01 Oktyabr 2024 08:45
1138
Mədəniyyət
A- A+
Bir ömrün məhəbbət əfsanəsi

Bir ömrün məhəbbət əfsanəsi


Elə sənətkarlar var ki, sağlıqlarında düşünürsən ki, bir gün dünyadan köçsələr, onların yerində çox böyük bir boşluq qalacaq. Amma bu, belə deyil. Bu insanların yoxluqları dövründə onları bir-birindən möhtəşəm əsərləri əvəz edir. Dünyanın mədəniyyət xəzinəsinə bəxş etdikləri misilsiz irs külli halında bir yerə toplanıb həmin insanların canlı abidəsini ucaldır, onlara əbədiyyət qazandırır. Artıq 5 ilə yaxındır ki, aramızda olmayan görkəmli bəstəkar Arif Məlikov da zəngin musiqi xəzinəsi ilə əbədiyyət ömrünü davam etdirən belə yaradıcı şəxsiyyətlərimizdəndir.   

İnsanın istedadının yaşın erkən çağlarında parlaması, bu istedadın dahiyanəliyini hər kəsin etiraf etməsi taleyin ikiqat hədiyyəsidir. "Məhəbbət əfsanəsi" baleti ilə dünya şöhrəti qazananda Arif Məlikovun cəmi 26 yaşı vardı. Bütün dünya bu əsərlə gənc Azərbaycan bəstəkarının parlaq istedadına heyran oldu. Yaradıcı ömrün davamı isə göstərdi ki, tale Arif Məlikova təkcə fitri istedad verməyib, eyni zamanda bu istedadın qədrini bilmək, qorumaq, zaman-zaman təkmilləşdirmək üçün yüksək məsuliyyət, əməksevərlik də nəsib edib. Bu baxımdan erkən gəlmiş şöhrət Arif Məlikovun sənət uğurunun yenilərinə yol açdı. Bu, bəlkə də görkəmli bəstəkarın ruhən, qəlbən musiqiçi olması ilə bağlı idi. Arif Məlikov ən yüksək səviyyədə musiqi təhsili almışdı, bu sahədə peşəkar bilik və bacarıqlara malik idi. Əlbəttə, əsərlərinin dahiyanə alınmasında təhsilin, illərlə davam edən gərgin hazırlıqların da mühüm rolu vardı. Bununla belə onun əsərlərini dinləyəndə görürsən ki, sənətdə bu səviyyəyə gəlib çatmaq təkcə təhsilin, qazanılmış vərdişlərin işi deyil, bu, ruh məsələsidir, musiqinin damarlarda axan qana qarışıb insanın varlığının bir parçasına çevrilməsidir.


Qara Qarayevdən ustad dərsləri


Arif Məlikovun konservatoriyada təhsil alarkən dahi bəstəkar Qara Qarayevlə rastlaşması, onun sinfində təhsil alması da taleyin gənc musiqiçiyə xoş bir məramı idi. Arif Məlikov özü də illər sonra deyirdi ki, həyatda çox şeyə nail olmağı məhz Qara Qarayevlə ünsiyyətinin nəticəsidir. 

Qara Qarayev dahiliyinin cazibəsi, ondan aldığı mükəmməl ustad dərsi Arif Məlikovun musiqiyə sonsuz sevgisi ilə birləşəndə ortaya qiymətli əsərlər çıxır. Gənc bəstəkar hələ tələbəlik illərində simfonik orkestr üçün "Balet süitası", "Nağıl" simfonik poeması, fleyta və orkestr üçün "Konsertino" və Birinci Simfoniya əsərlərini bəstələyir. Bu əsərlər musiqi ictimaiyyətinin diqqətini cəlb etməyə başlayır. Hər kəs onun böyük bir bəstəkar kimi tanınacağına əmin olur. Elə bu əminliklə də müəllimi Qara Qarayev 1959-cu ildə Sankt-Peterburq Opera və Balet Teatrı üçün A.Məlikova Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi əsasında  balet yazmasını təklif edir. Beləliklə, 26 yaşlı bəstəkar şair N.Hikmət, baletmeyster Qriqoroviç, rəssam Virsaladze və dirijor Niyazidən ibarət yaradıcı heyətlə qısa zamanda dünya musiqi xəzinəsinin ən qiymətli incilərindən birini ərsəyə gətirir. 

A.Məlikovun musiqi duyumu, peşəkarlıq bacarıqları o qədər güclü idi ki, baletin hər incə detalını əvvəlcədən görür, librettoda da bütün məqamların musiqiyə uyğun şəkildə yerli-yerində olmasına çalışır. Ona görə gənc bəstəkar Nazim Hikmətin librettosunda bəzi dəyişikliklər də edir, unudulmaz şair isə bu dəyişiklikləri razılıqla qarşılayır. 

