29 Noyabr 2023 09:00
943
İQTİSADİYYAT
A- A+

Bakıdan Zəngəzura...

 

- 158 km yol, 22 tunel, 23 körpü necə inşa olunur?
- "Murovdağ" dünyanın ən uzun tunelləri sırasına necə düşdü?
- 3260 metr hündürlükdəki dağ zirvəsinin altından 23,4 km-lik ikihissəli tunel gecə-gündüz necə qazılır?

 

Qarın, şaxtanın məmləkətdə ən tez düşdüyü Murovun sərt keçidli aşırımı ilə dağ silsiləsinin  zirvəsinə doğru qalxırıq...
Yolsuzluqdan avtomobil kəskin boranlı, küləkli havanın müqavimətini çətinliklə dəf edir. Buz bağlamış dolanbacların təhlükəsi hər addımbaşı özünü göstərir...
Bura Ömər aşırımıdır...
Savaş tariximizin ən faciəli olaylarında adının qara xətlə keçdiyi "ölüm aşırımı..."
30 il öncə minlərlə kəlbəcərlinin həm xilas yolu, həm də onların xeylisini Murov uçqunlarına izsiz-tozsuz sürükləyən aşırım...
İlin demək olar bütün fəsillərində ağappaq örpəyə bürünən bu aşırımın hər qarışındakı qara zülmət izləri Azərbaycan boyda bir ürəyin 27 illik yarası oldu...
27 il dəhşətlə anılan bu matəm yolu artıq 3 ildir quruculuğunun miqyası ilə düşməni dəhşətə salır, düşmənin arzularının matəm yoluna çevrilir... 
Bura Ömər aşırımıdır - artıq bizi təşvişə, kədərə bürüyən yox, sevindirən, qürurlandıran, Zəfərin əsl mahiyyətini anladan bir yol...

 

Azərbaycanın yenidən dirilişi

İlham Əliyev Zəfər Komandanıdır, qüdrətli Liderdir. Ancaq həm də hərbdən siyasətə, iqtisadiyyatdan mədəniyyətə bütün sahələrdə mənəvi rəmzlərə, psixoloji məqamlara böyük önəm verən, həm də onu yaradan dahidir...
Qarabağ və Şərqi Zəngəzurda İlham Əliyevin şəxsi təşəbbüsü ilə həm işğalın, həm də Zəfərin real simvolları qurulur. İşğal muzeylərinin yanında olacaq Zəfər muzeyləri, əslində, genişmiqyaslı quruculuq və tikintilərin kiçik modelləridir. 
Hər kənddə, hər şəhərdə Zəfərin möhtəşəm izləri yaradılır. Bunlar, əlbəttə ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın inkişaf, quruculuq dinamikasının adekvat təsirləridir. Ancaq həm də, - bəlkə daha çox, - məhz İlham Əliyevin dünyaya verdiyi Zəfərin mənəvi-psixoloji mesajıdır!..
16.460 kv.km-lik ərazi - Qarabağ və Şərqi Zəngəzur bölgəsi Qafqazın ən böyük tikinti meydanına çevrilib, burada dünyanın "ən", "ilk" kateqoriyalı infrastrukturları qurulur. Bunlar Azərbaycan insanı naminədir - rahat, firavan yaşaması üçün...
Bu həm də millətin, Azərbaycanın yenidən Dirilişidir... 
Düşmənin adi göz müşahidəsi ilə gördüyü Laçın şəhərində, Zabuxda cəmi 5-6 aya ərsəyə gətirilən yüzlərlə mənzil, infrastruktur, hər həftə buraya onlarca ailənin köçü sadəcə Qayıdış demək deyil...
Dünya İlham Əliyevin "Biz burdayıq, biz öz yurdumuzdayıq, biz əbədi burada olacağıq!" çağırışını aydın eşidir...
Öz xalqı isə İlham Əliyevdən "Biz bunu bacardıq, biz hələ daha böyük Zəfərləri, qayıdışları gerçəkləşdirəcəyik!" mesajını altlı-üstlü bütün mətləbləri ilə dəqiq alır...
Və ayağını Azərbaycan torpağına daha bərk basır!..
O torpağa ki onun vüsalı ilə 30 il məşəqqətlər yaşadıq, uğrunda minlərlə gəncimiz canını fəda etdi...
O torpağa ki əsrlərboyu ovcunda sıxsan, daim müqəddəs şəhid qanı damacaq...

