29 ildir istismar olunan nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının ehtiyatları azalsa da, bu blokdan hasilat fasiləsiz və təhlükəsiz davam edir. Belə ki, cari ilin birinci yarısında AÇG-dən gündə orta hesabla 323 min barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton neft alınıb.
Hazırda AÇG müqavilə sahəsində "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ACE platformalarından hasilat əldə olunur. 1997-ci ilin noyabrında ilk quyudan alınmış hasilatdan başlayaraq bu il iyulun 1-nə qədər AÇG-dən təxminən 4,6 milyard bareldən artıq neft çıxarılıb.
Lakin AÇG-yə təbiətin səxavətli əli ilə başqa bir sərvət də verilib. Bu yataqların bolluca mavi yanacaq ehtiyatları da varmış! İndiyədək buradan təxminən 63 milyard kubmetr "Azəri-Çıraq-Günəşli" səmt qazı dövlətə təhvil verilib. BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyir: "Bu layihənin əhəmiyyətli xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, neftlə bərabər çıxan səmt qazı kommersiya qazı kimi nəzərdən keçirilmədi və müqavilədə tam olaraq Azərbaycan dövlətinə təhvil verilməsi şərti var. Bunun nəticəsində 63 milyard kubmetr qaz Azərbaycan dövlətinə təhvil verilib. Müqayisə etsək görərik ki, bu, ayrıca bir layihə həcmində əldə olunan qaz ehtiyatları qədərdir".
Qeyd edək ki, təkcə bu ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
AÇG-nin dərin laylarında bol-bol sərbəst qaz ehtiyatı da var. Odur ki, cari ilin iyun ayında sərbəst təbii qaz hasilatı əməliyyatlarının başlanması ilə blokun işlənməsinin yeni mərhələsinə start verildi.
İlk sərbəst təbii qaz hasilatı keçən il qazılmış və hazırda istismarda olan neft laylarının altında yerləşən iki prioritet sərbəst təbii qaz layını - daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk quyuda həyata keçirilir. Bu həmin quyudur ki, Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək-təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.
İlk sərbəst təbii qaz hasilatı əməliyyatı Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı, quyuda və lay dəstində sınaq işlərinin aparılması da həyata keçirilir. Qarşıdan gələn dövrlərdə bu quyudan hasil edilən qaz və kondensat mövcud AÇG infrastrukturu vasitəsilə neft-qaz işlənməsi sistemlərinə inteqrasiyası yolu ilə Səngəçal terminalına, oradan da mövcud ixrac infrastrukturu vasitəsilə bazarlara çatdırılacaq. B.Aslanbəylinin sözlərinə görə, artıq AÇG-dən xam neftlə bərabər kommersiya qazının da, sərbəst təbii qazın da ixracına nail olunacaq.
Xatırladaq ki, AÇG-nin çıxarıla bilən sərbəst təbii qaz ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür.
Flora SADIQLI,
"Azərbaycan"