Yanvarın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış edərək 2023-cü ilin ölkə turizmin inkişafı üçün uğurlu il olduğunu və turizmin qeyri-neft sektorunun bir qolu olaraq xüsusi mərkəzə çevrildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin turizmə ayırdığı xüsusi diqqət və qayğı sayəsində bu sahənin yeni dövrə qədəm qoyduğunu söyləyən sədr deyib: “Prezident İlham Əliyev turizm sahəsini daha da inkişaf etdirir. Bu, turizm sahəsinin beynəlxalq aləmə inteqrasiyasını təmin edir”.
Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə almasaq, Azərbaycana səfər edən əcnəbilərin sayı son illər 3 dəfə artıb. Mehmanxana və mehmanxana tipli gecələmələrin sayında 8 dəfə artım müşahidə olunub.
Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov assosiasiyasının fəaliyyəti barədə danışıb. O qeyd edib ki, məhz Prezident İlham Əliyevin diqqəti və qayğısı turizmin inkişafına böyük töhfə verib. Onun sözlərinə görə, 2011-ci ildən sonra turizmin inkişafının yeni mərhələyə qədəm qoymuşdur. “Azərbaycanda bir çox beynəlxalq hotel brendləri təmsil olunur. Hazırda ölkəmizdə 757 hotel fəaliyyət göstərir”, - deyə o əlavə edib.
E.Əlimuradov diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə malik olan yerli kadrlar nəyinki Azərbaycanda, həmçinin bir çox xarici ölkələrdə yüksək vəzifələr tuturlar.
“2003-2019 Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfə artıb. 2019 etibarən pandemiya hotelçilik industriyasına böyük zərbə vurulub. Bir çox hotellər karantin hotellər kimi fəaliyyət göstərirdi. Postpandemiya dövründən sonra hotelçilik sahəsi yenidən canlanmağa başladı”, - deyə E.Əlimuradov bildirib.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasinın Baş katibi Tural Musayev bələdçilərin fəaliyyətinin turizmin inkişafına təkan verən əsas xidmət sektoru olduğunu qeyd edib. O bildirib ki, ötən dövr ərzində ölkəmizdə turizm bələdçilərin sayı 9 dəfə artıb.
Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribov səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlərindən söhbət açaraq, Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsinin əhəmiyyəti barədə danışıb.
Forum çərçivəsində turizm sənayesində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat qəbul edib. Bəyanatda dövlət başçısı tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunub.
Açılış mərasimindən sonra forum işini “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar” və “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözlənilər” adlı panel müzakirələrlə davam etdirib.