Nazim Hikmət özü "Məhəbbət əfsanəsi"ni ilk dəfə səhnədə görəndən sonra demişdi: "Arif Məlikov mənə deyəndə ki, "Məhəbbət əfsanəsi" baleti yazmaq istəyirəm, həmin gün çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir. Mən çox həyəcanlanırdım ki, səhnədə Şərq necə görünəcək. Arif Məlikov baletdə Şərq adamına müasir insanın dünyabaxışı ilə baxıb. Buna görə də əsərdə "şirin" Şərqdən, "Əlibaba və qırx quldur" nağılından əsər-əlamət yoxdur. Və bu da yeni baleti teatr tamaşalarından tamam fərqləndirib".

"Məhəbbət əfsanəsi"nin 1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad Akademik Opera və Balet Teatrının (indi Sankt-Peterburqun Mariinski teatrı) səhnəsindəki ilk tamaşasından sonra dahi bəstəkar Dmitri Şostakoviç də gənc həmkarının yüksək istedadını etiraf edir, xoş sözlərini ondan əsirgəmir: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir".


Musiqidə yeni dövrün müəllifi


Əfsanəvi balerina Maya Plisetskaya isə dramatik obraz baxımından "Məhəbbət əfsanəsi"ndən yüksək tamaşa tanımadığını vurğulayırdı. 26 yaşlı Arif Məlikov bu əsəri ilə dünya musiqi tarixində yeni bir dövrün əsasını qoymuşdu. Əsər indiyə qədər dünyanın 60-dan çox ölkəsində oynanılıb və böyük tamaşaçı sevgisi ilə qarşılanıb. Hətta Moskvada "Məhəbbət əfsanəsi" baleti haqqında ayrıca kitab çapdan çıxıb. Burada yarım əsrdən də çox müddət ərzində baletə tamaşa edənlərin adları yazılıb. Müxtəlif ölkələrdə təşkil edilən nümayişlər zamanı "Məhəbbət əfsanəsi"ndə dünyanın adlı-sanlı balerinaları rol alıblar. 

Nazim Hikmət yaradıcılığına sevgi isə bəstəkarın sonrakı əsərlərində də öz ifadəsini tapır. Arif Məlikovun ötən əsrin 60-cı illərində bəstələdiyi "Şən", "Lay-lay", "Təəssürat", "Yarımı yuxuda gördüm" romansları buna nümunədir. Bu romanslarda N.Hikmət şeirlərinin lirik-psixoloji aləmi musiqinin rəngarəng çalarları ilə canlandırılır. O, Nazim Hikmət yaradıcılığına 1980-ci illərdə növbəti dəfə müraciət etmiş, onun şeirləri əsasında ikinci vokal silsiləsini yaratmışdı. 

Bir bəstəkar kimi Arif Məlikovun uğurunun mühüm sirlərindən biri onun yaradıcılığının əhatə dairəsinin son dərəcə genişliyi, müraciət etdiyi janrların çoxluğudur. 8 simfoniya, "Nağıl", "Füzulinin xatirəsinə", "Metamorfozlar" simfonik poemaları, "Məhəbbət əfsanəsi" baletindən süitalar, fleyta ilə simli orkestr üçün konsertino, müxtəlif orkestr pyesləri, o cümlədən "Simfonik rəqslər", "8 pyes", "12 pyes", "Məhəbbət əfsanəsi"ndən başqa, "İki nəfər", "İki qəlbin dastanı", "Əlibaba və qırx quldur" baletləri, "Dalğalar" operettası, instrumental musiqi növlərindən fortepiano üçün prelüdiya, solo skripka üçün sonata, süita və skertso, fortepiano üçün "Ötəri anlar" kimi miniatürlər Arif Məlikovun simfonik yaradıcılığının əsasını təşkil edir. 

Görkəmli bəstəkar vokal janrı ilə də ciddi şəkildə məşğul olmuş, şairlərimizin şeirlərinə kantatalar, vokal-simfonik poemalar bəstələmişdir. 

A.Məlikov həm də kinofilmlərə və müxtəlif teatr tamaşalarına ən çox musiqi yazan bəstəkar kimi tanınır. Belə ki, "Sehirli xalat", "Ulduzlar sönmür", "Rüstəm və Söhrab", "Axırıncı aşırım", "Qərib cinlər diyarında" filmlərinin, "Natəvan", "Atabəylər" tamaşalarının, 5 seriyalı "Şahnamə" filminin, ümumilikdə isə 30-a qədər film və tamaşanın musiqisi ona aiddir. 

