Oktyabrın 8-11-də BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Albaniya Respublikası tərəfindən implementasıyasının II mərhələ dəyərləndirilməsində BMT-nin Narkotiklər və Cinayətkarlıq əleyhinə Ofisinin Katibliyinin dəstəyi ilə həmüzv ölkələrin - Azərbaycan və Liberiyanın qiymətləndirməsi həyata keçirilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev dəyərləndirici ekspert qismində nümayəndə heyətinin tərkibində Albaniya Respublikasının dövlət idarəçiliyi və korrupsiyaya qarşı mübarizə üzrə naziri xanım Adea Pirdeni tərəfindən qəbul edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan sonra azərbaycanlı ekspertin daxil olduğu nümayəndə heyəti həmin ölkənin Baş Prokurorluğu, Ədliyyə, Daxili İşlər, Təhsil və Maliyyə nazirlikləri, Korrupsiyanın Qarşısının Alınması üzrə Baş Direktorluğu, İnformasiya və Data Mühafizəsi üzrə Müvəkkili, Dövlət Xidmətləri üzrə Agentliyi, Dövlət Qulluğu üzrə Agentliyi, Maliyyə Kəşfiyyatı və digər qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirib.
Görüşlərdə korrupsiyanın qarşısının alınması, o cümlədən korrupsiya əleyhinə dövlət və institusional strategiya proqramlarının icrası, antikorrupsiya qurumlarının gücləndirilməsi, dövlət və özəl sektorunda işləyən şəxslərin dürütslüyünün təmin edilməsi üzrə etik davranış, hədiyyələr, maraqlar toqquşmasının qarşısının alınması qaydaları və digər məsələlərə dair ekspertlərin sualları cavablandırılıb.
Əlavə olaraq Albaniya tərəfi korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərin qaytarılmasında üzərinə götürdüyü öhdəliklərin icrası barədə məlumat verib.
Görüşün nəticələri üzrə Azərbaycan və Liberiya ekspertlərinin birgə hesabatı hazırlanaraq BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının üzv dövlətlərinin iclasına çıxarılacaq.