28 Noyabr 2025 08:30
498
Mədəniyyət
A- A+
Böyük ümidlərlə başladı, faciə ilə bitdi

Böyük ümidlərlə başladı, faciə ilə bitdi


Türk xalqlarının birliyi köklərini uzaq keçmişdən götürür. Türklər böyük bir coğrafiyada çox güclü dövlətlər qurmuşlar. Onlar həm siyasi və hərbi qüdrətləri ilə, həm də mədəni və elmi sahələrdə bəşəriyyət tarixinə mühüm töhfələr vermişlər. Minlərlə ədəbi-mədəni irs, eyni milli-mənəvi dəyərlərimiz ortaq tarixi keçmişimizin misilsiz inciləri olmuşdur. 

100 il əvvəl Bakıda I Türkoloji Qurultay keçirilmişdir. Beynəlxalq miqyaslı bu möhtəşəm elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli şəkildə müzakirəyə çıxarılmış, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmişdir. Ən mühüm məsələlərdən olan latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusilə diqqət mərkəzində saxlanılmışdır. 

Azərbaycan Prezidenti İlham Əliyev I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün I Türkoloji Qurultaya evsahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi".

Bu gün bütün türk dünyası ana dillərinin uzun əsrlər boyu işlək olması yönümündə apardığı islahatlarda həmin alimlərin miras qoyduğu ənənələrə, fundamental elmi əsərlərinə istinad edir. Buna görə də həmin şəxsiyyətlərin gördüyü işlər əvəzsizdir. Türk xalqlarının ana dili tarixində zaman-zaman böyük hadisələr baş verib, dilin inkişafına təkan olan əhəmiyyətli addımlar atılıb. Həmin türkoloqlar, dilçilər, dil təəssübkeşləri bu hərəkatın başında durub, dil siyasətində onların misilsiz xidmətləri olub.


İlk türk qurultayı: böyük ümidlərə doğru


1926-cı il fevralın 18-də qurultayın Bakıda keçirilməsi məsələsi ÜK(b)P-nin Siyasi Bürosunda müzakirə edilir və müvafiq qərar qəbul olunur. Bu mötəbər məclisin çağırılması məsələsində Nəriman Nərimanov, Səməd Ağamalıoğlu, Cəlal Qorxmazov kimi dövlət və partiya rəhbərləri xüsusi xidmət göstərirlər. Qurultayın keçirilməsi ilə bağlı Orconikidze, Ağamalıoğlu və Naqovitsindən ibarət komissiya yaradılır, sonradan bu tərkibə Ruhulla Axundov, Cəlal Qorxmazov, Mirzə Davud Hüseynov da daxil edilir.

Beləliklə, 1926-cı il fevralın 26-da Bakı şəhərində "İsmailiyyə" binasında  I Türkoloji Qurultay öz işinə başlayır. Mötəbər elmi məclisə S.Ağamalıoğlu sədrlik edir. 131 nəfər nümayəndənin iştirak etdiyi qurultay 17 iclas keçirir. Türk dünyasının dilinə, tarixinə, etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə həsr olunmuş 38 məruzə dinlənilir. Qurultaya fəxri üzv kimi dəvət olunmuş böyük türkoloq Əli bəy Hüseynzadə, məşhur nəzəriyyəçi N.Marr, sovet ideologiyasının rəhbərlərindən A.V.Lunaçarski rəyasət heyətinə seçilir. Alman türkoloqu T.Mentsel I Türkoloji Qurultayın məşhur türkoloq V.Radlovun şərəfinə keçirilməsi təklifini verir. Təklif qəbul edilir. Bununla bərabər, türkiyəli nümayəndələr də İsmayıl bəy Qaspiralının adını çəkirlər. Beləliklə, bu mötəbər elmi məclisin İsmayıl bəy Qaspiralı və V.Radlovun şərəfinə keçirilməsi qərarlaşdırılır. 

