Erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda Vətən təəssübü çəkən oğullar ürəklərində düşmənə nifrət hissi ilə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Həmin günlər Zaqatala rayonunun Gözbarax kəndinin torpaq, yurd qeyrəti çəkən oğulları da qorxu bilmədən Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək döyüşlərə yola düşdülər.
Bu qorxmaz oğullar müharibənin ilk günlərindən başlayaraq sonadək cəsarətlə, qələbə ovqatı ilə döyüşdülər. Yurdun xilasına yollanmış cəsur əsgərlər yurdumuzu, torpaqlarımızı erməni işğalçılarından azad etdilər, şəhidlərin qisasını aldılar.
Kənd camaatı 44 günlük Vətən müharibəsində iştirak edən bu oğullara Qarabağın xilaskarı kimi baxırlar. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş gənclərdən biri də Şahin Səfərovdur. O, 2007-2009-cu illərdə hərbi hissələrin birində topçu kimi xidmət etmiş, təlim-məşqlərdə artilleriya qurğusunun sirlərinə dərindən yiyələnmişdi. İkinci Qarabağ müharibəsi başlayanda Şahin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə üz tutmuşdu. Bir neçə gündən sonra artıq o, Füzuli istiqamətində gedən döyüşlərə qatılmışdı.
Şahin Səfərov bir əsgər kimi üzərinə düşən tapşırıqları yerinə yetirərək minaatan qurğusunun atdığı mərmilərlə işğalçıların hədəflərini dəqiq vururdu. Döyüşdən-döyüşə təcrübəsi daha da artırdı. Füzuli erməni işğalçılarından azad olunandan sonra onların bölüyünü Cəbrayıl rayonunun kəndləri uğrunda gedən döyüşlərə cəlb etdilər. Burada mövqe tutmuş erməni işğalçıları geri çəkilmək istəmir, ciddi müqavimət göstərməyə çalışırdılar. Amma yağılar nə qədər dirəniş göstərsələr də, qüdrətli Azərbaycan Ordusunun güclü hücumları qarşısında çox dayana bilməyib döyüş meydanından qaçmağa məcbur oldular. Bir həftədən sonra döyüşlərini davam etdirmək üçün Şahingili Xocavənd rayonuna göndərdilər.
Məğlubiyyətin acısını daddıqca ermənilər zəifləyir, ruhdan düşür, Azərbaycan əsgərinin qarşısında gücsüz olduqlarını hiss edirdilər. Çox keçmədi ki, Xocavənd rayonunun xeyli hissəsi erməni işğalçılarından azad olundu. Uğurlu əməliyyatdan sonra döyüşçülərimizin Şuşaya gedən yolları açıldı. Həmin günlər onun sevinci yerə-göyə sığmırdı. Çünki Şahin Şuşa uğrunda döyüşəcəkdi. Cəsur əsgər bu günü uzun illər idi ki, həsrətlə gözləmiş və arzulamışdı. Gözlədiyi gün artıq çatmışdı. Onların atdıqları mərmilər, güllələr hədəfə düz dəyirdi. Düşmən Azərbaycan əsgərinin dəqiq zərbələrindən yayına bilmir, ağır itkilər verərək geri çəkilirdi.
Cəsur döyüşçü Şahin Səfərov Şuşa uğrundakı döyüşlərindən söz açaraq deyir:
- Əsas tapşırığımız xüsusi təyinatlı qüvvələrin irəliləməsinə artilleriya dəstəyi vermək idi. Bölmələrimiz Şuşaya daxil olsa da, şəhərdəki hakim yüksəkliklərə hələ də düşmən nəzarət edirdi. Biz həmin yüksəklikləri minaatanla vurmaq və oradakı qəsbkarların atəş vasitələrini sıradan çıxarmalıydıq. Tapşırıqları uğurla yerinə yetirirdik. İşğalçılar dəqiq və sarsıdıcı zərbələrimizə tab gətirməyərək geri çəkilmək məcburiyyətində qaldılar. Döyüşçülərimiz düşmən üzərinə qartal kimi şığıyırdılar. Gözləmədiyimiz bir vaxtda geri çəkilən yağılar mövqeyimizi top atəşinə tutdular. Mərmilərdən biri yaxınlığımıza düşdü. Mən ağır yaralandım, Əmrah adlı əsgər yoldaşım isə şəhid oldu.
İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə və cəsarətə görə Şahin Şəmsəddin oğlu Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə', "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
İki övlad atası olan Şahin Səfərov 44 günlük Vətən müharibəsində iştirak etdiyinə, torpaqlarımızın azadlığı uğrunda vuruşduğuna görə özünü xoşbəxt hiss edir. Aldığı çoxsaylı qəlpə yaraları sağlamlığını əlindən alsa da, həmişə "Təki Vətən sağ olsun!" deyir. Kənd sakinləri, ağsaqqallar, ziyalılar, din adamları tez-tez igid döyüşçünü ziyarət edirlər. Şahin Səfərov deyir ki, biz torpaqlarımızın azadlığı uğrunda Vətən sevgisi, qələbə əzmi, Zəfər yanğısı, düşməndən şəhidlərimizin qisasını almaq amalı ilə vuruşduq. Ona görə də qalib gəldik. Gözəl deyiblər ki, yenilməz qüdrətdir Vətənə sevgi! Elə bizi də zirvələrə yüksəldən, zəfərlərə qovuşduran da yenilməz Vətən sevgisi oldu.
Elşən Bəxtiyar oğlu Quluyev də 44 günlük Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşub. Söhbət zamanı Elşən dedi ki, torpaqlarımızı qorumaq, onun keşiyində dayanmaq oğulların müqəddəs borcudur. Düşünürəm ki, biz İkinci Qarabağ müharibəsində bu müqəddəs borcu böyük cəsarət və hünərlə yerinə yetirdik. Döyüşlərdə düşməni məğlub edib Zəfər qazandığımıza görə alnımız açıq, başımız ucadır. Biz bu ucalıqlardan heç vaxt enməyəcəyik. Əməliyyatlar zamanı kifayət qədər döyüş təcrübəsi qazandıq. Əgər yurdumuzun müdafiəsi uğrunda yenidən müharibə başlayarsa, biz keçmiş döyüşçülər yenə də ön sırada olmağa hazırıq.
Qarabağı və onun ətrafındakı rayonlarımızın uzun illərdən bəri erməni işğalında qalması bir vətəndaş kimi məni çox narahat edirdi, - deyə keçmiş döyüşçü Cahandar Cəmil oğlu İbrahimov sözə başladı. - Erməni qəsbkarları danışıqlar yolu ilə torpaqlarımızı qaytarmaq istəmədilər. Hələ bu azmış kimi, yeni ərazilərimizi də işğal edəcəklərini dillərinə gətirirdilər. Dediklərindən hiss olunurdu ki, qəsbkarlar yeni müharibəyə hazırlaşırlar. Əgər yurdumuzun azadlığı uğrunda yenidən döyüşlər başlasaydı, mən mütləq ön sıralarda vuruşacaqdım. Çünki ürəyim erməni işğalçılarına qarşı nifrətlə döyünürdü. Nəyin bahasına olursa-olsun, Qarabağımız azad olunmalı, şəhidlərin qısası alınmalıydı. Mən bu amalla, bu arzuyla yaşayırdım. İkinci Qarabağ müharibəsi başlananda könüllü olaraq döyüşlərə yollandım. Cəbrayıl, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə vuruşdum. Ən gərgin döyüşüm Qırmızıbazar istiqamətində oldu. Şükürlər ki, döyüşlərimiz qələbə ilə başa çatdı. Erməni işğalçılarını ağır məğlubiyyətə uğradaraq həm torpaqlarımızı azad etdik, həm də şəhidlərimizin qısasını aldıq. İndi ürəyimiz rahatdır, çünki artıq Qarabağ azaddır, torpaqlarımız düşmənlərdən təmizlənib.
Cəsur əsgər Paşa Sultan oğlu Əliyev də İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Cəbrayıldan başlayan döyüş yolu Füzulidən keçərək Şuşada tamamlanıb. Paşa Əliyev deyir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə qürur hissləri keçirir: "Vuruşduğum, döyüşdüyüm günləri ömrümün ən mənalı, ən dəyərli anları hesab edirəm. Bir zamanlar qan tökə-tökə azad etdiyimiz Qarabağda, Şərqi Zəngəzurda indi böyük quruculuq işləri aparılır. Bunları görəndə ürəyimiz açılır, qəlbimizə sevinc ələnir".
Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə və cəsarətə görə Paşa Sultan oğlu Əliyev "İgidliyə görə" medalı ilə təltif olunub.
Hacıxan Eyvaz oğlu Xəlilov da İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə yollanıb. Cəbrayıl, Zəngilan, Xocavənd və Qubadlı uğrunda gedən əks-hücum əməliyyatlarında həmişə ön sıralarda vuruşub. Əsgər kimi üzərinə düşən döyüş tapşırıqlarını bacarıqla yerinə yetirib. Buna görə də həm komandirlərinin, həm də əsgər döyüşçü yoldaşlarının böyük rəğbətini qazanıb.
