Münaqişələr davam etməkdə, minlərlə insan
isə doğma yurduna qayıtmaq arzusunda qalmaqdadır
Nə qədər ki, dünyada müharibələr, təqibolunmalar,
təcavüzlər, hüququ tapdalananlar var, insanlığa laqeydlik mövcuddur, qaçqınlıq-köçkünlük
də olacaq. Bu insanların müxtəlif irq və
dinlərə mənsub olmaları da o qədər əhəmiyyət kəsb etmir. Planetin hər tərəfində
rast gəlinən bu insanların daha çox müsəlman aləmindən olması da hamıya məlumdur.
Məcburi köçkünlər öz həyatlarını qorumaq
və azadlıq naminə, qaçqınlar isə yad bir ölkəyə üz tutmaqla (məcburi, yaxud öz xoşları
ilə, fərqi yoxdur) qeyri-müəyyən gələcək üçün çox vaxt hər şeylərini - evlərini,
mülklərini, ailələrini və vətənlərini tərk edirlər. Onların acınacaqlı vəziyyəti
bu günün ən böyük faciələrin-dəndir. Həmin şəxslərin müqəddəratı isə insan hüquqlarını
müdafiə problemi kimi bəşəriyyəti narahat etməlidir. Təəssüf ki, illərdən bəridir
ki, (əslində isə ictimai quruluşun ilkin formasından indiyədək bu proses davam etdirilib,
yəni qaçqın-köçkünlük qaçılmaz olub) insanlar siyasi iğtişaşların, birinin digəri
üzərində hakimi-mütləqliyin qurbanlarına çevrilməkdədir.
Qaçqınlar öz günahları ucbatından deyil,
özgələrinin iddiasından yaranan məşəqqətli bir həyat sürməli olublar və min təəssüflər
ki, bu gün də, dünyanın, az qala, bütün qütblərində qaçqınlıq-köçkünlük problemi
bəşəri fəlakət həddinə çatıb. Onların aralarında
bütün ixtisas və peşələrə malik olanlar vardır: müəllimlər, hüquqşünaslar, alimlər,
siyasətçilər, ixtiraçılar, fermerlər və digərləri.
Dünyanın məşhurları da qaçqın olublar...
Dünyadakı məşhurların arasında da qaçqınlar
az olmayıb. Albert Eynşteyn, Ziqmund Freyd, İspaniyanın sabiq baş naziri Flipp Qonsales,
Portuqaliyanın prezidenti Mariu Soareş, Flippinin dövlət başçısı Korason Akino kimi
dünyanın ən məşhur siyasi və dövlət xadimləri, alimləri də bu sıraya daxildir. Mixail
Barıkin, Marlen Ditrix, Aleksandr Soljenitsın, Bertold Brext, Sun Yat-Sen, Rixard
Vaqner, Vüktor Hüqo, Cüzeppe Qaribaldi və Vladimir Nabokovun da həmin kateqoriyaya
daxildirlər.
2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun
tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Qətnamənin
qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin
acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını
almaq olub. Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü ölkəmizi dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkələrindən birinə
çevirib.
Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər
tərəfindən soyqırımına məruz qalıb, 250 mindən çox etnik azərbaycanlı Ermənistandakı
tarixi torpaqlarından qovulub Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə
Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq
tapıb.
Ermənistan Dağlıq Qarabağın azərbaycanlılar
yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli
hadisələrindən biri törədilib - 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri
bir gecədə darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində
Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan,
həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən
700 minədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın
62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı
həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının bu ilin əvvəlinə olan məlumatına görə, 4009 Azərbaycan
vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan
56-sı uşaq, 327-si qadın, 364-ü qocadır. Azərbaycan vətəndaşlarından 1409-u erməni
əsirliyindən azad edilib. İtkin düşmüş vətəndaşlardan 877-nin əsir, yaxud girov
götürülməsi faktı beynəlxalq təşkilatlardan, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsindən
gizlədilib. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın
və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilib.
Hazırda Azərbaycanda 1 milyondan çox qaçqın,
məcburi köçkün həyatını yaşayan şəxs var.
Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin
həllini hər zaman bir nömrəli vəzifəsi hesab edib. Bu problemlərin həlli istiqamətində
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb
edib. Ümummilli Liderin 1993-2003-cü illərdə problemin siyasi yolla həlli istiqamətindəki
fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin
ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub. Ulu Öndərin
1998-ci ildə qəbul etdiyi Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli
üzrə uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial
müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr
salınmağa başlanılıb.
