Asiya ilə Avropa arasında təhlükəsiz ticarət şəbəkəsi yaratmağı hədəfləyən mühüm geoiqtisadi təşəbbüslərdən biri olan Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) risklərin artdığı, təchizat zəncirlərinin yenidən formalaşdığı və ticarət dəhlizlərinin artıq strateji əhəmiyyət qazandığı bir dövrdə vacibliyi daha da artır. Davamlı həllər tapılmadığı təqdirdə, təchizat zəncirlərində çökmələr, Asiyadan aralıq məhsulların və enerji resurslarının idxalında gecikmələr, eləcə də xərclərin artması qaçılmaz olacaq. Bu risklərin ticarət və enerji təhlükəsizliyinə, inflyasiyaya və iqtisadi artıma mənfi təsirləri diqqətlə izlənilməlidir. Sözügedən mənfi təsirlərin minimuma endirilməsi baxımından Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığının, xüsusilə də Orta Dəhlizin səmərəli fəaliyyəti istiqamətində atdığı addımların əhəmiyyəti çox böyükdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Fatih Sultan Mehmet Vəqf Universitetinin İqtisadiyyat fakültəsinin rəhbəri, Qlobal Əməkdaşlıq İnstitutunun və İqtisadi Araşdırmalar Forumunun elmi tədqiqatçısı Bilal Bağış səsləndirib.
Hazırda cənub istiqamətində qlobal ticarətdə iki böyük əngəlin mövcud olduğunu xatırladan ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Asiya-Avropa ticarətində ciddi məhdudiyyətlər yaranıb. Orta Dəhliz məhz bu məqamda əsas alternativə çevrilib. Bununla yanaşı, qlobal təhlükəsiz ticarət dəhlizlərinin axtarışı fonunda Türkiyə də daha çox ön plana çıxır. Türkiyənin coğrafi mövqeyi strateji alətə çevrilir. Orta Dəhlizin səmərəli fəaliyyət göstərməsi Türkiyənin tranzit gəlirlərini, liman, logistika və anbar infrastrukturlarına tələbatı da artıracaq.
“Orta Dəhliz əsasən Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Türkiyə-Avropa xəttini işə salaraq dəniz daşımalarındakı sıxlığın avtomobil yolları, dəmir yolları və bərə daşımalarının kombinasiyası hesabına qismən kompensasiya edilməsinə imkan verir. Bu məqamda isə Xəzər dənizi və Cənubi Qafqaz marşrut üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan coğrafi mövqeyi, möhkəmləndirdiyi nəqliyyat infrastrukturu və enerji yatırımları sayəsində Orta Dəhlizin ən mühüm tranzit ölkələrindən biri olmaqla, təbii logistika körpüsü rolunu oynayır. Son dövrdə TRIPP layihəsinin irəli sürülməsi, Xəzər dənizi vasitəsilə daşınan yüklərin həcminin artırılması üçün infrastrukturun yaradılması, rəqəmsal nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və qlobal dəyər zəncirlərinə sürətli inteqrasiya bu marşrutun rəqabət qabiliyyətini daha da artıracaq”, - deyə o əlavə edib.
Bilal Bağış vuğulayıb ki, Orta Dəhlizin fiziki infrastrukturunu gücləndirən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində tətbiq olunan rəqəmsal gömrük tarifləri, yeni logistika mərkəzləri və sərhəddən keçidlərin asanlaşdırılması Azərbaycanın bu istiqamətdə əsas töhfələri kimi önə çıxır. TDT çərçivəsində gömrük prosedurlarının uyğunlaşdırılması və rəqəmsal logistika həlləri kimi təşəbbüslər daşımaların xərclərini azaltmaqla və sürətini artırmaqla rəqabətliliyi də artırır.
“Azərbaycanın Türkiyə istiqamətindəki dəmir yolu, yeni avtomobil yolları və liman infrastrukturu layihələri də Orta Dəhliz vasitəsilə daşınacaq yüklərin Avropaya təhlükəsiz çatdırılmasını təmin edəcək. Bütün bu transformasiya prosesində Türkiyənin bu istiqamətdə infrastruktur yatırımlarını mövcud böhranlardan əvvəl başa çatdırması da mühüm əhəmiyyət daşıyır. Xüsusilə enerji idxalının şaxələndirilməsi və öz enerji təhlükəsizliyini riskə atmadan tranzit rolunu yerinə yetirə bilməsi vacibdir.
Orta Dəhlizin institusional çərçivəsini formalaşdıran TDT üzvləri arasında nəqliyyat və logistika əməkdaşlığı onu sadəcə bir marşrut olmaqdan çıxararaq, regional iqtisadi inteqrasiya layihəsinə çevirir. TDT-nin üzv ölkələr arasında standartların uyğunlaşdırılmasını asanlaşdırması, nəqliyyat, logistika və gömrük sahələrində ortaq siyasətlərin formalaşdırılması kimi addımlar sərhəd keçidlərini sürətləndirə və birgə investisiya layihələrini asanlaşdıra bilər”, - deyə tədqiqatçı bildirib.