Söhbət zamanı Hacıxan dedi ki, heç kim müharibənin olmasını istəmir: "Xalqımız da dünyadakı ən sülhsevər xalqlardan biridir. Amma düşmən torpaqlarımızı işğal edibsə, qaytarmaq istəmirsə, artıq silaha əl atıb, mütləq onu azad etmək lazım idi. Biz də torpaqlarımızı erməni işğalçılarından təmizləmək üçün döyüşlərə yollandıq. Şükürlər olsun ki, bütün əməliyyatlarımız uğurla başa çatdı. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında möhtəşəm Zəfər qazandı. Əgər belə demək mümkünsə, tarix yazdı. Yazılan bu tarix çox şərəfli və möhtəşəmdir. Bu tarixin səhifələri gələcək nəsillər üçün qəhrəmanlıq nümunələri ilə doludur. Gənclər bu qəhrəmanlıq nümunələrindən çox şey öyrənəcəklər".
Musa Şirin oğlu Əliyev də 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Söhbət zamanı öyrəndik ki, Musa kiçik yaşlarından idmana maraq göstərib, cüdo ilə məşğul olub, gənclər arasında keçirilən yarışlarda uğurlu nəticələr göstərib. Əsgəri xidmətinin 9 ayını Əfqanıstandakı sülhməramlı qüvvələrimizin sıralarında yerinə yetirib.
İkinci Qarabağ müharibəsi başlayanda Musa Əliyev də dostları ilə bərabər könüllü olaraq yurdumuzun müdafiəsinə atılıb. Onun sıralarında vuruşduğu hərbi hissənin şəxsi heyətini Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərə cəlb ediblər. Cəsarəti və şücaəti ilə fərqlənən Musa komandirlərin verdiyi tapşırıqları bacarıqla yerinə yetirib. 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Musa Şirin oğlu Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb.
İştirakçısı olduğu əməliyyatlardan söz açan Musa Əliyev dedi ki, Qarabağ uğrunda vuruşduqca sanki gücü daha da artırdı: "Düşməni diz çökdürüb geri sıxışdıra-sıxışdıra uzun illərdən bəri işğalda qalmış torpaqlarımızı azad edirdik. Qəsbkarları geri qovduqca Qarabağın içərilərinə doğru irəliləyirdik. İlk dəfəydi ki, ayağım Qarabağ torpaqlarına dəyirdi. Bu anlarda xoş hisslər keçirir, Vətənə əsgər olmağımdan qürur duyurdum. Gərgin keçən döyüşlərdən sonra Suqovuşan və Talış kəndlərini, həmçinin bir neçə strateji əhəmiyyətli yüksəkliyi qəsbkarlardan azad etdik".
Kənd sakini Şaban Sərdar oğlu İsgəndərov Ağdərə rayonu istiqamətində, Talış və Suqovuşan kəndləri uğrunda vuruşub. Müharibənin davam etdiyi 44 gün ərzində Vətən qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirib. Döyüşlərin elə ilk günlərindən cəsarəti və hünəri ilə fərqlənib. Şaban döyüşə yollanan ərəfədə üzünü əsgər yoldaşlarına tutaraq "Biz Qarabağa torpaqlarımızı erməni işğalçılarından azad etmək amalı və arzusu ilə gəlmişik. Məqsəd və amalımıza çatmaq üçün cəsarətlə vuruşacağıq. Qarabağı düşməndən azad edib zirvələrindən Zəfər bayrağını asacağıq! deyərək bütün əməliyyatlarda ön sıralarda vuruşub. Məhz Şaban İsgəndərov kimi cəsur oğulların igidliyi sayəsində torpaqlarımız erməni işğalçılarından azad olundu. Şanlı Azərbaycan Ordusu tarixi Zəfər qazandı. İllərdən bəri ürəklərdə dolaşan qələbə arzusu çiçək açdı. Qürur dolu bu günü Azərbaycan xalqı böyük təntənə ilə qeyd etdi, sevinc-sevincə, fərəh-fərəhə qarışdı.
Keçmiş döyüşçü Şaban İsgəndərov bizimlə söhbət zamanı onu da dedi ki, Zəfər qoxulu həmin günləri xatırlayanda ürəyimiz sevinclə dolur.
Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında qısaca söhbət açdığımız Elşən Quluyev, Cahangir İbrahimov, Paşa Əliyev, Şahin Səfərov, Hacıxan Xəlilov, Musa Əliyev və Şaban İsgəndərov kimi cəsur oğullarla həmişə fəxr edib qürur duyacağıq. Min təəssüflər olsun ki, Birinci Qarabağ müharibəsində Gözbarax kəndindən üç nəfər - Nail Sərfəddin oğlu Musayev, İlham Mahmud oğlu Əhmədov, Arif İsmayıl oğlu Ramazanov üzərlərinə düşən döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmancasına şəhid olublar.
Qarabağın azadlığı uğrunda şəhid olan İlham Mahmud oğlu Əhmədov 1973-cü il oktyabrın 10-da Gözbarax kəndində dünyaya göz açmışdı. Ailədə dörd uşaq olmuşdular. İlham Əhmədov 1988-ci ildə kənddəki orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Qax rayonundakı peşə məktəbində oxuyub. 1989-1990-cı illərdə kolxozda işləyib. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Vətən qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirdikdən sonra doğmalarının yanına qayıdıb. Həmin günlər torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər gedirdi. İlham da təcrübəli əsgər kimi vuruşmaq üçün Ağdam rayonuna yollandı. Təəssüf ki, onun döyüş yolu uzun çəkmədi. Daim ön sıralarda vuruşan İlham Əhmədov 1992-ci ildə Qazançılar kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu. İndi onun ruhu şaddır. Çünki bir zamanlar uğrunda vuruşduğu Qazançılar kəndi erməni işğalçılarından azad olunub.
Arif İsmayıl oğlu Ramazanov 1 yanvar 1973-cü ildə Gözbarax kəndində anadan olmuşdu. 1992-ci ildə yaşıdları ilə bərabər ordu sıralarına çağırılmışdı. Bir müddət təlim keçib silahların sirlərinə, döyüş vərdişlərinə yiyələndikdən sonra onların bölüyünü Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətinə göndərmişdilər. Arif pulemyotçu idi. Bu silahın sirlərinə dərindən yiyələndiyinə görə həmişə hədəfi dəqiq vururdu. Güllələri erməni işğalçılarının üzərinə dolu kimi yağdırırdı. Qəsbkarlar onun atəşlərindən yayına bilmirdilər. 1992-ci il oktyabrın 8-də 19 yaşında erməni işğalçılarının növbəti hücumlarını dəf edərkən Arif Ramazanov son nəfəsinədək qəhrəmancasına vuruşaraq şəhid oldu.
Nail Sərfəddin oğlu Musayev 5 aprel 1971-ci ildə Gözbarax kəndində doğulmuşdu. Kənddəki orta məktəbdə 8-ci sinfi bitirdikdən sonra sürücülük məktəbində təhsilini davam etdirmişdi. 1989-cu ildə keçmiş ittifaq ordusunda xidmətə çağırılmışdı. Əsgəri borcunu Xabarovsk şəhərində yerinə yetirmişdi. 1991-ci ildə Vətənə dönəndə Qarabağ ətrafında qanlı hadisələr başlamışdı. Erməni qəsbkarları Azərbaycanın əbədi-əzəli torpaqlarını ələ keçirmək üçün bu gözəl diyarın kənd və şəhərlərinə hücum edir, evləri yandırır, sakinləri amansızcasına qətlə yetirirdilər. 1992-ci ildə vəziyyət daha da gərgin xarakter almışdı. Həmin günlər ürəyi Vətən eşqi ilə döyünən Nail Musayev könüllü olaraq döyüşlərə yollandı. Qubadlı rayonunda vuruşdu, döyüşdən-döyüşə təcrübə və səriştəsini artırdı. 1994-cü ildə Nail artıq Füzuli rayonunun Qaraxanbəyli kəndini işğalçılardan qoruyurdu. Onun son döyüşü də elə həmin il may ayının 2-də bu yaşayış məntəqəsi uğrunda olmuşdu. Özünə daha əlverişli döyüş mövqeyi seçmək istərkən düşmən onu snayperlə vurmuşdu.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan oğulların xatirəsi həmişə əziz tutulur, hörmət və ehtiramla xatırlanırlar. Çox yaxşı deyiblər ki, "Şəhidlər ölməz, Vətən bölünməz". Böyüməkdə olan nəsillər zaman-zaman igidliyi, qəhrəmanlığı bu cəsur oğullardan öyrənəcəklər, onları həmişə böyük ehtiramla xatırlayacaqlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"