Qurultaya dəvət olunanlar içərisində adlı-sanlı alimlərin F.Köprülüzadə, A.Krımski, N.Poppenin, L.Legitinin, N.Aşmarinin və digərlərinin olması onun tarixi dəyərini daha da artırır. Ümumilikdə isə bu mötəbər elmi məclisdə 600 nəfər alim iştirak edir. Dinlənilən məruzələr elmi cəhətdən yüksək nəzəri səviyyəsi və aktuallığı ilə səciyyələnir. Onların heç birində kəskin millətçi, şovinist baxışlara yol verilmir. Çıxışlarda ortaq köklərə malik qohum xalqların vahid amalı, milli-mənəvi dəyərləri öz əksini tapır. Bu isə türk dünyasının son nəticədə dünya elm və mədəniyyətinin daha da zənginləşməsinə, inkişafına xidmət edirdi. Ona görə də qurultayın irəli sürdüyü ciddi məsələlər hakim sovet ideologiyasının prinsiplərinə uyğun gəlmədiyi üçün həmin türkoloji elmi axın sovetlər ittifaqının ictimai-siyasi mühitində böyük vahimə və şübhə yaradır, ağır repressiyalara yol açırdı. Əslində, yeni böyük sivilizasiyaların yaranmasına təkan verəcək bu prosesə hakim ideologiya pantürkist, panislamist yönümündən yanaşaraq sağlam düşüncəni arxa plana keçirirdi. Milli-mənəvi yaxınlığın və birliyin yarada biləcəyi bütövlüyə ümumi mədəni inkişafın bir parçası səviyyəsində deyil, mövcud ideoloji meyarların tərs üzü kimi baxılırdı.

Bir faktı da qeyd edək ki, bu dövrü öyrənən tədqiqatçıların araşdırmalarında göstərilir ki, keçmiş sovetlər ittifaqı tərkibində olan türk dövlətindən ilk olaraq Azərbaycanda 1920-ci ildə latın əlifbasına keçidlə bağlı komissiya yaradılmış və bu məsələni V.İ.Lenin yüksək qiymətləndirmişdir. Hətta Azərbaycan MİK-nin sədri S.Ağamalıoğlu Leninlə görüşmüş, əlifba məsələsində müsbət fikir əldə olunmuşdu. Lakin bütün bunlara baxmayaraq, 1920-ci ildən başlayan, əslində, 30-cu illərdə daha geniş cəbhədə hücuma keçən totalitar ideologiyanın bütün fəaliyyəti xalqların müstəqil düşüncəsinə, bu ideyaları işləyib hazırlayan, irəli sürən insanlara qarşı çevrilmişdi.


İki əsas fikir və təklif tərəfdarları var idi


Qurultayda iki məsələ - latın qrafikasına keçid və ortaq ədəbi dil, ortaq terminologiya məsələləri mühüm yer tuturdu. Sovet rəhbərləri, əslində, bu qurultayın belə möhtəşəm səviyyədə olacağını düşünmürdülər. Elmi forumda  ən çox müzakirə edilən, fikir toqquşmasına səbəb olan əlifba məsələsi idi. Qurultayın 17 iclasından yeddisi bu məsələyə həsr olunmuşdur. Mübahisələr, əsasən, iki mövqedə edilirdi: "latınçılar" və "islahatçılar" arasında. Qurultay Dağıstandan "latınçı" C.Qorxmazovun təklifinə 101 səs, "islahatçı" Tatarıstan nümayəndəsi Qəlimcan Şərəfin təklifinə 7 səs vermişdi. Bu məsələ ilə əlaqədar xüsusi qətnamə qəbul olunmuşdur. 

"Latınçıların" əsas müddəaları ondan ibarət idi ki, ərəb əlifbası xalqlarımızın mədəni inkişafına, elmi tərəqqisinə əngəldir, təhsili, savadlanmanı yubadır, həm də türk dillərinin xüsusiyyətlərinə uyğun gəlmir. Beləliklə, I Bakı Türkoloji Qurultayında 7 böyük müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı.

Elmi toplantıda türk ədəbi dillərinin norma və üslub xüsusiyyətləri, eləcə də türk xalqlarının ana yurdu məsələsi də müzakirə obyekti oldu. Qurultay nümayəndələri özbək şairi Əlişir Nəvainin 500 illik yubileyində də iştirak etdilər. Qurultayın qərarına görə, II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, bu qərar dövlətin siyasətinin dəyişməsi səbəbindən baş tutmadı. 

Azərbaycanda qurultaydan sonra rəsmi şəkildə yekdilliklə latın qrafikalı əlifbaya keçid gerçəkləşdi. 1929-cu il yanvarın 1-dən sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. İri kitab yandırma kampaniyası da bu yazını yaddan çıxarmaq məqsədi güdürdü.

