Bu xəstəliyin əsas simptomları burun axması, ardıcıl asqırma və göz qaşınmalarıdır
Bahar öz gəlişi ilə birlikdə mövsümi allergiyaları da gətirir. Statistikaya görə, dünyada hər on insandan ikisi bu xəstəlikdən əziyyət çəkir və onların sayı gündən-günə artır.
Mart, aprel və may aylarında rast gəlinən allergiya ağacların çiçəklənmə dövründə tozlanmanın allergik reaksiyası nəticəsində insanlarda asqırma, burun axması, göz qaşınması və qızarması kimi şikayətlərə səbəb olur. Onu əksər hallarda respirator virus infeksiyaları ilə qarışıq salsalar da, mütəxəssislər bildirirlər ki, bu hallar allergik reaksiyanın nəticəsidir.
Mövsümi allergiya genetikdir
Mərkəzi Neftçilər Xəstəxanasının pulmonoloq-allerqoloqu Validə Vəliyeva deyir ki, orqanizmin xüsusi bir maddəyə qarşı cavab reaksiyası olan allergiya yalnız xəstəlik yox, həm də immunitet sisteminin zəifliyidir: "Yazda rinit, allergik konyuktivit, atopik bronxial astma və sair mövsümi xəstəliklərin kəskinləşməsi müşahidə edilir. Bu da dəridə qaşınmaya, qızartıya, səpkilərə, dəri quruluğuna, həmçinin burun axmasına səbəb olur. Mövsümi xəstəliklərin ən çox yayılmış növü allergik rinitlərdir. Xroniki rinit xəstələri çöldə özlərini yaxşı hiss etdikləri halda, ev şəraitində ağırlaşırlar. Belə xəstələrə yalnız yağışlı havalar müsbət təsir göstərir".
Həkim bildirir ki, mövsümi allergiyanı tamamilə müalicə etmək mümkün deyil: "Ancaq uzunmüddətli remisiya əldə etmək olar. Çünki o, genetik xəstəlikdir. Əgər xəstənin valideynlərindən biri allergik xəstədirsə, övladında 20-25 faiz, hər iki valideyndə bu xəstəlik varsa, 50-70 faiz özünü göstərir.
"Allergiyadan şikayəti olan xəstələr allerqoloqun nəzarəti altında olmalıdırlar. İlk növbədə dəri testləri aparılır. Sınaqlardan sonra xəstənin nəyə qarşı allergiyasının olması müəyyənləşdirilir və spesifik immunoterapiya məsləhət görülür. Daha sonra ona qarşı dərman preparatları ilə müalicələr aparılır. Onu da qeyd edək ki, allergik rinitin müalicəsi mövsüm vaxtı aparılmır. Mövsüm vaxtı heç sınaqlardan da istifadə etmək mümkün olmur. Çünki yaz mövsümündə allergiya daha çox baş qaldırır. Və bütün sınaqlar nəticəsiz olur. Buna görə də allergik rinit xəstələrinin müalicəsi soyuq havada aparılır", - deyə V.Vəliyeva qeyd edir.
Hipoallergen pəhrizə riayət edilməlidir
V.Vəliyeva qeyd edir ki, mövsümi allergiyalar zamanı mütləq hipoallergen pəhrizə riayət edilməlidir: "Bu zaman sitrus meyvələri, qoz, fındıq, balıq, rəngli tərəvəzlər, müəyyən ədviyyatlar, bal və yağlı şirniyyat məhsullarından istifadə məhdudlaşdırılmalıdır. Hipoallergen pəhrizə çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl başlanılmalıdır. Allergenlər qida rasiondan çıxarıldıqdan sonra şikayətlər də tam aradan qalxır".
Pulmonoloq-allerqoloq deyir ki, simptomlar bənzədiyi üçün mövsümi allergiyaları qriplə qarışdırmaq mümkündür: "Bu, yalnız dəqiq müayinə zamanı bilinir. Kəskin respirator virus infeksiyalarının 5-7 gün müddəti olur, allergiyada isə xəstə allergenlə kontaktda olduqda yenidən eyni halla rastlaşır. Soyuqdəymə preparatları qəbul etsə də, onların təsiri olmur. Hətta xüsusi kimyəvi tərkibli dərman qrupu var ki, xəstə onu qəbul etdiyi təqdirdə səhhəti pisləşir".
Gözün konyuktiva qişasının iltihablı xəstəliyi
Daha çox yayılan göz xəstəliyi gözün selikli qişasının iltihablı xəstəliyidir. Nizami Tibb Mərkəzinin həkim-oftalmoloqu Lamiyə Əliyeva deyir ki, mövsümi göz allergiyaları kəskin və xroniki növlərə bölünür: "Konyuktivitə daha çox yaz və payız mövsümündə rast gəlinir. O, mövsümi və daimi xarakterdə olur. İlboyu müşahidə olunan konyuktivitdən fəqli olaraq, mövsümi konyuktivitə əsasən baharda rast gəlinir. Bahar konyuktiviti daha ağırdır. Gözün ön seqmenti olan buynuz qişa da bu prosesə cəlb olunur".
L.Əliyeva bildirir ki, bu, daha çox oğlan uşaqlarında rast gəlinir: "Təxminən 15 yaşdan sonra xəstəliyin simptomları azalmağa başlayır. Simptomları göz qapaqlarında şişkinlik, qızartı, qaşınma və selikli ifrazatdır. Bu zaman insanlarda tez-tez gözlərini ovmaq istəyi, işığa qarşı həssaslıq yaranır. Xəstələrə gün eynəklərindən, tibbi maskalardan istifadə etmək tövsiyə olunur. Ümumi vəziyyətin yaxşılaşdırılması üçün müəyyən otlar və ya kimyəvi preparatlarla soyuq kompreslər, antihistamin sirop və həblər təyin olunur".
"Konyuktivitə yoluxmuş xəstələrə mümkün qədər gözlərinə toxunmamağı tövsiyə edirik. Hər dəfə gözü ovuşduranda yeni bir infeksiya keçirə bilərlər. Hətta mexaniki travma və astiqmatizm kimi daha ağır fəsadlar da yarana bilər. Gözü hər dəfə ovuşduranda onun ön hissəsində yerləşən buynuz qişa incəlməyə başlayır. Bu da gözün ön seqmentinin deformasiyasına və tədricən astiqmatizm yaranmasına səbəb olur. Buynuz qişanın formasını dəyişərək konusvari şəkil alması kertokonus deyilən ciddi bir xəstəliyə aparıb çıxara bilər. Xəstələr göz qapaqlarında ani yaranan qaşınma, qızartı və sulanma kimi diskomfort əlamətlərini gördükdə mütləq mütəxəssisə müraciət etməlidirlər", - deyə həkim-oftalmoloq bildirib.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"