Belarusun İqor Sergeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə Avtomobil Zavodunda olmuşdur.
Qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, İB-nin direktoru Amin Əliyev müşahidə etmişlər.
Gəncəyə səfər çərçivəsində qonaqlar əvvəlcə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin balansındakı 240 yerlik körpələr evi-uşaq bağçası ilə tanış olmuşlar. Bildirilmişdir ki, 1989-cu ildə inşa edilən və 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan binanın ümumi sahəsi 13 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanmış, burada yaşıllıq zolağı salınmışdır. Həyətdə yay çardaqları, əyləncə və oyun avadanlıqları quraşdırılmışdır.
Sonra nümayəndə heyətinin üzvləri zavodun istehsal sahələri və yığım xətləri ilə tanış olmuşlar. Xanlar Fətiyev qonaqlara müəssisənin fəaliyyəti, istehsal imkanları və Belarus müəssisələri ilə əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri zamanı imzalanmış ikitərəfli əməkdaşlıq sənədlərindən sonra Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Minsk Traktor Zavodu, Minsk Avtomobil Zavodu və digər Belarus müəssisələri arasında uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələri formalaşmışdır.
Müəssisəyə baxış zamanı qonaqlar Azərbaycan-Belarus əməkdaşlığı çərçivəsində istehsal olunan kommunal təyinatlı avtomobillərin yığım prosesinə baxmışlar. Məlumat verilmişdir ki, həmin avtomobillərə quraşdırılan konteyner hissələri 100 faiz yerli istehsaldır. İndiyədək 120 kommunal avtomobil yığılıb. Cari il noyabrın 15-dək daha 50 avtomobilin yığılaraq sifarişçilərə təhvil verilməsi nəzərdə tutulur.
İkitərəfli görüşdə Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının prioritet istiqamətlərindən biri olan Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə MTZ, MAZ və digər Belarus müəssisələri arasında əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə edilmişdir. Vurğulanmışdır ki, təxminən 20 illik əməkdaşlıq dövründə Gəncə Avtomobil Zavodunda 16 minə yaxın kənd təsərrüfatı texnikası, 5 mindən çox avtomobil və digər texnikalar yığılmışdır.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri, mövcud əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”