 

Müasir Fərhadlar

Görüşünə getdiyimiz Kəlbəcər və Laçında da İlham Əliyev belə möhtəşəm quruculuq işlərinə müəlliflik edir...
...Ömər aşırımının buz bağlamış sərt dolayları nə qədər narahatçılıq, çətinlik yaratsa da, əsla təhlükəli saymırıq. Çünki ətrafımızda həyat və iş qaynayır... Ömər aşırımınadək və ondan sonra bütün yolboyu şaxtanın ayazına baxmadan, dayanmadan çalışan minlərlə işçi heyəti, nərilti ilə gedən yüzlərlə ağırtonnajlı yük maşınları insanı fərəhləndirən canlanma yaradır. 
Burada əksər dövlət qurumlarının təmsilçiləri fəaliyyətdədir. Energetiklər, suçəkənlər, ekoloqlar, kartoqraflar, tibb, rabitə və digər sahələrin mütəxəssisləri, ən əsası isə Müdafiə və Daxili İşlər nazirliklərinin, Sərhəd Xidmətinin əməkdaşları xidmət çəkirlər. Hər birinin işi digərinin əməyini birbaşa tamamlayır, yüngülləşdirir, səmərəli edir. Burada vahid komanda sistemi ilə mütəşəkkil fəaliyyət yaradılıb.
Bu nailiyyət üç il öncə Prezident sərəncamı ilə təsis olunan Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının effektiv fəaliyyətinin real nəticəsidir...
Səfərboyu ünsiyyətdə olduğumuz müxtəlif peşə sahiblərinin isə hamısı bir rəydə həmrəy idi: əgər bu ərazilərdə ilkin yollar təmir olunmasa, yeniləri çəkilməsəydi, fəaliyyət istənilən səviyyədə olmazdı. Hər biri böyük qədirbilənlik və minnətdarlıqla, dost təəssübkeşliyi və səmimi zarafatları ilə yol işçilərinə ehtiramlarını bildirirdilər. Bütün əziyyəti unutduran münasibət idi bu... 
Kəlbəcər və Laçın dağlarını dələn müasir fərhadların külüngü, əlbəttə ki, indi innovativ və yüksək texnoloji əsaslıdır, amma əsas odur ki, fədakarlıqları, zəhmətləri, hədəfə nail olma əzmləri əsatirdəkilərdən də güclü, daha inadlıdır...
Bələdçimiz Əyyub Hüseynov Kəlbəcərdəndir, I Qarabağ savaşının veteranıdır. Beynəlxalq layihələrdə 20 illik təcrübəsi ilə ixtisaslaşıb, peşəkar yol inşaatçısı olaraq, xeyli nəqliyyat infrastrukturlarında kamil mütəxəssis imzasını qoyub. Zəfərdən dərhal sonra Şuşaya çəkilən Zəfər yolundan başlayaraq, Zəngəzur dəhlizi istiqamətindəki çoxşaxəli yollarda, həmçinin Bərdədən Ağdama, Xocavəndə, Füzuliyə uzanan, Toğanalıdan Laçınadək gedən yeni qələbə yollarında keyfiyyətə texniki nəzarəti həyata keçirir.
Kəlbəcərə, Laçına salınan yolun maraqlı tarixçəsi var. 
10 noyabr üçtərəfli Bəyanatından sonra artıq bu rayonların ermənilər tərəfindən boşaldılması aydın idi. Qələbədən cəmi bir həftə keçmiş Şuşaya Zəfər yolunun təməlini atan Prezident Avtomobil Yolları Dövlət Agentliyinə bütün istiqamətlər üzrə, o cümlədən Kəlbəcər və Laçına yeni yolların çəkilməsinə başlamaq göstərişi verir. İlham Əliyev tapşırığının mahiyyəti də hamıya məlumdur: qısa müddətdə layihələndirilmə aparılmalı, tez zamanda yol çəkilişinə başlanılmalı, məsuliyyətli icraçılıqla keyfiyyətli iş təcili yekunlaşdırılmalıdır.
Əyyub Hüseynov xatırlayır ki, 2020-ci ilin noyabrından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bütün qüvvəsini Qarabağa və Şərqi Zəngəzura səfərbər edir: "Prezident tapşırığı təcili icra olunmalı idi. Zəfər yolu ilə paralel digər istiqamətlər üzrə layihələndirmə başlamışdı. Kəlbəcərin azadlığa çıxdığı gün - 25 noyabrda artıq "Azəravtoyol" Ömər aşırımında idi və elə həmin gündən də işə başlanıldı. Aşırımın bərpası qısa müddətdə həyata keçirildi. Dekabrda isə artıq Kəlbəcərə layihələndirmə işçi heyəti gəldi. 2021-ci ilin ilk aylarından etibarən Toğanalıdan Kəlbəcərə, oradan da Laçına uzanacaq yol şəbəkəsinin qurulması ilə bağlı işlərə start verildi. Saleh Məmmədovun rəhbərliyi ilə heyətimiz səhər Şuşada, günorta Kəlbəcərdə, axşam Zəngilanda olurdu və bu rejim hər gün təkrarlanırdı. Gecələmək üçün nəinki daldalanacaq, heç elektrik, su yox idi, uzaqdan gətirilən yeməyi sədr, mühəndislər, fəhlələr birgə yeyirdik. Necə ki savaş anında zabit də, əsgər də eynidir, hamısı döyüşçüdür, bizim "döyüşümüzdə" də rəhbər və fəhlə söhbəti, ayrılığı yox idi, elə indi də yoxdur! Bunlar bizə zərrə qədər də çətinlik, problem kimi gəlmirdi, bu işin məsuliyyətinin şərəfi bizə yetərli idi. İndiyədək mövcud olmayan istiqamətdə yol, özü də Zəfər yolu çəkirdik - bu, nəyə desən dəyərdi..."