Beləliklə, qurultayın qərarı nəticəsində bütün türk respublikaları ərazisində 1929-1939-cu illərdə latın qrafikalı əlifbadan istifadə edildi. Lakin 30-cu illərin sonunda sovet ittifaqı rəhbərliyi tərəfindən latın qrafikalı əlifbanın dəyişdirilməsi yönündə işlərə başlanıldı. 1939-cu ildə isə SSRİ-nin milli respublikalarında ümumi Kiril əlifbasından istifadə qərarı qəbul edildi. Rəsmi açıqlamaya görə latın əlifbasından Kiril qrafikasına keçid heç bir müzakirə, qurultay olmadan baş tutdu, sadəcə, "zəhmətkeşlərin ümumi istəyi" adı altında pərdələndi. 


Bəd niyyətlər, qanlı əməllər, ağır repressiyalar


Mövcudluğunun iki ilində, yəni qısa müddət olsa da, millətin tarixinə işıq saçan cümhuriyyət dövrünün istiqlal və demokratiya ənənələrini tam sürətlə qırmaq, məhv etmək mümkün deyildi. Başqa bir tərəfdən nə şəkildə olursa-olsun, Trotski, Buxarin, Zinovyev, Kamenev və digər siyasi liderlərlə bağlı olan müxalif kommunist cəbhəsinin varlığı İ.Stalinə sovetlərin ilk illərində hərtərəfli dağıdıcı hücuma keçməyə imkan vermirdi. Yetişmə, hazırlıq taktikası seçən V.İ.Leninin siyasi varisi İ.Stalin tərəfindən  davam etdirilən avtoritar və totalitar rejim strateji planda böyük və qanlı proqramlar hazırlayırdı. Məhz belə bir vaxtda I Türkoloji Qurultayın nümayəndələri böyük ümidlə, coşqun həvəslə elmi etiraflarını edir, gələcək araşdırmalarını və vəzifələrini açıqlayır, fikirlərin üst-üstə düşməsi elmi üfüqlərə yeni işıq saçırdı. ÇK-nın isə dəhşətli xəbərlərlə dolu qovluqları aşıb-daşırdı. Hər çıxış, hər cümlə, hər ifadə, söz mənalandırılır, siyasi baxımdan özlərinə sərf olunan yönümdə yozulur, təhlil edilir və nəticə çıxarılırdı.

Azərbaycan MİK-nin dördüncü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçir. Əlifba islahatı ölkədə dil quruculuğuna böyük təkan versə də, əslində, sovet ideoloqları üçün bu, tələsik yeni əlifbaya - latın əlifbasına keçid bütün türkdilli xalqların keçmişi ilə gələcəyi arasında körpünün uçurulmasına hesablanmışdı. Maraqlıdır ki, latın əlifbasını türk əlifbası adlandıraraq bir müddət onu müdafiə edənlər rus əlifbasının məcburi tətbiqi meylini hiss etdikdən sonra beynəlmiləlçi bolşeviklərin əksəriyyəti həm türk anlayışından, həm də müdafiə etdikləri türk əlifbasından imtina etdilər. S.Ağamalıoğlu 1929-cu ildə Azərbaycanın bütün SSRİ-də və Şərqdə ilk dəfə olaraq rəsmən latın qrafikasına keçməsini böyük zəfər adlandırdığı halda, həmin hadisənin üstündən bir il ötməmiş rus əlifbasının tətbiqinin zəruriliyindən bəhs edirdi. Beləliklə, yarım əsr ərzində, bir millətin üç əlifbadan istifadə etmək məcburiyyətində qalması, əslində, böyük bir faciə idi! Bunu obyektiv qiymətləndirmək və etiraz etmək əvəzinə, ziyalıların çoxu susurdu. Təbii ki, bunların səbəbləri var idi: milli ziyalıların böyük əksəriyyəti kütləvi şəkildə 1937-1938-ci illərdə repressiya olunurdu. Digər tərəfdən, rus əlifbasına etiraz edə biləcək istənilən ziyalının həmin aqibətə düçar olması hamını vahiməyə salırdı. 

Dilçi alimlərin fikrincə, rus əlifbasının olduğu kimi qəbul edilməsinin tərəfdarları yaxşı anlayırdılar ki, mərkəz məhz bu qərarın üzərində dayanacaq. Və gözlənildiyi kimi də oldu! Sovet ideoloqları nə etdiklərini yaxşı başa düşürdülər: Azərbaycan insanı rus insanı kimi düşünməyə, yazmağa və kommunizm xəyalı ilə yaşamağa məhkum və buna məcbur edilirdi. İrəlidə isə görkəmli dilçi alimləri böyük repressiya burulğanı gözləyirdi. Bəkir Çobanzadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Yusif Vəzir Çəmənzəminli, Ayna Sultanova, Hüseyn Cavid, Vəli Xuluflu, Salman Mümtaz... kimi güclü və işıqlı ziyalıların nə qədər böyük arzuları ürəklərində boğulub məhv ediləcəkdi...


