığını elan edib.
Şagirdlərin riyaziyyat fənni üzrə fəallığını və motivasiyasını artırmağı hədəfləyən bu təşəbbüsün məqsədi məktəbliləri, o cümlədən kənd yerlərində yaşayan və əlilliyi, yaxud xüsusi təhsilə ehtiyacı olan gəncləri əlçatan, müasir təhsil resursları ilə təmin etməkdir. Layihə çərçivəsində əsas diqqət beşinci-doqquzuncu sinif şagirdləri üçün riyaziyyat üzrə müfəssəl onlayn təhsil məzmununun hazırlanmasına yönəlmişdir. Yeni hazırlanmış materiallar ictimaiyyətə açıqdır və öyrənmə prosesini təkmilləşdirmək üçün özündə bir sıra vasitələri birləşdirir. Bunlar ümumilikdə 84 saatdan ibarət 359 maraqlı video dərsi, 721 sualdan ibarət 104 ev tapşırığını, şagirdin dərsi mənimsəmə səviyyəsini qiymətləndirmək üçün 1265 viktorina sualını, müəllimlərə ev tapşırığını video formatında vermək və imtahanlarda şagirdlərin biliyini qiymətləndirmək imkanı verən rəqəmsal dərs modulunu və s. əhatə edir.
Yeni məzmun şagirdlərə məşq etmək və riyazi bacarıqlarını gücləndirmək üçün əlavə imkanlar yaratmaqla ənənəvi sinif dərslərini tamamlayır. Bu birillik layihənin dəyəri 200 min AZN (118 min dollar) təşkil edib. Layihə "LANDAU Educational Technologies" MMC tərəfindən həyata keçirilib.
Bu yaxınlarda isə BP şirkəti Azərbaycan dilində "Uşaqlar üçün "yaşıl bilik"lər" adlı kitabın təqdimatını keçirib. Adından da göründüyü kimi, tədbirin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi aya təsadüf etməsi yerinə düşür.
Bu layihə şirkətin ölkədə davamlı inkişafa və təhsilin təkmilləşdirilməsinə dəstək öhdəliyinin bir hissəsidir. Layihə məktəbəqədər, ibtidai və orta təhsil səviyyələrində uşaqları maarifləndirmək və onlarda xüsusi bacarıqlar inkişaf etdirməklə dayanıqlılıq mədəniyyəti aşılamaq məqsədi daşıyır. Kitab ətraf mühitə əhəmiyyətli təsir göstərmək istəyən valideynlər, təhsil işçiləri, şagird və tələbələr üçün mühüm bir mənbə kimi nəzərdə tutulub.
Kitabın təqdimatı zamanı çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Uşaqlarda ətraf mühitə dair məlumatlılığı və bacarıqları inkişaf etdirməklə onları gələcək nəsillər üçün planetimizi qorumağa kömək edən dayanıqlı seçimlər edə biləcək məsuliyyətli vətəndaşlar kimi böyüdə bilərik...İqlim dəyişikliyinin və ekoloji problemlərin planetimizə təsiri artdıqca uşaqları dayanıqlı həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşma haqqında maarifləndirmək olduqca vacibdir. Uşaqlara erkən yaşlardan "yaşıl bilik"lər aşılamaqla biz onların dünyamıza müsbət təsir göstərə biləcək, ətraf mühitə həssas vətəndaşlar kimi formalaşmasına kömək edirik".
Kitab "yaşıl bilik"lərə aid əsas mövzuları, o cümlədən dayanıqlılığın əsasları, enerjiyə qənaət, su ehtiyatlarının idarə edilməsi, tullantıların azaldılması və təkrar emalı, dayanıqlı yaşayış tərzi, dayanıqlı inşaat və "yaşıl iqtisadiyyat" kimi mövzuları əhatə edir. Kitabın məzmunu uşaqlar üçün anlaşıqlı, sadə və maraqlı şəkildə təqdim olunur.
Doqquz fəsildən və nəticədən ibarət 168 səhifəlik kitab "yaşıl bilik"lərin inkişaf etdirilməsi üçün həm hərtərəfli, həm də əlçatan yanaşma təmin edir. Kitabın hər bir fəslində uşaqların asanlıqla başa düşə biləcəyi dildə müvafiq yerli və beynəlxalq qanunvericilik aktları təqdim edilir. Kitabda həmçinin uşaqların marağını cəlb etmək və onları fəal iştiraka həvəsləndirmək üçün şəkillər, interaktiv fəaliyyət və oyunlar, eləcə də ekoloji terminlərin izahlı lüğəti və digər faydalı məzmun var. Kitab BP-nin yerli məktəblərə, kitabxanalara və müvafiq təhsil müəssisələrinə hədiyyəsidir. Layihənin ümumi dəyəri kitabın hazırlanması və nəşri ilə birlikdə təxminən 41 500 manat (24 400 dollar) təşkil edir. Layihə "GEM CSR Consulting" MMC tərəfindən həyata keçirilib. Kitabın müəllifi Liya Bayramovadır.
Qeyd edək ki, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon dollardan çox vəsait xərcləyib.
Flora SADIQLI,
"Azərbaycan"