Dekabrın 18-də Azərbaycanın baş prokuroru Kamran Əliyev Türk Ədliyyə Təlim Şəbəkəsinin “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransının iştirakçıları ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasından gələn konfrans iştirakçılarına tarixi bağları və ortaq dəyərləri olan qardaş və dost türk dövlətlərinin müxtəlif qurumları, o cümlədən prokurorluq və ədliyyə orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda aparılan sürətli bərpa və quruculuq işləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə 2022-ci il dekabrın 11-də İstanbulda üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyalarını, müşahidəçi statusunda isə Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını özündə birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin təsis edilməsinin həmin istiqamətdə atılan mühüm addımlardan biri olduğu vurğulanıb.
Şəbəkənin üzv ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcəyi və effektiv fəaliyyət göstərmələrinə imkan verəcəyi qeyd olunub.
Kamran Əliyev böyük coğrafiyanı əhatə edən Türk dünyasının hüquq-mühafizə orqanlarının akademik dairələri arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçirilmiş konfransın müasir zamanın tələblərinə uyğun hüquq tətbiqetmə sahəsində rəqəmsallaşma üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Baş prokuror cari ildə ölkəmizdə keçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası - COP29, həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksəksəviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının uğurla keçirildiyini bildirib.
Konfrans iştirakçıları dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinə böyük önəm verdiklərini qeyd edib, peşəkar platformada, o cümlədən elm-tədris sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.
Konfrans iştirakçıları Baş Prokurorluğun Tarix muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.