Görkəmli bəstəkar musiqi nəzəriyyəsi ilə də məşğul olurdu. 2016-cı ildə onun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çapdan çıxmışdı.


Səslər və rənglər dünyasından gəlmiş adam


Arif Məlikov dünyanı həm səslərin, həm də rənglərin dili ilə tam anlaya və onun sirli aləmini insanlara yetirə bilirdi. "Çiçəkli badam ağacı", "Şərq", "Ankarada gecə", "Xəzərin qara qızılı - aylı gecə", "Aya Sofiya", "Badam ağacının budağı", "3 hissəli simfoniya-triptix", "Zuqulba", "Təəssürat", "Fantaziya", "Təzəpir - gecə", "Təzəpir - gündüz", "Təzəpir - Novruz bayramı", "Qafqaz dağları"," 20 Yanvar", "Bakı", "Əbədiyyət","Günəş", "Həyat", "Göy vaza", "Vazada güllər", "Qərənfillər", "Ağ vaza", "Əks", "Sevimli şəkillər" kimi rəsmləri onun rəngli dünya ilə insanlar arasındakı tərcümanlığıdır. 

Maraqlı burasındadır ki, Arif Məlikov musiqidə olduğu kimi rəngkarlıqda da yeniliklər axtarışında idi. Eyni zamanda əsərlərinin janr müxtəlifliyinə nəzər salarkən onun bu yenilikləri müxtəlif janrların, üslubların köməyi ilə axtardığını görürük. Həmçinin milliliyi rəsmlərində də qoruyurdu. Əsərlərinin əsas mövzusu təbiət aləmidir, bəstəkar-rəssam çiçəkləri, tarixi abidələri kətana köçürür, tapmaq istədiklərini təbiətin əlvanlıqlarında, quşlarda, ağaclarda, sonsuz kainatın ən gözəl zərrələrində, Şərqin nağıllar dünyasında, tarixi abidələrin əsrarəngizliyində axtarırdı. 

O, rəsm əsərlərində də son dərəcə səmimidir. Necə alınmasından asılı olmayaraq qəlbinin ülvi hisslərini yetirməyə çalışır, ona görə də bu hisslər ünvanına çatır, dinləyici və tamaşaçı duyğularına toxunur.

Arif Məlikov bəstəkar, rəssam, pedaqoq, alim olduğu qədər həm də vətəndaş idi. Onun 20 Yanvar faciəsinə həsr olunmuş "Mən ittiham edirəm..." adlı fundamental kitabı tariximizin mühüm bir səhifəsidir. Dəyərli ziyalımız 1994-cü ildə nəşr olunmuş bu oçerklər toplusu ilə 20 Yanvar faciəsinə bais olanların, o cümlədən siyasi və hərbi orqanların yalanlarını, saxtakarlıqlarını ifşa etmişdi. Arif Məlikov bu əsəri şəxsi müşahidələri, topladığı tarixi dəlillər, hadisələrin bilavasitə şahidi olmuş bir çox insanlarla söhbətləri əsasında qələmə almışdır. Günü bu gün də "Mən ittiham edirəm" əsəri 20 Yanvar faciəsi ilə bağlı tarixi həqiqətləri öyrənmək istəyənlər üçün mötəbər mənbədir.

Görkəmli bəstəkar həm də ona görə xoşbəxt insan idi ki, sağlığında onun şəxsiyyətinə və yaradıcılığına nə qədər böyük sevginin olduğunu görürdü. O, 1965-ci ildə Əməkdar incəsənət xadimi, 1978-ci ildə Azərbaycanın Xalq artisti, 1986-cı ildə SSRİ-nin Xalq artisti adlarına, 1986-cı ildə dövlət mükafatına layiq görülmüş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmiş, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunmuşdur. Müsahibələrinin birində bəstəkar deyirdi: "Peşmanlıq yaşamamışam. Daha çox xoşbəxt anlarım olub. Hərdən o qədər böyük xoşbəxtlik yaşamışam ki, sözlə deyə bilmirəm. Mən yaşayan bəstəkarlardan heç birinin əsərlərinin 55 il dünya teatrlarında oynanılmasını görməmişəm. Hərdən mənə deyirlər ki, bu sənət sənə nə verdi? Deyirəm ki, "Məhəbbət əfsanəsi"ni. O balet mənə dünyada bütün qapıları açdı".

Əslində, Arif Məlikovun özünün həyat və yaradıcılığı da bir məhəbbət əfsanəsidir. Nə qədər ki, musiqi, musiqiyə məhəbbət var, bu əfsanə də davam edəcək və Arif Məlikov şəxsiyyətinə sevgini hər zaman yaşadacaq. 


İradə ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!