Zəfər yollarında  İlham Əliyev imzası

Kəlbəcərə, Laçına çəkilən yol, salınan tunellər barədə Azərbaycanda hamı məlumatlıdır. Dünyanın ən yaxşıları sırasına indidən möhürünü vuran bu layihələr haqlı olaraq qürur mənbəyimizdir. Ancaq etiraf edək ki, bu nəhəng infrastruktur barədə bilgilərimiz yetərincə deyil. Elə isə Bakıdan Kəlbəcərə, oradan isə Laçına gedən, Zəngəzuradək uzanan yollar və tunellər barədə detallara varaq...
Göygöldən Zəngəzur sərhədlərinədək uzanan 158 km-lik yol şəbəkəsi 22 tunel, 23 körpüdən ibarətdir və iki hissədən - Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarından təşkil olunur. 
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinə 23 iyul 2021-ci ildə başlanılıb. Magistral yolun üzərində yerləşən nəhəng Murovdağ tunelinin təməli isə İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulub. Həmin gün Kəlbəcər-Laçın avtomobil yolundakı ilk tunelin inşasına da start verilib. 
Xatırladaq ki, əraziyə Ömər aşırımı ilə gələn Prezident "Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq" söyləmişdi. 
"Biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq" mesajı ilə  bütün dünyaya səslənən 
İlham Əliyev yeni layihənin və tunellərin əhəmiyyətini də çox düzgün dəyərləndirmişdi: "Bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, - eyni zamanda Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq. Bu tunel çox rahat və təhlükəsiz bir yol olacaq".
Ümumiyyətlə, yol infrastrukturu Prezidentin Qarabağ və Şərqi Zəngəzurun quruculuq strategiyasında əsas prioritetlərdəndir. İlham Əliyevin göstərişi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hələ Vətən Savaşının ilk günlərində - 2020-ci ilin oktyabr ayında yenidənqurulmasına başlanılan və uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu cəmi bir il sonra - 2021-ci il oktyabrın 3-də istismara verildi. 
Bu silsilədə ən əlahiddə hadisə isə Zəfər yolu idi.  2020-ci il noyabrın 16-da İlham Əliyev tərəfindən təməli qoyulan və uzunluğu 101,5 km olan Zəfər yolu cəmi bir il sonra - 2021-ci il noyabrın 7-də istifadəyə verildi. 
İndiyədək bu bölgələrdə icra olunan 21 layihədən ümumi uzunluğu 186.3 km təşkil edən 5 avtomobil yolu layihəsi uğurla yekunlaşıb. 

 

Yol inşaatçılarının şah əsəri - Murovdağ 

Bir məqamı da xatırladaq ki, Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yolları layihələri Prezidentin daim diqqət mərkəzindədir. Özü mütəmadi olaraq layihələrin durumu ilə maraqlanır, həm tunel, həm də yol infrastrukturu ilə bağlı tapşırıqlarının icrasını şəxsən yoxlayır. Ötən il iki dəfə - iyunun 26-da və sentyabrın 21-də, həmçinin cari ildə də iki dəfə - mayın 27-də və avqustun 25-də bu avtomobil yollarında, tunellər tikintisində görülən işlərlə tanış olub.
Qardaş Türkiyənin dünyaca məşhur "CENGİZ İnşaat Sənaye və Ticarət" şirkəti tərəfindən subpodratçı olaraq inşa olunan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Rayonun əksər yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edən yol 82 km uzunluğa malikdir və 2, 3, 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. 
Yolun uzunluğu Toğanalı-Kəlbəcər istiqamətində 56 km, Kəlbəcər-İstisu üzrə 26 km təşkil edir. Yolda mövcud olacaq 5 tunelin ümumi uzunluğu isə 25,9 kilometrdir. 
İlk tunelə daxil oluruq. Füsunkar təbiət qoynundan 561,2 metr uzunluğunda modern nəqliyyat qurğusuna girərkən insan heyran qalmaya bilmir. 626,9 metrlik ikinci tuneldən sonra isə bu infrastrukturun şah əsəri - Murovdağ tuneli başlayır.
...Murovdağ tunelinə axşam saatlarında çatdıq. Girişdə ilk andan gərgin iş prosesi diqqəti cəlb edirdi. Məlumat verildi ki, burada, ümumiyyətlə, inşa olunan bütün tunellərdə fasiləsiz - 24 saatlıq iş prosesi tətbiq olunub. Növbəli qaydada işçi heyəti tuneldə çalışırdı. 
Tunel qazıntısının canlı şahidi olmaq, çoxşaxəli inşa prosesinin fərqli yönümlərini görmək, irəlidə qazıntı üçün törədilən partlayışların səsini eşitmək, dünyanın ən yaxşılarından sayılacaq tunelin tikintisini prosesin içindən müşahidə etmək insanda duyğusal ovqat yaradırdı... 

(Ardı var)

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan",
Bakı-Kəlbəcər-Laçın-Bakı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video