07 Mart 2023 01:06
614
Mədəniyyət
A- A+

Baharın ilk müjdəçiləri

 

Dünyada nə qədər xalq varsa, hər birinin özünəməxsus adət-ənənəsi, hər il xüsusi təmtəraqla qeyd etdiyi milli bayramları mövcuddur. Bu bayramlar oxşar və fərqli xüsusiyyətləri, bəziləri hətta qəribəlikləri ilə diqqəti cəlb edir. Ancaq əksəriyyətinin bəxş etdiyi bir duyğu var, bayramlar insanlara ruh yüksəkliyi, təbəssüm, sevinc gətirir. Qohumlar, qonşular bir-birlərini yada salır, hal-əhval tutur, bayramlaşırlar.
Ancaq Novruz bayramı bütün bayramlardan fərqlidir. Əvvəla, ona görə ki, bu bayramın müddəti bir və ya bir neçə gün deyil.

 

Təbiətin oyanışı

 

Bayram ovqatı bir ay boyunca duyulur. Çünki Novruz qışın axırıncı ayı, son mərhələsi sayılan Boz aydan başlayır. Fevralın 21-də Kiçik çillənin dövranını başa vurub yerini təhvil verdiyi Boz ay boyunca dəyişkən havalar hökm sürür. Xalq arasında "Alaçalpov" da deyilən bu ayın çərşənbələrinin hər birinin öz adı, özünəməxsus adət-ənənələri, mərasimləri var. Novruzdan əvvəlki dörd çərşənbə yaradılışın dörd mərhələsi ilə əlaqələndirilir. İlkinə Su çərşənbəsi deyirlər. Bu çərşənbədə keçirilən mərasimlər daha çox su ilə bağlıdır. İnanca görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar. Odur ki, gün doğmamış su üstünə gedib əl-üzünü yuyar, bir-birinə su çiləyər, su üstündən atlanarlar. 
Beləcə, yaradılışın dörd ünsüründən biri - su oyanır. Axa-axa öz dilində torpağa, daşa, havaya, Günəşə bahardan danışır. 
Boz ayda qeyd edilən ikinci çərşənbəyə xalq arasında xəbərçi çərşənbə, üskü çərşənbə, addı çərşənbə də deyilən Od çərşənbəsidir. Bu çərşənbədə qədim insanlar Günəşə, oda olan inamlarını tonqal qalamaqla ifadə ediblər. Alovun üzərindən tullanaraq bütün azar-bezarlarının odda yanmasını diləyiblər.
Əsən küləklərin nəfəsinə üçüncü çərşənbədən - Yel çərşənbəsindən sonra hərarət gəlir. Sonrakı çərşənbədə isə oyanmaq növbəsi torpağa çatır. İlaxır çərşənbə də adlandırılan Torpaq çərşənbəsi özündən əvvəlki çərşənbə bayramlarından daha təmtəraqlı keçirilir. Evlərdə şam yandırılır, xonçalar düzülür. Əkin-biçin yerlərində torpaq daşlardan təmizlənir, bağ-bağata əl gəzdirilir, həyət-baca səliqə-sahmana salınır.

 

Torpağın qara bürünmüş sinəsindən boylanan gül

 

Adətən çiçəklər açmaq üçün soyuq havaların sovuşmasını, təbiətə hərarət gəlməsini gözləyirlər. Ancaq novruzgülü torpağın qara bürünmüş sinəsindən də boy verir. Elə Novruz bayramı ərəfəsində açıldığına görə novruzgülü adlandırılıb. Bu gül planetin müxtəlif yerlərində bitir. Təxminən 20 növü var. Bütün növləri "Qırmızı kitab"a düşüb. Azərbaycan dağlarında ən çox üç rəngdə - göy, bənövşəyi və ağ rənglərdə novruzgülülər bitir.
Dünyanın bir çox ölkəsində aprelin 19-u Novruzgülü günü kimi qeyd olunur. O da məlumdur ki, aprel ayının adı latınca "aperire" sözündən götürülüb. Tərcüməsi "açmaq"dır. Belə deyilir ki, ilk çiçəklər apreldə açdığı üçün bu ayı belə adlandırıblar.
Orta əsrlərdə novruzgülü paklığın rəmzi sayılıb. Bu çiçəyi çox sevən ingilislərin belə bir rəvayətləri var ki, novruzgülü ətrafında olan evi yalnız pis ruhlardan yox, eyni zamanda bütün fəlakət və bədbəxtlikdən qoruyur. 
Azərbaycan folklorunda isə belə bir əfsanə var ki, novruzgülü ilə qızılgül əbədi sevgilidirlər. Novruzgülü yazın əvvəlində, qızılgül isə iki ay sonra açıldığı üçün bir-birini görə bilmirlər. Azərbaycan folklorunda belə inanc var ki, bu iki gülü bir-birinə çatdıran behiştlik olacaq.
Havalar isindikcə, Günəş Yer üzünə bol-bol hərarət bəxş etdikcə quşlar havada şövqlə uçur, nəğmələr oxuyurlar. Ancaq Novruz bayramından qabaq gələn, baharın gəlişinin müjdəsini verən quşlar da var. Deyirlər ki, hacıleyləklərin gəlişi bahar fəslinin ilk əlamətlərindəndir. Erkən geri dönən bu quşlar adətən öz köhnə yuvalarına dönürlər. Novruzu öz yuvalarında keçirirlər. Hacıleyləklər, əsasən Kiçik çillənin sonu, Boz ayın əvvəllərində təşrif gətirirlər. Onlar qayıdandan sonra havalar bir neçə günlüyə soyuyur, küləklər əsir. Xalq arasında buna "Leylək boranı" deyirlər və onu da söyləyirlər ki, gərək hacıleylək yumurtasının üstünə qar yağa. 
Qədim zamanlarda deyirdilər: "Hacıleyləklər yazın muştuluqçusudur". Bu quşların gəlişinə şadlanırdılar. İlk dəfə hacıleyləyi görən uşaqlar evə qaçır, böyüklərdən muştuluq istəyirdilər. Yaşlılar onlardan xəbər alırdılar: "Hacıleyləyin dimdiyində nə vardı?". Cavab sünbül olanda çox sevinirdilər. Ona görə ki, bu, bərəkər rəmzi sayılırdı.
Baharın ilk müjdəçilərindən biri də qaranquşlardır. Evlərin eyvanında, taxtapuşunda yuva quran bu quşların civiltisi eşidildikcə, sevinclə havada dövr etdikcə könüllərə bir rahatlıq gəlir. Qaranquşlar sanki quş dilində insanlara "Bahara az qalıb" deyirlər. Şanapipik, alacəhrə də qaranquşların səsinə səs verir. Köçəri quşlar bir-bir geri dönürlər. Ağaclar yaşıl donunu geyinir, çiçəklər açır. Təbiət bahara bürünür...

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video