Xalqını sevən "xalq düşmən"ləri


Repressiyaya uğrayan, həbslərdə çürüyən insanların böyük əksəriyyəti 1926-cı ildə olan I Bakı Türkoloji Qurultayın nümayəndələri idi. Bəs bu insanların günahı nə idi? Axı onlar türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin yaşadılmasına misilsiz töhfələr vermiş, dilçilik, latın qrafikasına keçid, terminologiya, orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, metodika sahələrində problemlərin həllinə və inkişaf yollarına işıq salan baxışlar sisteminin əməli-nəzəri prinsiplərini işləyib hazırlamışdılar, genişmiqyaslı yaradıcılıq fəaliyyəti göstərmişdilər. 

Stalin repressiyası qurbanlarının çoxu istintaq zamanı Ruhulla Axundovun adını çəkirdi. Guya sovet dövlətinə, Kommunist Partiyasına dönüklüyü bu insandan öyrənmişdilər. Belə çıxırdı ki, sovetlərin ən böyük düşməni 1919-cu ildən ÜK(b)P-nin üzvü olan, qısa ömrünü sovet dövlətinin inkişafına həsr edən, alim, publisist, tərcüməçi kimi şöhrət qazanan, qəlbən inandığı, sevdiyi quruluşa sədaqətlə xidmət göstərən Ruhulla Axundov idi. Respublikada Mərkəzi Komitənin katibi vəzifəsinə qədər yüksələn bir insan necə "xalq düşməni"nə çevrilə bilərdi?! 1920-1926-cı illərdə R.Axundovun rəhbərliyi ilə Azərbaycan dilində Leninin 26 əsəri çap olunmuşdu. 1927-1932-ci illər ərzində Marks və Engelsin 15 min tirajla 5 əsəri, Leninin 106 min nüsxə ilə 19 əsəri Azərbaycan dilində işıq üzü görmüşdü. Təbii ki, bu, çox məntiqsiz bir yanaşma idi. Amma bütün bunlara baxmayaraq, sovet rejimi Ruhulla Axundova 41 yaşında güllələnmə hökmü vermişdi.

Qeyri-adi fitri istedada, dərin elmi biliklərə malik olan görkəmli alim Bəkir Çobanzadənin məhkəməsi 20 dəqiqə çəkmişdi. Ömrü də qısa olmuşdu - cəmi 44 illik bir həyat yaşamışdı. O, Azərbaycanda Yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdi. Orta Asiyada, Tatarıstanda, Bolqarıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar ciddi iş aparmışdı. 1937-ci il yanvar ayının sonunda onu Kislovodskda dincəldiyi "Qornyak" sanatoriyasında həbs edirlər. Əvvəlcə, Pyatiqorsk həbsxanasında saxlanılır, sonra Bakıya gətirilir. 1937-ci il oktyabrın 12-də güllələnməyə məhkum edilir.

Bəs Hənəfi Zeynallı nədə günahlandırılırdı? Elə işlərdə, elə hərəkətlərdə ki, onların heç biri alimin fəaliyyətinə yaxın belə gəlmirdi. Həqiqət kimi qələmə verilən bütün günahlara görə məhkəmə qaydasında cəzalandırılmazdan əvvəl o, akademiyada tutduğu bütün vəzifələrdən çıxarılır. Nazim Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxladığına görə ittiham olunur. Görkəmli alimə 1937-ci il oktyabrın 12-də ən ağır cəza - güllələnmə hökmü verilir.

Azərbaycanın xalq maarif komissarı, "Şərq qadını" jurnalının redaktoru, ədliyyə komissarı və Ali Məhkəmənin sədri olmuş Ayna Sultanova çox tez başa düşmüşdü ki, uğrunda vuruşduğu quruluş, dəstəklədiyi hökumət heç də onun ümidini, inamını doğrultmur. Müəyyən müddətdən sonra Stalinlə görüşüb mövcud rejimlə bağlı şikayətlərini bildirmək qərarına gəlir. Bu məqsədlə Moskvaya gedərkən elə vağzalda həbs olunur. 3 iyul 1938-ci ildə onun da ölüm hökmü oxunur. A.Sultanovanın qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanov da (I Türkoloji Qurultayın nümayəndələri olmuşlar) repressiyaya məruz qalmış və "xalq düşməni" kimi həyatlarına son qoyulmuşdu.