Azərbaycanda
məcburi köçkünlərə dövlət
qayğısı ən yüksək səviyyədədir
2003-cü ildən başlayaraq Prezident İlham
Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirib. Ötən
illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həlli üçün böyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası
daha da artıb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin proqrama
2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiq olunmuş
əlavələrin icrasında uğurlu işlər görülüb.
Fəaliyyətə başladığı ilk gündən etibarən
Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin
dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə diqqətlə yanaşır. Ölkənin
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə yaradılmış "Azərbaycan” portalı bu baxımdan olduqca böyük əhəmiyyətə
malikdir. Portalda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından
bəhs edən məlumatların yerləşdirilməsi dünya ictimaiyyətinin erməni vəhşilikləri
ilə yaxından tanış olmasına şərait yaradır.
Bütün
məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar
Doğma yurdlarını, ev-eşiklərini Ermənistanın təcavüzkar siyasəti nəticəsində
itirməyə məcbur olmuş bir milyondan artıq
vətəndaşımızın sosial həyat şəratinin yaxşılaşdırılması
istiqamətində bir sıra qanunlar qəbul edilmiş, dövlət başçısının sərəncamları ilə
yeni yaşayış massivləri salınmış, onların
mənzil problemlərinin həlli diqqətdə saxlanmışdır. Bakının Qaradağ rayonunda
məcburi köçkünlər üçün salınmış "Qobu Park-3” yaşayış kompleksinin bu il mayın 28-də açılışı zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısı İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya təməli ötən ilin iyulunda qoyulan kompleksdə
yaradılan şərait barədə məlumat verərkən bildirdi ki, sifarişçisi "Paşa Holding”,
podratçısı isə "Kristal Abşeron” MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən
"Qobu Park-1” və "Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün
bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Dövlətimizin başçısı həmin tədbirdə bir daha
qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən
bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik: "2016-cı və
2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan
azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq
digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq
Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi
orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar. Bəzən belə fikirlər
səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya
bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar,
necə ki, Cəbrayıl köçkünləri...”
Yeni
köçkün şəhərcikləri salınır...
Keçən il məcburi köçkünlərə verilən müavinətin
həcmi 50 faiz artmışdır. Hər bir məcburi köçkün uzun illərdəki dövlət tərəfindən
aylıq müavinətlə təmin edilir. Dünyada bir neçə ölkədə məcburi köçkünlər vardır.
Həmin ölkələrin sayı artır. Çünki müharibələr, toqquşmalar genişlənir, yeni köçkün
şəhərcikləri salınır. Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter
daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər.
Ölkədə həyata keçirilən dövlət siyasətinin
əsas istiqamətlərindən biri də Ermənistanın təcavüzkar siyasəti nəticəsində doğma
yurdlarını, ata-baba torpaqlarını, bir sözlə, gözəl həyatlarını itirərək qaçqın
və məcburi köçkünlərə çevrilmiş soydaşlarımızın sosial problemlərinin həllidir.
Bununla bağlı dövlət başçısı tərəfindən ümumilikdə 2004-2019-cu illər ərzində
75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər
nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət
şəraiti yaxşılaşdırılıb.
Azərbaycan Prezidenti 2003-cü ildə prezident seçkiləri ərəfəsində seçicilərinə verdiyi vədləri bir daha xatırlamaqla, ötən illər ərzində mümkün görülən işlərə aydınlıq gətirmişdi: "... Söz vermişdim
ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və
nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin
demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız
vəziyyətdə yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında,
çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması hesab edirəm ki, bizim
çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb. Son bir
neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürür. Son 4-5 il ərzində
neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinin şahidi olmuşuq. Buna baxmayaraq,
məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir
proqramın ixtisarı nəzərdə tutulmur. Keçən il məcburi köçkünlər üçün rekord sayda
evlər-mənzillər tikildi - 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə
də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna
nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə
təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır.
Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüququn norma və prinsipləri və bu sahədə qəbul edilmiş sənəd və qərarlar
əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar
aparılır. Dövlət orqanlarından, beynəlxalq təşkilatlardan alınan müvafiq təkliflər
əsasında "Böyük Qayıdış” proqramının layihəsinin hazırlanması üzrə işlər davam etdirilir.
Bu, həm işğal olunmuş ərazilərə dəymiş ziyanın dəqiq hesablanmasına, həm torpaqlar
işğaldan azad ediləndən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlamağa imkan
verəcək.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”