Böyük ideallarla yaşayan görkəmli folklorşünas-alim Vəli Xuluflu da o zamanlar yeni əlifbanın yaradılmasında vətəndaş fəallığı ilə iştirak etmişdi. Sovet siyasi ideoloji sistemi ərəb əlifbası tərəfdarlarını mürtəce, latınçıları isə yenilikçi kimi qələmə verirdi. Şübhəsiz ki, yeni əlifbaya keçid Vəli Xuluflunun dediyi kimi, "yalnız hərflərin dəyişdirilməsi demək deyildir, bu eyni zamanda yeni dövrün, xüsusilə də türkdilli xalqların ictimai-siyasi, mədəni həyatında mühüm rol oynaya biləcək tarixi hadisə idi". Repressiya dalğası 1938-ci ildə bu görkəmli alimin də həyatını yarımçıq qoyur.

Azərbaycanın xalq maarif komissarı, tənqidçi, ədəbiyyatşünas, publisist Mustafa Quliyev 1937-ci il avqustun 2-də həbs edilir, istintaqı bir ilə yaxın çəkir, 30 dəfədən çox dindirilir. Hər ifadəsinin sonuncu cümləsində haqqında deyilənlərin, yazılanların uydurma və böhtan olduğunu bildirirdi. Buna əhəmiyyət verməyən azğınlar M.Quliyevi 2 iyul 1938-ci ildə güllələnməyə məhkum edirlər.

Şair, publisist, görkəmli ədəbiyyatşünas, mətnşünas-alim Salman Mümtaz 1920-1937-ci illərdə 24 kitab, 70-dən çox məqalə çap etdirmiş, 100-dən artıq Azərbaycan və Yaxın Şərq şairi haqqında tədqiqatlar aparmışdır. Milli baxışlarına görə, o da təqib olunmuş və repressiyaya məruz qalmışdır. 1937-ci il oktyabrın 8-də həbs edilmiş, 1941-ci ilin 21 dekabrında ona ölüm hökmü verilmişdir. Həmin illərdə Hüseyn Cavid, Mikayıl Müşfiq, Əli Nəzmi, Əhməd Cavad, Əmin Abid, Sanılı və başqaları xarici dövlətlərə casusluqda, "pantürkizm"də günahlandırılaraq repressiya olunmuşlar. Uzun illər rəhbər vəzifələrdə işləmiş Mirzə Davud Hüseynov, ictimai-siyasi xadim Əhməd bəy Pepinov, 40 yaşına çatmamış "qırmızı terror"un qurbanı olmuş, gözəl publisist, jurnalist, naşir Həbib Cəbiyev, görkəmli pedaqoq Cabbar Məmmədzadə, Azərbaycanda xalq təhsilinin inkişafında müstəsna xidmətləri olan maarifçi-ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçısı və müdiri Müseyib İlyasov, maarif xadimi Pənah Qasımov, dilçi, türkoloq-alimlər Əziz Qubaydullin, azərbaycanlı milli kadrların yetişdirilməsində böyük rol oynamış, qırmızı professor Boris Tixomirov, Aleksandr Bukşpan... pantürkist, panislamist "mövqelərinə görə" güllələnmişlər.Tanınmış türkoloq Xalid Səid Xocayev də repressiya burulğanının qurbanı olmuşdu. 

Siyahıda yüzlərlə belə dəyərli, vətənpərvər ziyalıların adları vardır. Onların acı ömür hekayətlərini oxuyanlar ancaq dəhşətə gəlirlər! I Türkoloji Qurultay mühüm tarixi bir dövrdə keçirilmişdi. Bu möhtəşəm tədbir hər şeydən öncə siyasi bir hadisə idi. 100-dən artıq nümayəndəsinin - seçmə alim və mütəfəkkirlərin həbsi və fiziki məhvi ilə bitən bu elmi toplantı yaxın tarixin ən böyük ziyalı-alim soyqırımı idi. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır  

12:35
02 Aprel

Özbəkistan Türk Dövlətlərinin Sənaye İttifaqının yaradılmasını dəstəkləyir  

12:27
02 Aprel

Cevdet Yılmaz: Türk Dövlətləri İnvestisiya Fondu yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacaq  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!